Əmircanda bir qrup sakin niyə evlərindən çıxarıldı? - Foto
Bizi izləyin

Sosial

Əmircanda bir qrup sakin niyə evlərindən çıxarıldı? - Foto

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 10 A ünvanında yaşayan bir qrup sakin yaşadıqları evlərindən çıxarılıblar. Qeyri- yaşayış təyinatlı ərazidə illərdir sənədsiz yaşayan sakinlər çıxarılma barədə öncədən məlumatlı olmadıqlarını iddia ediblər.

Baş verənlər barədə Publika.az-a müraciət edən Oruc Şirinov deyib ki, 20 ildən çoxdur ki, sözügedən ərazidəki evlərdən birində yaşayıb: "Mən o vaxt evi Şahvələd adlı şəxsdən 5 min ABŞ dollarına aldım. Amma sonra məlum oldu ki, Nəriman Həsənov adlı şəxs təyinatı qeyri-yaşayış sahəsi olan bu ərazini vaxtilə icarəyə götürüb və hissə-hissə müəyyən şəxslərə satıb. Onlardan biri də Şahvələd olub. Ev 2 otaqlı və çox pis vəziyyət idi, zamanla oranı abadlaşdırdım, mənzil halına saldım, ətrafına başqa tikililər də əlavə etdim”.

Şikayətçi iddia edib ki, 2003-2004-cü illərdə Nərimanın torpaq satdığı şəxslər onu şikayət edib. Nəticədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq üstündə həbs olunub.

Nəriman isə amnistiyaya düşüb həbsdən çıxandan sonra ərazidə yaşayan sakinləri evlərindən çıxarıb, ora sahiblənmək istəyib.

“Halbuki əlində yalnız texniki pasport var idi. Mən və qonşularım Nərimanı məhkəməyə verdik. Məhkəmə qərarına görə, Nəriman ərazidən çıxarılacaq ailələrə təzminat ödəməlidir. Amma o heç bir ailəyə təzminat vermədi. Biz də aldığımız mənzildə yaşamağa davam etdik. 2012-ci ildə isə Nəriman bizi aldatmağa nail oldu, beləki, bəzi şəxslər gəlib sənədləşmə işlərinin aparılacağını dedilər, evi ölçdülər. Biz düşündük ki, nəhayət kupça veriləcək. Amma sən demə, bu vasitə ilə Nəriman ərazinin onun mülkiyyətində olması barədə sənəd əldə etdi. O vaxtdan indiyə kimi vaxtaşırı məhkəmə proseslərimiz olur. Sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin qərarı belə oldu ki, mən əvvəl aldığım 2 otaqdan çıxsam da öz tikdiyim yerdə qalıb yaşaya bilərəm. Amma bu gün evimizə gələn icra məmurları qərarı heçə sayıb məni öz tikdiyim evdən də çıxartdılar. Bütün əşyalarımız içəridədir, bizim isə gedəcək yerimiz yoxdur”,- deyə o, qeyd edib.


O.Şirinov onu da vurğulayıb ki, aprelin 3-də saxta çıxarışın alınması, aprelin 8-də isə təzminatın ödənilməsi ilə bağlı tərəflər arasında növbəti məhkəmə prosesləri keçiriləcək.

Sakin Sarvan Kərimov isə evi Yusif adlı şəxdən aldığını iddia edib: “Onda Yusifdən evin sənədini istədik. O da öz növbəsində məhkəmə prosesindən sonra sənədi həll edəcəyini demişdi. Sonralar öyrəndik ki, bu ərazi Yusifin deyil, Nərimanındır. Bir çox adama satıb, sadəcə 1 nəfərə 3 illik etibarnamə verib. İndi həmin adamı da bizim kimi qeyri-qanuni çıxarış əsasında evindən çıxarırlar. Nəriman bizim onun mülkini zəbt etdiyimizi deyir, halbuki özü illər əvvəl satıb, çıxıb gedib. Biz iddia qaldırmışıq, məhkəmə olacaq. O proses getdiyi halda bizi belə formada evdən çıxarmağı doğru deyil. Üstəlik də öncədən bizə heç bir bildiriş göndərilməyib”.

Şikayətçilərin vəkili Pürzə Əliyeva bildirib ki, həmin ərazi vaxtilə Geofizika Zavodunun ərazisində tikilmiş qeyri-yaşayış sahəsidir: "Qeyri-yaşayış sahəsi hazırda Nəriman Həsənov tərəfindən çörək sexi kimi istifadə olunan ərazi olub. Lakin onun həmin əraziyə mülkiyyətini təsdiqləyən heç bir sənədi mövcud olmayıb. 2003, 2004, 2005-ci illərdə müəyyən şəxslərə alqı-satqı olunub. Oruc bəy və digər şəxslər o zaman orada yaşamağa başlayıblar. Bir neçə il sonra Nəriman Həsənov ora mülkiyyətini təsdiq edən sənəd çıxarıb. Koordinatları ölçəndə onlara deyiblər ki, sizin evləri sənədləşdiririk. Şəxslər nəhayət sənədləşmə olacağına inanıblar. Əslində isə Nəriman Həsəniv Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edib onlar da öz növbəsində həmin vaxt şəxsləri əraziyə göndərib koordinatları təsdiqlədiblər. Yəni deməyim odur ki, bu şəxs şəxslər orada yaşaya-yaşaya ora mülkiyyətini təsdiq edən sənədi təsdiqlədib. Ona qədər o əraziyə onun mülkiyyət hüququ olmayıb".

Ərazidə çəkiliş aparılan zaman isə Nəriman Həsənov foto və videoların çəkilməsinə icazə verməyərək bu ərazinin sahibi olduğunu xatırladıb: “Buranın sahibi mənəm. Məsələ məhkəmədə həll olunub. İndiyə kimi bu insanlar qeyri-yaşayış sahəsini zəbt ediblər. Məhkəmə qətnaməsi olmasa, icra məmurları bura gəlməzdi. Onların buranı zəbt etməsinə icazə verməyəcəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm