Dünya
Körfəz ölkələri iki od arasında: Bu ssenari reallaşsa...
İran ətrafında yaşanan gərginliyin miqyası genişlənir. Müharibə arealı artıq Kiprə çatıb. Fevralın 28-dən başlayan hərbi əməliyyatların ciddi ziyan vurduğu ölkələr sırasında Körfəz dövlətləri də var. ABŞ-nin hücumlarına cavab olaraq İran da Körfəz ölkələrinə zərbələr endirir.
İndi hər kəsi bir sual düşündürür - Fars körfəzi ölkələri İranla müharibəyə girəcəkmi? Türkiyənin xarici işlər naziri Hakan Fidanın dediyi kimi, İranın hücum etdiyi ölkələr əks-hücum hüquqlarından istifadə etsə, müharibənin cəbhəsi ikitərəfli genişlənəcək. "Bu isə risklidir, çünki İranın hücumuna məruz qalan ölkələrdə hədəf yalnız ABŞ-nin bazaları deyil, enerji obyektləri də atəşə tutulur", - o bildirib. H.Fidan əlavə edib ki, savaşın daha geniş coğrafiyaya yayılma ehtimalı Türkiyəni də narahat edir.

Körfəz Əməkdaşlıq Şurası bir neçə dəfə İranın hücumlarını pisləyib. BƏƏ-nin Xarici İşlər Nazirliyi isə İranı arxayın edib ki, regionda mövcud gərginlik dövründə torpaqlarına atılan mərmilərə baxmayaraq, öz ərazisindən və ya hava məkanından İrana qarşı heç bir hücum üçün istifadəyə icazə verməyib. Xarici İşlər Nazirliyinin bəyanatında o da qeyd olunur ki, münaqişənin başlanğıcından bəri BƏƏ İrandan mindən çox hücuma məruz qalıb.
Dəbdəbəli hotellər, limanlar, sənaye zonaları...
Reallıq odur ki, ABŞ və İsrailin İrana hücumlarından və onun cavab zərbələrindən sonra yalnız Körfəz ölkələrindəki ABŞ hərbi bazaları deyil, həm də mülki obyektlər zərər çəkir və onlar da sakit durmaq fikrində deyillər. Dəbdəbəli otellər, limanlar, şəhər məhəllələri, sənaye zonaları, hava limanları və neft infrastrukturu İranın raket zərbələrinin hədəfinə çevrilib. Zərbələr endirildikdən sonra Fars körfəzi ölkələrinin liderləri bir-birlərinə başsağlığı verib, birliklərini elan ediblər. Maraqlıdır ki, hərbi əməliyyatlara qədər ABŞ bazalarının və ya qoşunlarının yerləşdirilməsi, eləcə də ABŞ-dən silah alınması Körfəz ölkələri tərəfindən hücumun qarşısını almağın ən yaxşı yolu kimi qəbul edilirdi. İndi isə bu bazalar artıq ölkələr üçün təhlükə mənbəyinə çevrilib. Prosesin necə qurtaracağını proqnoz etmək çətin olsa da, hər halda nəticənin bütün regiona təsir edəcəyi gözləniləndir.

“Özünüzə gəlin, reallığa qayıdın”
BƏƏ-nin keçmiş xarici işlər naziri, dövlət başçısının fəaliyyətdə olan müşaviri Ənvər Qarqaş İrana müraciət edib: "Özünüzə gəlin, reallığa qayıdın və qonşularınızla ağıllı və məsuliyyətli davranın, təcrid və eskalasiya dairəsi genişlənməzdən əvvəl... Sizin müharibəniz qonşularla deyil və bu eskalasiya vasitəsilə siz İranı regionda əsas təhlükə mənbəyi hesab edənlərin nöqteyi-nəzərini təsdiqləyirsiniz".

İran isə bəyan edir ki, onun Fars körfəzi ölkələri, daha dəqiq desək qonşularla problemi yoxdur. “İslam Respublikası ABŞ-nin bazaları olan əraziləri hədəf alır”, - deyə xarici işlər naziri Abbas Əraqçi bildirib. Lakin İran hərbçiləri başqa fikirdədirlər. Məsələn, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Ebrahim Cabbari ABŞ və İsrailin hücumları dayanmayacağı təqdirdə Yaxın Şərqin bütün iqtisadi mərkəzlərinə zərbələr endirməklə hədələyib. O qeyd edib ki, İran Hörmüz boğazını bağlamaqla artıq iqtisadiyyata təzyiq göstərir. "Biz Hörmüz boğazını bağlamışıq. İndi neftin qiyməti 80 dolları ötür və tezliklə 200 dollara çatacaq", - E.Cabbari bildirib. "Al Jazeera" qeyd edib ki, Hörmüz boğazından dünya neft ticarətinin təxminən beşdə biri, həmçinin Qətər və Birləşmiş Ərəb Əmirliklərindən əhəmiyyətli həcmdə mayeləşdirilmiş təbii qaz keçir.
Proqnozlara görə, Hörmüz boğazının qısamüddətli blokadası Brent neftinin qiymətinin barel üçün 100 dolları aşmasına gətirib çıxara bilər. Bu ssenaridə dünya iqtisadiyyatı artımın yavaşlaması, inflyasiyanın sürətlənməsi və mərkəzi bankların pul-kredit siyasətinin sərtləşməsi ilə üzləşəcək.

Fars körfəzində uzunmüddətli müharibə olarmı?
Qərb analitiklərinin proqnozları belədir ki, regionun bütün ölkələrinin silahlı qüvvələri olsa da, bu dövlətlərin öz ordularından istifadə edərək Tehrana qarşı döyüş əməliyyatlarına qoşulacağı gözlənilmir. Bunun əvəzinə onlar ABŞ-yə öz ərazilərinə və ya hava məkanlarına daha geniş giriş imkanı verə bilərlər. “Bu ölkələrin orduları birbaşa müharibəyə girə bilərmi? Bu mümkündür, lakin hücum zərbələri endirməkdənsə, özünümüdafiə daha çox ehtimaldır", - Londondakı Kral Kollecinin (KCL) Təhlükəsizlik Tədqiqatları Məktəbinin baş müəllimi Andreas Kriq bildirib. O deyib ki, bu ölkələr ilk növbədə öz müdafiə qabiliyyətlərini yaxşılaşdıracaqlar. Bu, hava hücumundan müdafiə və raket əleyhinə müdafiənin maksimum gücləndirilməsi, hərbi bazaların və mühüm infrastrukturun qorunması, daxili təhlükəsizliyin gücləndirilməsi və davamlılığın təmin edilməsi planlarının işə salınması deməkdir.

56 milyard dollarlıq zərər
Yeri gəlmişkən, Yaxın Şərqin ən çox ziyan çəkən sektoru turizmdir. Turizm sektoru ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı səbəbindən təxminən 56 milyard dollar məbləğində zərər görə bilər. Bu barədə "Al Jazeera" "Tourism Economics" analitik təşkilatının proqnozuna istinadən məlumat yayıb. Təşkilatın hesablamalarına görə, əgər münaqişə tənzimlənməzsə, 2026-cı ildə regiona xarici turist axını 11-27% azala bilər. Ən neqativ ssenarinin reallaşacağı təqdirdə, region əvvəlki gözləntilərlə müqayisədə 23 milyondan 38 milyona qədər xarici turist itirmək riski ilə üzləşir. Maliyyə nəticələri də əhəmiyyətli olacaq: turist xərclərinin azalmasından yaranan itkilər 34 milyard dollardan 56 milyard dollara qədər təşkil edə bilər. ("Kaspi" qəzeti)
-
Hadisə11:05Azərbaycanda ictimai xadimə sui-qəsd planı hazırlanıbmış
-
Hadisə10:45Gəncədə qanunsuz tikililər söküldü - Video
-
Nida Xəbər 10:25Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edildi
-
Hadisə10:05Xaçmazda 20 kiloqram fındıq oğurlayan yeniyetməyə hökm oxundu
-
Magazin109:00Nadir Qafarzadədən 8 Mart qalmaqalı: Arvadına hədiyyə alıb göstərənlər...
-
ABŞ08:45Obama açıqlaması ilə yenə gündəm oldu: Bu dəfə görün nəyi etiraf etdi
-
Kriminal08:41Azərbaycanda meşə yanğınına səbəb olan hərbçiyə hökm oxundu - 614 min manat cərimələndi
-
Ekopublika.az08:30İranla bağlı yeni böhran siqnalı - Azərbaycana da təsir edəcək














.jpg)








.jpg)








