Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...
Bizi izləyin

Sosial

Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...

Hazırda Azərbaycan cəmiyyətində boşanmadan sonrakı ən ciddi problemlərdən biri alimentlərin ödənilməməsidir. Bu problem yalnız şəxsi münasibətlərin bitməsi deyil, həm də qadın və uşağın sosial-iqtisadi vəziyyətinə ciddi təsir göstərir. Məhkəmələr aliment ödəmək barədə qərar çıxarsa da, qarşı tərəf bəzən ödənişdən boyun qaçırır və tətbiq olunan cəza mexanizmləri də hər zaman nəticə vermir.

Ədliyyə nazirinin müavini Toğrul Hüseynovun açıqlamasına görə, 2025-ci ildə Azərbaycanda aliment ödəməyən 2 344 nəfər həbs edilib. Həmin il icraatda 141 min aliment işi olub. Borclulardan 4 299-u haqqında inzibati xəta üzrə protokol tərtib olunub, 3 083 nəfər məhkəmələr tərəfindən inzibati tənbeh alıb. Nəticə göstərir ki, həbs, yaxud inzibati cəza çıxış yolu deyil. Bəs çıxış yolu nədir?

Aliment ödəyən əgər maaş almırsa...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin əməkdaşı Tural Hüseynzadə “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, aliment yalnız tərəflər arasında qarşılıqlı razılaşma olmadığı halda məhkəmə qərarı ilə ödənilir: “Alimentlə bağlı məhkəmə qərarı qüvvəyə mindikdən sonra, borclu tərəf ödənişi həyata keçirmirsə, ilkin olaraq icra məmuru xəbərdarlıq edir. Bu xəbərdarlıq bir ay ərzində verilir. Əgər borc bu müddət ərzində ödənilməzsə, şikayət olunur və borcluya yenidən xəbərdarlıq edilir. Xəbərdarlığa baxmayaraq, aliment yenə də ödənilmirsə, icra məmuru borclunun maaşına yönləndirmə edə bilər, yəni ödəniş avtomatik olaraq maaşından tutulur. Əgər maaşı yoxdursa, digər gəlirləri və ya əmlakı varsa, aliment həmin gəlirlərdən və əmlakdan tutulur. Buna baxmayaraq, aliment ödənməzsə, borclu İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi üzrə cərimələnə bilər. Fiziki şəxslər üçün cərimə məbləği 500-1000 manat arasında dəyişir”.

“Bir tikə çörəyiniz varsa, yarısını uşağa verməlisiniz”

Mütəxəssis bildirir ki, cərimələr adətən rəsmi iş yeri olmayan və kifayət qədər gəliri olan şəxslərə tətbiq edilir: “Aliment ödəməli olan şəxs aşağı maaşı alsa da, hətta əlilliyi olsa belə, qanunla müəyyən olunmuş hissəni mütləq uşağa verməlidir. Bu, onun borcudur, çünki böyüyün hüququ ilə uşağın hüququ kəsişdikdə, uşağın mənafeyi üstün tutulur. Yəni borclu tərəf bir tikə çörək əldə edə bilirsə, həmin çörəyin müəyyən hissəsini aliment kimi uşağa verməlidir. Aliment ödəmək iqtidarında olan, amma qərəzli şəkildə icra məmurunun tələblərini yerinə yetirməyən şəxs məsuliyyətə cəlb olunur”.

“Bəhanələr ən böyük problemdir”

Qurum rəsmisi bildirir ki, alimenti ödəyə bilməyənlər, buna imkanı olmayanlar əslində çox deyil. Problem odur ki, boşananların əksəriyyəti alimenti qəsdən ödəmək istəmir: “Borcluların bəziləri düşünür ki, ödədiyi pul keçmiş həyat yoldaşı tərəfindən istifadə olunacaq. Alimenti ödəyən valideyn pulun bir hissəsini uşağın bank hesabına köçürə və 18 yaşdan sonra uşaq tərəfindən istifadə olunmasını təmin edə bilər. Həmçinin alimenti ödəyən tərəf valideyndən alimentin uşağa necə xərcləndiyi barədə hesabat tələb edə bilər. Müraciətlərin çoxunda görünür ki, borclu tərəfin gəlirləri var, lakin rəsmi iş yeri olmadığından aliment məbləği maaşdan avtomatik tutulmur. Borclunun ödəmək imkanları olmasına baxmayaraq, qəsdən boyun qaçırması və bəhanələr gətirməsi ən böyük problemdir. Bu zaman qanunun sərt tədbirləri ön plana çıxır”.

