Azərbaycanda qoyun-quzu yoxa çıxır – Bir neçə il sonra ət tapılmayacaq
Bizi izləyin

Dünya

Azərbaycanda qoyun-quzu yoxa çıxır – Bir neçə il sonra ət tapılmayacaq

Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2021-ci ilin yanvarında 8 milyon 89,7 min baş qoyun və keçi olduğu halda, 2025-ci ilin oktyabrında bu göstərici 6 milyon 763,7 min başa enib ki, bu da 1 milyon 326 min baş və ya 16,4 faiz azalma deməkdir. 2025-cü ilin ilk 10 ayında ölkəyə idxal edilən dondurulmuş qoyun ətinin həcmi isə 291,16 tona yüksəlib, bu da illik müqayisədə 65 faiz artımdır.

Hətta vəziyyət o yerə çatıb ki, oktyabrdan etibarən Azərbaycana Somalidən də 46,5 ton dondurulmuş qoyun əti gətirilib.

Azərbaycanda xırdabuynuzlu heyvanların sayının bu qədər azalmasında səbəb nədir?

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli Publika.az-a açıqlamasında sözügedən problemin əsas səbəblərindən danışdı.

Onun sözlərinə görə, bu problemin başlıca səbəbi ölkəmizdə yem bazasının olmamasıdır:

"Hər il ölkəyə təxminən 240-250 min baş xırdabuynuzlu heyvan kəsim üçün gətirilir. Deməli, Azərbaycanda ətə tələbat var. Tələbat çox, qiymətlər də yüksək olduğu halda kəndlilər heyvandarlıq sahəsindən uzaqlaşırlar. Halbuki, kəndli üçün ən gəlirli qazanc yeri məhz bu sahədir. Həmçinin, xırdabuynuzlu heyvanlardan qısa müddətdə daha çox qazanc əldə etmək olur. Lakin kəndli indiki dövrdə bu sahəyə maraq göstərmir. Bu problemin əsas səbəbi yem bazasının zəifliyidir.

Əvvəllər Azərbaycanda 2 milyon 400 min hektar örüş və təbii biçənək sahəsi var idi. Son 15 ildə isə bu sahələr azalıb, məhsuldarlıq aşağı düşüb. Bu səbəbdən də heyvanlar arıqlayır, zəifləyir, xəstəliklər artır. Əvvəl bir heyvanda bir günə əldə edilən çəki, artıq üç günə əldə edilir. Bütün bunlar da kəndlilər üçün heyvandarlığın cazibədarlığını azaldır. Kəndlilər məcburiyyət qarşısında heyvanlarını kəsimə verir, ya da satırlar".

Ekspert qeyd etdi ki, Azərbaycanda ancaq örüş sahələrinin yenidən canlanlandırılması, suvarma, otarma, toxum səpini və gübrələmə sisteminin qurulması halında bu sahədə məhsuldarlıq arta bilər:

"Ölkədə örüş sahələri bələdiyyələrə təhvil verilib və bu proseslər onlar tərəfindən həyata keçirilməlidir. Lakin bələdiyyələr bunun əvəzinə torpaqları qanunsuz şəkildə satırlar. Sahələr məmurlar, imkanlı şəxslər tərəfindən mənimsənilir, özününküləşdirilir. Halbuki bu ərazilər kəndlilər üçün ictimai istifadəyə verilməlidir.

Əgər bu problemlər aradan qaldırılmasa, ölkədə heyvandarlıq daha da geriləyəcək və xarici ölkələrdən asılılığımız artacaq. Bu da əlbəttə ət qiymətlərinin daha da bahalaşmasına səbəb olacaq. Digər bir məqam isə sağlamlığımıza ziyan vuracaq ciddi təhlükələrdir. Belə ki, artıq bazarda dondurulmuş, mənşəyi bəlli olmayan, keyfiyyətsiz ət məhsulları artır. Bəzi hallarda xəstə və ya ölü heyvanların ətləri də satışa çıxarılır. Hazırki vəziyyətin davam edəcəyi təqdirdə, biz məcburi şəkildə məhz bu məhsullardan asılı olacağıq".

Roza Şəfiyeva

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" istiqaməti üzrə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm