Dünyanın ən hündür körpüsü: zaman fərqi 2 dəqiqəyə endi - FOTO
Bizi izləyin

Dünya

Dünyanın ən hündür körpüsü: zaman fərqi 2 dəqiqəyə endi - FOTO

Çinin cənub-qərbindəki Quycou əyalətində inşa edilən yeni körpü mühəndisliyin sərhədlərini aşaraq dünya rekorduna imza atdı.

Publika.az xəbər verir ki, üç il ərzində tikilən bu nəhəng qurğu Beypan çayının üzərində, Huacin Böyük kanyonunda yerləşir və çay səviyyəsindən tam 625 metr yüksəklikdədir. Bu, San-Fransiskodakı “Qızıl qapı” körpüsündən 9 dəfə, Eyfel qülləsindən isə 2 dəfə hündür deməkdir.

Körpü sayəsində kanyonun iki tərəfi arasında səyahət vaxtı 2 saatdan cəmi 2 dəqiqəyə enib. Ümumi uzunluğu 2890 metr olan bu möhtəşəm körpünün asma hissəsi 1420 metrdir və o, dağlıq ərazidə tikilmiş ən uzun asma körpü statusunu da qazanıb.

Maraqlısı odur ki, dünyanın ən hündür körpülərindən biri də elə bu əyalətdə yerləşir — Beypancian körpüsü Beypan çayının üzərində 565,4 metr yüksəklikdədir və Ginnesin Rekordlar Kitabına düşüb.

Quycou əyaləti dağlıq relyefinə baxmayaraq, 30 mindən çox körpüyə ev sahibliyi edir. Onlardan 3-ü dünyanın ən hündür körpüləri sırasındadır. Ümumilikdə, dünyadakı ən hündür 100 körpünün yarısı məhz bu bölgədə yerləşir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm