“Eurovision“ insidentləri - ARAŞDIRMA
Bizi izləyin

Dünya

“Eurovision“ insidentləri - ARAŞDIRMA

"Eurovision" (ingiliscə Eurovision Song Contest, fransızca Concours Eurovision de la chanson) — Avropa Yayımları Birliyinə (EBU) daxil olan ölkələr arasında hər il keçirilən estrada mahnı müsabiqəsidir. Müsabiqə çərçivəsində ərsəyə gələn əqli mülkiyyətin sahibi də Avropa Yayımları Birliyidir.


Müsabiqədə bu birliyə daxil olan ölkələrin hər birini yalnız bir iştirakçı (tək ifaçı, yaxud sayı altı nəfərdən çox olmayan kollektiv) təmsil edə və xronometrajı üç dəqiqədən çox olmayan mahnı ifa edə bilər. Bunun üçün həmin ölkə əvvəlcədən Avropa Yayımları Birliyinə müraciət etməlidir.

Festival birbaşa yayım rejimində keçirilir. Bütün iştirakçıların çıxışından sonra yarımfinal və finalda çıxış edən ölkələrin iştirakı ilə daha populyar mahnı teletamaşaçıların və ya münsiflər heyətinin səsverməsi yolu ilə seçilir.1956-cı ildən bəri hər il keçirilən və 600 milyon nəfərlik tamaşaçı auditoriyasına malik olan müsabiqə ən populyar qeyri-idman tədbiri kimi tanınır.

"Eurovision" müsabiqədə iştirak etməyən ölkələrdə də yayımlanır, məsələn, Qazaxıstan, Qırğızıstan, Hindistan, Livan, Cənubi Koreya, Cənubi Afrika, ABŞ və s. 2000-ci ildən başlayaraq müsabiqə davamlı şəkildə İnternetdə də yayımlanır. 2006-cı ildə onlayn-yayımı 74 min,"Eurovision"-2008-in birbaşa yayımını isə 400 milyon musiqisevər izləmişdi.

Təbii ki,"Eurovision" mahnı yarışması orda iştirak edən ifaçıların məşhurlaşmasına müəyyən mənada təsir edib. Məsələn, 1974-cü ildə"ABBA" kvarteti (İsveç), 1988-ci ildə Selin Dion (İsveçrə) bu müsabiqədə uğurla iştirak edəndən sonra dünya miqyasında tanındılar. Amma mükəmməl musiqiçilər üçün"Eurovision" geniş tamaşaçı kütləsi toplamaqdan ötrü həlledici yox, yalnız vasitəçi mərhələlərdən biri kimi nəzərdən keçirilməlidir.

Tarix

Avropa Yayımları Birliyinin üzvləri ötən əsrin əllinci illərinin ortalarında Avropa ölkələrinin mədəni birliyinə xidmət edəcək baxımlı əyləncə proqramını yaratmaq ideyası ilə çıxış etdilər. 1955-ci ilin yanvarında İsveçrə televiziyasının baş direktoru Marsel Bezanson Avropanın ən yaxşı mahnısını müəyyənləşdirən beynəlxalq mahnı müsabiqəsi keçirməyi təklif etdi.İdeya 1955-ci il oktyabrın 19-da Romada, Avropa Yayımları Birliyinin Baş Assambleyasında bəyənildi.

Yeni yarışmaya nümunə kimi San-Remo (İtaliya) festivalı götürüldü. Müsabiqənin rəsmi şəkildə bəyan edilmiş məramı belə ifadə olunurdu:"Eurovision" mahnı müsabiqəsi ondan ötrü təşkil edilir ki, müəlliflər və müğənnilər arasında müsabiqə vasitəsilə və onların yaradıcılığının beynəlxalq səviyyədə müqayisə edilməsi yolu ilə pop musiqi janrında istedadlı və orijinal mahnıların meydana gəlməsinə şərait yaradılsın.