“Uşağın sosial təminatı davamlı olmalıdır”

Lakin yuxarıda da qeyd etdiyimiz kimi, dövlət cəza tədbirlərini görür, borclu məsuliyyətə cəlb edilir, nəticədə alimentini ödəmir. Mütəxəssis vurğulayır ki, bunun həll yollarını, beynəlxalq təcrübədə müsbət nümunələri araşdırırlar: “Məsələn, bəzi ölkələrdə borclu cəzaçəkmə müəssisəsinə göndərildikdə, onun cəza müddətində aliment dövlət tərəfindən ödənilir. Daha sonra müəssisədən çıxanda, dövlət onu məcburi əməyə cəlb etməklə, ödədiyi məbləği borcludan alır. Yaxud vətəndaş aliment öhdəliyini ödəyə bilmədikdə və ya boyun qaçırdıqda, ödənişi müvafiq dövlət fondu həyata keçirir. Bu halda vətəndaş artıq şəxsə deyil, dövlətə borclu olur. Borclu şəxs bunu ödəmədikdə, notarial əməliyyatlar və digər hüquqi hərəkətlər zamanı məhdudiyyətlərlə üzləşir. Azərbaycanda isə borclunun məsuliyyətdən boyun qaçırması ilə bağlı inzibati və cinayət tərkibli cəzalar nəzərdə tutulsa da, yenə də Ailə Məcəlləsi göstərir ki, uşağın sosial təminatı davamlı olmalıdır. Yəni uşağa aliment ödəmək iqtidarında olan valideyn onu verə bilmir və ya boyun qaçırırsa, bu, uşağın problemi deyil. Dövlət nəzarətini gücləndirməlidir ki, uşaqların aliment hüququ davamlı qorunsun”.

“Aliment ödəyiciləri faktiki iş yerlərindən ayrılırlar”

Hüquqşünas Şəbnəm Mirələmli deyir ki, aliment məsələsi dövlət nəzarətindədir. Uşağın maraqlarının təmin edilməsi dövlətin əsas prioritetlərindən biri olduğuna görə ər və arvad arasında məhkəmə mübahisəsi davam etdiyi dövrdə də uşağa aliment ödənilməsi ilə bağlı Ailə Məcəlləsində müvafiq imkanlar mövcuddur. Təcrübədə tərəflər arasında məhkəmə mübahisələri adətən 3-4 ay müddətində davam edir. Bu müddət ərzində uşağın maraqları həm maddi, həm də prosessual hüquq normaları ilə qorunur. Alimentin tutulmasına dair məhkəmə qərarları dərhal icra olunmalıdır. Aliment ödəyicisi tərəfindən alimentin ödənilməsi qərəzli şəkildə gecikdirildikdə və ya ümumiyyətlə ödənilmədikdə, cərimə və ya bir ayadək müddətə inzibati həbs tətbiq edə bilər”.

Hüquqşünas bildirir ki, təcrübədə aliment ödəyiciləri faktiki iş yerlərindən ayrılaraq uydurma əmək müqaviləsi bağlayırlar: “Bunun nəticəsində qanunla müəyyən edilmiş qaydada əməkhaqqından tutulmalı olan məbləğ uydurma əmək müqaviləsində göstərilən daha aşağı əmək haqqı əsasında hesablanır. Bu isə aliment öhdəliyinin faktiki daha az məbləğdə icra olunmasına səbəb olur. Lakin qeyd edilməlidir ki, belə hallara təcrübədə nisbətən az, təxminən hər on işdən birində rast gəlinir”. ("Kaspi" qzəeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm