Dünya
Bu ölkə "orta dövlətlər" alyansı yaradır: Məqsəd nədir?
Kanadanın Baş naziri Mark Karni qlobal dünya nizamının dağıldığı şəraitdə "orta dövlətlər" koalisiyasının formalaşdırılmasına çağırış edib. Təşəbbüs ticarət müharibəsi fonunda iqtisadi maraqların qorunmasına və super güc olmayan ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib. Məqsəd ABŞ-nin proteksionizmi və ticarət təzyiqindən qorunmaqdır. Blokun strategiyası ticarət əlaqələrinin diversifikasiyası və böyük dövlətlərin təsirindən kənarda maraqların müdafiəsi üçün alyansın formalaşdırılmasıdır.

Hindistan, Avstraliya və Yaponiyaya çağırış
Əksəriyyət hesab edir ki, bu çağırış ABŞ tərəfindən gələn ticarət çağırışlarına cavabdır və Kanadanın dəyişən geosiyasi şəraitdə beynəlxalq əməkdaşlığın yeni formalarını tapmaq istəyini əks etdirir. Avstraliyalı həmkarı Entoni Albanezi ilə görüşən Karni parlamentdəki çıxışında Hindistan, Avstraliya və Yaponiyaya müraciət edib. Bildirib ki, bu yeni koalisiyanın köməyi ilə ölkənin dünya arenasında mövqelərini möhkəmləndirmək və ABŞ-nin qeyri-sabit hakimiyyətindən asılılığı azaltmaq niyyətindədir.
Hər şey Davosdan başlayıb
Beynəlxalq arenanın böyük oyunçularından asılılığın azaldılması zərurəti barədə Karni ilk dəfə danışmır. Hər şey yanvar ayında Davosda - Dünya İqtisadi Forumunda başlayıb. O zaman Kanada hökumətinin başçısı təsirli bir çıxış edərək beynəlxalq münasibətlər sistemini tənzimləyən əvvəlki qaydaların artıq işləmədiyini qeyd edib. "Dünya hegemonlarının ağılsız davrandığı şəraitdə "orta dövlətlər" birləşməlidir. Bu, müstəqilliyi qorumağın və siyasi arenada çəkiyə malik olmağın yeganə imkanıdır”, - deyə Karni vurğulayıb. Bu fikirləri Baş nazir öz ölkəsindəki tribunalardan dəfələrlə təkrarlayaraq, ABŞ-yə istiqamətlənmə ilə bağlı olmayan yeni müstəqil xarici siyasət kursu təklif etməyə hazır olduğuna işarə edib. "Bəli, dünyanı həmişə böyük dövlətlər idarə edəcək. Lakin dünya bir-birinə etibar edən, sürətli və məqsədyönlü fəaliyyət göstərən orta güclü dövlətlər tərəfindən də formalaşdırıla bilər. Münaqişədən sonrakı dünyada etibar edilən ölkələr daha sürətli hərəkət edəcək, zamanın çağırışlarına daha effektiv cavab verəcək və nəticələrə nail olmaqda daha çox təşəbbüskarlıq göstərəcək. Nəticədə bu ölkələr daha təhlükəsiz və firavan olacaq", – Karni çıxışında deyib.

"Şərtləri diktə edən" hegemonlar
Əslində "böyük dövlətlər" və "orta dövlətlər"in dəqiq tərifi yoxdur. Kanada Baş naziri də heç vaxt birbaşa hansı ölkələri nəzərdə tutduğunu demir. Dinləyicilərinə yalnız təxmin etmək qalır ki, "şərtlər diktə edən" hegemonlar deyəndə Karni ilk növbədə ABŞ və Çini nəzərdə tutur. Böyük dövlətlərə ənənəvi olaraq BMT Təhlükəsizlik Şurasında daimi yerlərə malik Fransa, Rusiya və Böyük Britaniya da aiddir. “Orta dövlətlər” isə beynəlxalq arenada daha az nüfuzlu oyunçulardır. Bəziləri bu sırada, məsələn, Karninin səfər etdiyi Avstraliya, Hindistan və Yaponiyanı göstərirlər. Avropada isə "orta dövlətlərə" hansı dövlətlərin şamil edildiyi məlum deyil. 2025-ci ilin avqustunda Kanada hökumətinin başçısı NATO-dakı Avropa müttəfiqləri olan Almaniya, Polşa, Latviyaya səfər edib. Ola bilsin ki, bu dövlətlərə də gələcək koalisiyaya qoşulmaq təklif edilsin.
Karninin Hindistan baş naziri Narendra Modi ilə görüşü də məhsuldar olub, lakin yalnız iki ölkənin münasibətləri baxımından. Bu, Kanada və Hindistanın ən azı diplomatik münaqişə vəziyyətində olduğu mürəkkəb dövrün sona çatmasını simvolizə edir. Yaponiyada isə baş nazir energetika, aerokosmik sənaye, kənd təsərrüfatı sahələrində əməkdaşlığın gücləndirilməsinə diqqət yetirib.
Kanadanın siyasətindəki yeni vurğular
Karni "orta dövlətlər" koalisiyasından danışandan sonra Kanada siyasətində yeni vurğular meydana çıxıb. Bu, ölkənin cənub qonşusundan asılılığının xüsusilə böyük olduğu sahə olan müdafiəyə aiddir. Müttəfiqlərlə əməkdaşlığı gücləndirmə cəhdləri ilə yanaşı, Ottavada Avstraliya, Böyük Britaniya və ABŞ-nin daxil olduğu AUKUS müdafiə paktına qoşulmaqdan imtina edilib. Əvvəllər Kanada hökuməti bu birliyə böyük maraq göstərirdi. Şübhəsiz ki, kanadalıları planlarını dəyişdirməyə Donald Tramp administrasiyasının qeyri-sabit siyasəti məcbur edib.

Nəhayət, xarici siyasət əlaqələrinin gücləndirilməsi ilə yanaşı, Kanada hökuməti öz müdafiə sektorunu möhkəmləndirmək niyyətindədir və bu məqsədlə yeni hərbi sənaye strategiyasının reallaşdırılmasına 6,6 milyard dollar ayırıb. Rusiyalı politoloq Mariya Solyanova qeyd edib ki, bu, Kanada müdafiə sənayesinin əsas problemlərini həll etməyə yönəlmiş iddialı plandır.
Kanada həm də Avropadan kənarda Aİ-nin birgə müdafiə alışlarının güzəştli kreditləşdirmə mexanizminə qoşulan ilk dövlət olub. Kanada sənayesi üçün bu, yeni satış bazarlarına çıxış imkanı açır. "Bununla belə, bu qarşılıqlı fəaliyyətin real effektivliyi hələlik obyektiv amillərlə məhdudlaşır. Avropa istiqaməti miqyasına görə ABŞ bazarından əhəmiyyətli dərəcədə geri qalır. 2024-cü ildə müdafiə məhsullarının ABŞ-yə ixracı təxminən 1 milyard dollar təşkil edib, halbuki Almaniyaya göndərişlər ancaq 186 milyon dolları olub. Bundan əlavə, Aİ-də öz istehsalçılarından alışlara üstünlük verilməsi saxlanılır ki, bu da əlavə maneələr yaradır", – Solyanova qeyd edib.

Göründüyü kimi, Kanada ABŞ-nin təzyiqləri qarşılığında özünə yeni müttəfiqlər axtarır. Buna nail olmaq üçün isə irimiqyaslı fəaliyyətə keçib. Lakin bunun nə qədər effektli olacağı hələ ki, qeyri-müəyyəndir. ("Kaspi" qəzeti)
-
ABŞ14:35Tramp Obamanın İran siyasətini belə ələ saldı - Foto
-
Sosial14:10Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...
-
Yaxın Şərq14:00Türkiyə aviaşirkəti yüzə yaxın dənizçinin cəsədini İrana gətirdi
-
Nida Xəbər 13:00Ziyafət Əsgərov: "Top” Ermənistan tərəfindədir" - Müsahibə
-
Nida Xəbər 12:55Xeyli sayda hindistanlı İrandan Azərbaycana təxliyə olundu
-
Qarabağ 12:40Xanobaya ilk köç yola salındı
-
İdman12:20Trampdan məşhur rusiyalı idmançı ilə bağlı maraqlı təklif - Video
-
Maraq dünyası12:10Mina əleyhinə “ağıllı çəkmə” hazırlandı - Foto



