İlkin adı"Eurovision Qran-prisi" olan müsabiqə 1956-cı il mayın 24-də İsveçrənin Luqano şəhərində baş tutdu. Cəmisi yeddi ölkənin qatıldığı i həmin yarışda birinci və axırıncı dəfə hər ölkə iki mahnısını dinləyicilərin ixtiyarına verdi.

Vaxt ötdükcə mahnı yarışında iştirak etmək istəyənlərin sayı artdı və onların eyni vaxtda çıxışı çətinləşdi. Onda təşkilatçılar ən zəif nəticə göstərmiş ölkələri müsabiqədən kənarlaşdırmaq qərarı qəbul etdilər. 2004-cü ildə müsabiqə yarımfinal və final mərhələlərinə bölündü. 2008-ci ildən isə müsabiqə iki yarımfinalda keçirilir.

Pop musiqisi janrına ən çox töhfə vermiş İrlandiya təmsilçiləri düz yeddi dəfə qalib oldular. Ondan sonrakı sırada İngiltərə, Fransa və Lüksemburq (hər biri 5 qələbə), İsveç (4 qələbə), Norveç və İsrail (hər biri 3 qələbə) gəlir.

Müsabiqənin adı Avropa Yayımları Birliyinə məxsus teleproqramların yayım şəbəkəsi olan Eurovisonun adından götürülüb. Eurovisionla yayımlanan proqramlar arasında ən çox tamaşaçı topladığına görə müsabiqəni də sadəcə"Eurovision" adlandırırlar.

İştirakçı ölkələr

Avropa Yayımları Birliyinə üzv olan hər bir ölkə, coğrafi mövqeyinə görə Avropa qitəsində yerləşib-yerləşməməyindən asılı olmayaraq müsabiqədə yarışa bilər. Bu hüquqdan, məsələn, Şimali Afrika dövləti olan Mərakeş də istifadə edib. Digər qeyri-Avropa ölkələrinə Asiya qitəsində yerləşən İsraili, qismən Avropa və Asiyaya aid olan Cənubi Qafqaz dövlətləri Azərbaycan, Gürcüstan və Ermənistanı, Rusiya, Türkiyə və Kipri də misal göstərmək olar. Yaxın Şərq dövləti olan Livan isə müsabiqədə iştirak etmək hüququna malik olsa da, İsraillə siyasi qarşıdurmaları səbəbindən bu imkandan imtina edib.

Ayrı-ayrı vaxtlarda müxtəlif səbəblərdən Andorra, Lüksemburq, Mərakeş, Monako, Çexiya, İtaliya müsabiqəni boykot edib. 2011-ci ildə İtaliya boykotu dayandırdı.

Son illər "Eurovision"a qatılmaqdan Monako (Şərqi Avropa ölkələrinin sıxışdırılmasını səbəb göstərərək), vaxtilə Çexiya (iştirakçılarının qiymətləndirilməsindən razı qalmamışdı), artıq uzun müddətdir ki, Mərakeş (İsrailin müsabiqədə iştirakına görə), 2009-cu ildə Gürcüstan ("Eurovision"a Rusiyanın ev sahibliyi etməsi arqument göstərilirdi) müsabiqəyə qatılmadılar.

Müxtəlif illərdə bəzi ölkələr maddi sıxıntı üzündən"Eurovision"a iştirakçı göndərə bilməyiblər.
Avropa Yayımları Birliyinə üzv olan daha səkkiz ölkə hələlik "Eurovision"da iştirak etmək hüququndan yararlanmayıb: Əlcəzair, Vatikan, İordaniya, Liviya, Lixtenşteyn, Tunis, Misir. 2005-ci ildə Livan iştirak niyyəti haqqında ərizə versə də, İsrailə görə qərarından vaz keçmişdi. Avropa Yayım Şurasına üzv olmaq və gələcəkdə "Eurovision"da iştirak etmək şansına Fələstin, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri (təqdir edilmiş dövlətlər statusundadırlar), eləcə də Kosovo, Qətər (gözləmə mövqeyi ayrılmış ölkələr) malikdir.

Rekordçular

"Eurovision"un qalibi olmaqda İrlandiyanın rekordunu hələ heç bir ölkə təkrarlamayıb. Bu şimal ölkəsi 1992-1994-cü illər arasında ardıcıl olaraq üç dəfə qalib olmaqla yeddi dəfə birinci yerə çıxıb. Fransa, Lüksemburq və Böyük Britaniya beş dəfə"Eurovision"a ev sahibliyi edib.

Mahnı yarışmasının keçirildiyi ilk dövrlərdə qalibiyyət açarı Eurovisionun ənənəvi ölkələrinin – Fransa, Niderland, Lüksemburq - əllərindən verməyiblər. Lakin son on illər bu ölkələrin heç biri qalib adını qazana bilmir. Niderland sonuncu dəfə 1975-ci ildə, Fransa 1977-ci ildə, Lüksemburq 1983-cü ildə birinci yerə çıxıb.
Yeri gəlmişkən, Lüksemburq sonuncu dəfə"Eurovision"da 1993-cü ildə iştirak edib. Almaniya isə qalib adını yalnız 2010-cu ildə qazanıb.

XXI yüzilliyin ilk illəri əvvəllər ilk üçlüyə düşə bilməyən həm "yeni" ölkələr, həm də "Eurovision"un stajlı iştirakçıları üçün düşərli oldu. 45 illik iştirakdan sonra Finlandiya nəhayət ki, 2006-cı ildə birinci yerə çıxa bildi. 2010-cu ilə qədər aparılan araşdırmalara görə qələbəyə ən çox həsrət qalan ölkə Portuqaliyadı.

Rekordçu iştirakçılar

"Eurovision" qaliblərinin topladığı səslərə görə nisbi rekord (79%) və mütləq üstünlük (387 xal) 2009-cu ildə Moskvada Norveçi təmsil edən əslən belaruslu ifaçı və bəstəkar Aleksandr Rıbaka məxsusdu. Müsabiqənin ən gənc qalibi 1986-cı ildə Belçikanı təmsil edən 13 yaşlı ifaçı Sandra Kimdi. Yeni yüzilliyin ən gənc "Eurovision" qalibi isə 2010-cu ildə Norveçdə baş tutan müsabiqədə Almaniyaya ilk qələbə bəxş edən 19 yaşlı Lena Mayer-Lahdrutdu.
Yarışmada qələbə qazanmış ən yaşlı iştirakçı isə 50 yaşlı estoniyalı ifaçı Deyv Bentondu.

Musiqi üslubu

Formal olaraq"Eurovision"a təqdim olunan musiqiyə heç bir məhdudiyyət qoyulmur, janrın seçimi ifaçının və seçim prosesinə cavabdeh təşkilatın öhdəsinə buraxılır. Yeganə məhdudiyyət mahnı mətnlərində senzuradan kənar ifadələrin, siyasi çağırışların və buna bənzər ifadə tərzlərinin olmasına qoyulur.

Lakin ötən illər ərzində müsabiqənin məxsusi "formatı" yaranıb və səs verən tamaşaçıların zövqü nəzərə alınaraq bu formata uyğun mahnılar yazılır. Əksər hallarda iştirakçılar pop musiqisi, caz, ya da xalq musiqisinin estrada tərzində olan işləməsini ifa edirlər. Lakin son vaxtlar bu formatda olmayan üslublarda çıxış edən ifaçıların çoxluğu müşahidə olunur.

Tənqid və insidentlər

"Eurovision" mahnı müsabiqəsi daha çox səsvermə sisteminə və bu zaman əsas götürülən qonşuluq prinsipinə görə tənqidə məruz qalır. Müsabiqənin nüfuzu bəzi ölkələrdə sual altında qalmaqdadır. Məsələn, Böyük Britaniyada Terri Voqanın sarkastik şəphləri sayəsində"Eurovision" zarafat janrının bir nümunəsi kimi təqdim edilir. İtaliyanlar üçün isə müsabiqənin önəmi o qədər aşağı düşüb ki, müxtəlif vaxtlarda bir neçə illiyə onu boykot ediblər.
Şərqi və Cənubi Avropa ölkələri isə"Eurovision"a ölkələrini və mədəniyyətlərini tanıtmaq üçün ən yaxşı şanslardan biri kimi baxırlar.

Müxtəlif illərdə müsabiqədə plagiat, satınalma və digər iddialarla qalmaqallar, həmçinin insidentlər baş verib. İki dəfə iştirakçıların çıxışları straykerlərin hücumuna məruz qalıb: 1964-cü ildə Danimarka müsabiqəyə ev sahibliyi edəndə bir nəfər əlində "Rədd olsun Franko və Salazara!" sözləri yazılmış plakat səhnəyə çıxaraq o vaxt İspaniya və Portuqaliyada adları çəkilən liderlərin diktator rejiminə etiraz bildirilmişdi.

2010-cu ildə Norveçdə keçirilən müsabiqənin finalında İspaniyanı təmsil edən iştirakçının çıxışı məşhur strayker Cimmi Camp tərəfindən pozulmuşdu: çıxışın ortasında o, əynində qara futbolka və başında qırmızı Kataloniya barretina-papaq səhnəyə atılaraq ifaçı qrupun qarşısında, solistlə üzbəüz dayanaraq gülümsəyə-gülümsəyə əllərini yelləmişdi. Bundan sonra müsabiqə təşkilatçıları ilk dəfə həmin iştirakçıya təkrar çıxış etmək imkanı yaratmışdılar.

Mahnılara qoyulan tələblər

"Eurovision"da ifa olunacaq mahnı əvvəlki ilin 1 sentyabr tarixinədək ifa edilməmiş bəstə olmalıdır. Mahnının xronometrajı isə 3 dəqiqəni keçməməlidir.
İfaçılardan canlı oxumaq tələb olunur. Yalnız"minusovka"nın, yəni bek-vokalsız müşayiətin lent yazısından istifadə etməyə icazə verilir.

Mahnının mətni istənilən dildə ola bilər. Bu qayda 1999-cu ildən qüvvədədir. 1956-cı ildən 1972-ci ilədək və 1977-ci ildən 1998-ci ilədək iştirakçı ölkə mütləq öz ölkəsinin dövlət dilində yazılmış sözlərə bəstələnmiş mahnı ifa etməli idi.

İştirakçılara qoyulan tələblər

"Eurovision" iştirakçısı olmağa iddialı şəxsin yaşı 16-dan aşağı ola bilməz. Yaşı bundan az olanlar üçün"Eurovision"mahnı yarışması mövcuddur.

İstənilən ifaçı istənilən ölkəni təmsil edə bilər, hətta həmin ölkənin vətəndaşı olmasa da.
İştirakçılara səhnədə və Avropa evində ədəbsiz görkəmdə görünmək və təxribat xarakterli hərəkətlərə yol vermək qadağandır.

"Eurovision" qalibi Avropa Yayım Şurası ilə nəzərdə tutulmuş bütün tədbirlərdə iştirak etmək haqqında müqavilə bağlayır.

"Eurovision"un Azərbaycan səhifəsi

Bakı bu ilin mayında keçmiş SSRİ paytaxtları arasında Tallinn (2002), Riqa (2003), Kiyev (2005), Moskvadan (2009) sonra"Eurovision"a ev sahibliyi etməyə hazırlaşan beşinci şəhər olacaq.

Azərbaycanın bu layihədə iştirakının ilk mərhələsi 2006-cı ildə Afinada keçirilən mahnı yarışmasını yayımlamaqla başlayıb. 2007-ci ilin iyul ayında ölkəmiz İctimai Televiziya və Radio Yaymları Şirkətinin timsalında Avropa Yayımları Birliyinə qəbul olunub. Həmin ildən Azərbaycan "Eurovision" mahnı müsabiqəsi layihəsinə iştirakçı ölkə kimi qoşulub.

Samirə Behbudqızı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm