Ankaraya qarşı üçlü ittifaq: İmzalar atıldı, mesaj türk dilində verildi
Bizi izləyin

Dünya

Ankaraya qarşı üçlü ittifaq: İmzalar atıldı, mesaj türk dilində verildi

İsrail, Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası (GKRY) Şərqi Aralıq dənizində Türkiyənin artan hərbi və strateji təsirinə qarşı yeni üçtərəfli hərbi əməkdaşlıq razılaşması imzalayıb.

Publika.az xəbər verir ki, razılaşma dekabrın 22-də İsrailin Baş naziri Benyamin Netanyahu, Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis və Cənubi Kipr lideri Nikos Xristodulidisin iştirakı ilə keçirilən görüş çərçivəsində əldə olunub.

Tərəflər bölgədə birgə hərəkət ediləcəyinə dair açıq mesaj veriblər. İsrail Müdafiə Qüvvələrinin (IDF) türk dilində sosial media paylaşımı razılaşmanın imzalandığını təsdiqləyib. Yunan mətbuatı bu addımı “Ankaraya ünvanlanan şüurlu mesaj” kimi qiymətləndirib.

Açıqlamaya əsasən, əməkdaşlıq planı birgə hərbi təlimləri, hazırlıq fəaliyyətlərini, işçi qruplarını və strateji hərbi dialoqu əhatə edir. İsrail və Yunanıstan mediası isə bu texniki çərçivənin arxasında duran əsas səbəbin Türkiyəyə qarşı Şərqi Aralıq dənizində ittifaq qurmaq olduğunu yazır.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin komandanı Tomer Barın yunan və kiprli həmkarları ilə keçirdiyi görüşlərdə Türkiyənin hava və dəniz məkanındakı təsirinin məhdudlaşdırılması müzakirə olunub.

Yunan mətbuatı üçtərəfli mexanizmi açıq şəkildə “Türkiyəyə qarşı çəkindirmə qalxanı” adlandırır. Xüsusilə Türkiyənin “Mavi Vətən” doktrinası çərçivəsində həyata keçirdiyi fəaliyyətlərin Afina və Cənubi Kipri daha sıx əməkdaşlığa sövq etdiyi bildirilir.

“OneTV”-nin məlumatına görə, razılaşma ABŞ-ın dəstəyi ilə 3+1 formatında irəliləyir və təxminən 2 500 nəfərlik sürətli müdaxilə qüvvəsi, eləcə də F-35 döyüş təyyarələrinin bu çərçivəyə daxil edilməsi nəzərdə tutulur.

Ekspertlərə görə, bütün bu planlamaların mərkəzində Türkiyənin bölgədəki hərbi gücü və aktor rolu dayanır. Üçtərəfli əməkdaşlıq Ankaranı tarazlamağa yönəlsə də, Şərqi Aralıq dənizində güc balansını müəyyən edən əsas aktorun Türkiyə olduğu reallığı dəyişmir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm