AKP-li deputatdan Ermənistana və beynəlxalq təşkilatlara XƏBƏRDARLIQ - ÖZƏL
Bizi izləyin

Dünya

AKP-li deputatdan Ermənistana və beynəlxalq təşkilatlara XƏBƏRDARLIQ - ÖZƏL

Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı Mustafa Kabaqçı noyabrın 22-də Ankara Universitetində Hrant Dink Fondunun təşkilatçılığı ilə keçirilən "Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi" adlı konfransla bağlı məsələyə münasibət bildirib.

TBMM-nin deputatı M.Kabaqçı Publika.az-a açıqlamasında deyib ki, Ermənistan sərhədlərinin açılması məsələsi ilə bağlı AKP hökumətinin Azərbaycana verdiyi sözdə hər hansı dəyişiklik olmayıb.

Onun sözlərinə görə, Türkiyə-Ermənistan sərhədlərinin bağlanılması ilə bağlı səbəblər ortadadır: “Bu səbəblərdən biri də Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsidir. Bu səbəb aradan qalxmadan, Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkün deyil. Türkiyə hər zaman Cənubi Qafqazda sülhün və sabitliyin qorunub saxlanılmasına tərəfdardır. Ancaq ortada hər hansı haqsızlıq və işğalçılıq varsa, o zaman bu işğala göz yummağımız mümkün deyil. Bütün bu səbəblər aradan qalxmadan, Türkiyə dövlətinin və AKP hökumətinin Ermənistan ilə sərhədlərini açmaqla bağlı heç bir istəyi və ya marağı ola bilməz”.

AKP üzvü qeyd edib ki, Türkiyə demokratik ölkə olduğu üçün, burada istənilən adam sərbəst toplantı keçirə və ya istədiyi fikirləri söyləyə bilər: “Amma Ermənistan ilə sərhədlərinin açılması ilə bağlı Türkiyə dövlətinin və AKP hökumətinin siyasi “yol xəritəsi” var və bununla bağlı da hər hansı dəyişiklik müzakirə mövzusu deyil. Buna tam əmin olun ki, Azərbaycana qarşı işğalçılıq siyasəti başa çatmadan, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi müzakirə mövzusu deyil. Yəni, bu barədə Türkiyə siyasətində hər hansı dəyişiklik mümkün deyil. Mən buna çox təəssüf edirəm ki, zaman-zaman Azərbaycan ictimaiyyəti bu cür məsələlərlə bağlı Türkiyə dövlətinin siyasətinə nədənsə şübhə ilə yanaşır. Bu, Azərbaycan-Türkiyə qardaşlığına da yaraşmayan hərəkətdir. Buna da əmin olun ki, Azərbaycanın problemi, bizim problemimizdir. Yəni, bu məsələ bu qədər bizim üçün əhəmiyyətlidir”.

Noyabrın 12-də Ağdam rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərinə hücum edən Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mi-24” tipli hərbi hücum helikopterinin Azərbaycan hərbçiləri tərəfindən məhv edilməsi məsələsinə də toxunan M.Kabaqçı deyib ki, Azərbaycan tərəfi bu addımı beynəlxalq hüququn tələblərinə tam uyğun olaraq atıb: “Buna görə heç kəs Azərbaycanı qınaya bilməz. Türkiyə hökumətinin də bu məsələ ilə bağlı mövqeyi çox açıqdır. Dünyada beynəlxalq hüququn tələbləri var. Beynəlxalq hüquq da deyir ki, quru sərhədlərini və ya hava məkanını icazəsiz olaraq keçmək günahdır. Əgər xəbərdarlığa əməl olunmursa, o zaman həmin helikopter və ya təyyarə vurulur. Bu, beynəlxalq hüququn tələbidir. Zaman-zaman Türkiyə ilə Suriya və Yunanıstan arasında da oxşar hadisələr baş verib. Hətta, buna görə vurulan təyyarələrimiz olub. Yəni, buna görə ermənilərin işğal etdiyi ərazilər bir yana, üstəlik həmin ərazilərin hava məkanını pozaraq, orada hərbi uçuşlar aparması və bu zaman helikopterinin vurulması məsələsini qalxıb dünyaya bəyan etməsinin özü günahlarının etirafıdır. Harada yazılıb ki, sən başqasının torpaqlarında hərbi uçuşlar apar, oradakı insanların həyatına təhlükələr yarat, ancaq qarşı tərəf də sənə qarşı heç bir tədbir görməsin və sussun? Dünyanın heç bir yerində belə hal yoxdur və ola da bilməz. Bu baxımdan da Azərbaycanın erməni hərbi helikopterini vurması beynəlxalq hüququn tələblərinə tam uyğundur. Dünya birliyi, o cümlədən BMT, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar da bu məsələyə görə Ermənistanı qınamalıdırlar. Çünki regionda davam edən bu münaqişənin bir səbəbkarı var, o da Ermənistandır. Azərbaycan torpaqlarının işğal olunması ilə bağlı BMT-nin də qərarları var, bunun icrası olmalıdır və işğal edilmiş torpaqlar azad olunmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm