Əfqanıstan-Pakistan münaqişəsi kəskinləşir: Hərbi üstünlük kimin tərəfindədir?
Bizi izləyin

Dünya

Əfqanıstan-Pakistan münaqişəsi kəskinləşir: Hərbi üstünlük kimin tərəfindədir?

Yaxın Şərqdəki müharibə Pakistan və Əfqanıstan arasındakı gərginliyi kölgədə qoyub. Halbuki iki ölkənin sərhədində döyüşlər davam edir.
Pakistan Hərbi Hava Qüvvələri (HHQ) mütəmadi olaraq Əfqanıstanın paytaxtı Kabulu atəşə tutur.

Rəsmi İslamabad bəyan edib ki, hücumların hədəfi terror qruplaşmalarının - Pakistan "Taliban"ının və "Vilayət Xorasan"ın düşərgələridir. Hava zərbələri İslamabadda, həmçinin Bacaur bölgəsində və Pakistanın şimal-qərbindəki Bannu şəhərində fevralda baş vermiş terror aktlarına cavab olub.

Çin vasitəçilik təklif edir

Artıq bir sıra ölkələr, xüsusilə Çin hərbi münaqişənin aradan qaldırılması üçün vasitəçiliyə hazır olduğunu bəyan edib. Çinin XİN rəhbəri Van İ Əfqanıstandan olan həmkarı Əmir Xan Muttaqi ilə telefon danışığında mübahisələrin dialoq yolu ilə həll edilməli olduğunu söyləyib. Pekin belə çağırışlarla Yaxın Şərqdəki müharibə, Ukrayna münaqişəsi ilə bağlı da çıxış edir. Vasitəçi rolunu oynamaq üçün indiki cəhdin fərqi ondan ibarətdir ki, ÇXR-in Pakistandakı nəhəng investisiyaları təhlükə altındadır. Pekin Pakistan vasitəsilə öz şimal-qərb bölgəsini Hind okeanı ilə birləşdirən iqtisadi dəhliz yaradıb. Əfqanıstanın addımları bu dəhlizin təhlükəsizliyi üçün problem yaradır.

Çin köhnəlmiş münaqişələri həll edə bilən qlobal güc rolunda

Pekinin Əfqanıstan siyasətində mühüm bir element də var. Əgər moderator rolu uğurla nəticələnsə, bu, ən köhnəlmiş münaqişələri həll edə bilən qlobal güc kimi Çinin beynəlxalq arenadakı çəkisini artıracaq. Pakistan istiqamətindəki kurs iqtisadi dəhlizin təhlükəsizliyini təmin etməkdir. Pakistan üçün isə Çin ilə dostluq Hindistanla üç dəfə tammiqyaslı müharibələrə gətirib çıxaran qarşıdurma fonunda son dərəcə vacibdir. Çinin Əfqanıstana münasibətinə gəldikdə, burada iki tərəfin əvvəllər müzakirə etdiyi iqtisadi layihələrlə heç bir sərt bağlılıq yoxdur. Çinin Əfqanıstana yanaşması İslamabadla əlaqələndirilir. Təsadüfi deyil ki, Pakistanın Baş naziri Şahbaz Şərif çıxışlarının birində Əfqanıstanın, əgər "yaxşı davranacaqsa", ÇXR-in köməyi ilə Pakistanda tikilmiş Qvadar limanı vasitəsilə dənizə çıxış əldə edə biləcəyindən danışıb.
Çinin vasitəçilik səylərinə baxmayaraq, hələlik qonşular arasında münasibətlər son dərəcə gərgindir. BMT bəyan edib ki, 26 fevraldan bəri münaqişə bölgəsində 75 mülki şəxs öldürülüb və 193 nəfər yaralanıb. Əfqanıstan da Pakistana cavab verib. İslamabada dronlarla zərbə endirilib. Bu səbəbdən İslamabad hava limanında uçuşlar müvəqqəti dayandırılıb. Pakistanın Daxili İşlər Nazirliyi şəhərin girişində paytaxta daxil olan insanların sənədlərini yoxlayan dəstələr yerləşdirməyə məcbur olub.

Pakistan eskalasiya imkanı saxlamaq istəyir

Pakistan Baş nazirinin nümayəndəsi Müşərrəf Zaidi fevralın sonunda demişdi ki, “Taliban”la danışıqlar olmayacaq: “Dialoq mümkün deyil. Razılaşmağa bir şey yoxdur. Əfqanıstan tərəfindən terrorizm sona çatmalıdır".
Əfqanıstan rəhbərliyi üçün isə birinci dərəcəli məqsəd hücumları dəf etmək və sərhədyanı bölgələrdə vəziyyəti qismən sabitləşdirməkdir. Lakin belə görünür ki, əfqan talibləri pakistanlı taliblərlə əlaqələri kəsməyi planlaşdırmırlar.
Politoloq Klara Fonqun sözlərinə görə, taliblər Pakistan ordusu ilə mübarizəni davam etdirmək, "Qərb təsirinə" qarşı durmaq və şəriət ideologiyasını irəlilətmək istəyirlər.

Geosiyasət eksperti Qamar Çema isə hesab edir ki, Pakistanın əsas məqsədi müharibəni qonşuların ərazisinə keçirməkdir. Hələlik Pakistanın bombardmanları əsas infrastruktur obyektlərini əhatə etmir. Bu ona işarə edə bilər ki, Pakistan eskalasiya imkanı saxlamaq istəyir.

Hərbi üstünlük kimin tərəfindədir?

Hərbi ekspertlər hesab edirlər ki, hərbi baxımdan üstünlük tam olaraq Pakistan ordusundadır. "Pakistan ordusu yüzlərlə tank, təyyarə və qabaqcıl texnologiyalara malik güclü qüvvədir", - deyə BBC-nin Cənubi Asiya və Əfqanıstan üzrə müxbiri Yoqita Limaye qeyd edib. Dövlətlərin atəş gücünü müəyyən edən Global Firepower indeksində Pakistan 145 ölkə arasında 14-cü, Əfqanıstan isə 121-ci yerdədir. Eyni indeksə görə, Pakistanın ordu və hərbiləşdirilmiş birləşmələrinin ümumi sayı təxminən 1,1 milyon nəfər, Əfqanıstanın isə təxminən 165 min nəfərdir.

Buna baxmayaraq, Pakistanın məqsədinə tez nail olması və rəqibin müqavimətini sırf hərbi vasitələrlə qırması bir az çətin görünür. Əfqanıstanın ABŞ-nin kontingentini çıxararkən əldə etdiyi texnika və silahları var. NYT-nin məlumatlarına görə, Kabuldakı qara bazarlarda ABŞ istehsalı hərbi sursat və resursları - məsələn, hərbi formanı və gecə görmə eynəkləri üçün ehtiyat hissələrini almaq asandır. Bundan əlavə, "Taliban"ın ənənəvi olaraq tətbiq etdiyi mübarizə üsulları təşkilatın tam məhv edilməsini praktiki olaraq qeyri-mümkün edir. Təşkilat nöqtəvi zərbələr vurur, bütün qüvvələrini bir istiqamətə yönəltmir və liderlərin bir yerdə toplanmasından qaçır. ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm