Marsda YENİ KƏŞF - Yadplanetlilər mövcud olublar?
Bizi izləyin

Dünya

Marsda YENİ KƏŞF - Yadplanetlilər mövcud olublar?

Marsda YENİ KƏŞF - Yadplanetlilər mövcud olublar?

Alimlər Marsda, Yezero kraterinə tökülən qədim Neretva çayının (Neretva Vallis) yatağındakı süxurlarda anomal dərəcədə yüksək nikel konsentrasiyası aşkar ediblər. Bu kəşf Qırmızı planetdə keçmişdə həyat üçün yararlı şəraitin mövcud ola biləcəyinə dair daha bir sübutdur.

Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Communications" (NatCom) jurnalında dərc olunub.

Tədqiqat Yezero kraterinin səthini öyrənən "Perseverance" marsaxodunun məlumatlarına əsaslanır. Ərazinin "Bright Angel" adlandırılan işıqlı süxurlardan ibarət hissəsində cihazlar qeyri-adi dərəcədə güclü nikel siqnalı qeydə alıb. Perdyu Universitetinin planetoloqu Henri Manelskinin izah etdiyi kimi, belə konsentrasiyalara çox nadir hallarda rast gəlinir: adətən nikel planetin formalaşmasının erkən mərhələlərində nüvəyə çəkilir, səthdə isə yalnız cüzi izlərinə rast gəlinir.

Analizlər göstərib ki, öyrənilən 126 çökmə süxurdan 32-də nikelin miqdarı kütləcə 1,1%-ə çatıb — bu, meteoritləri çıxmaq şərtilə, Mars qabığı üçün rekord göstəricidir. Nikelin dəmir sulfidləri ilə birləşməsi xüsusi maraq doğurub, çünki Yer kürəsində bu minerallar oksigenin az olduğu mühitlərdə formalaşır. Belə şərait qədim mikrob həyatı üçün əlverişli hesab olunur.

"Dəmir sulfidlərində nikelin mövcudluğu oksigenlə kasıb olan bərpaedici mühitə işarə edir. Bu, həmin süxurların formalaşdığı kimyəvi şərait haqqında mühüm ipucudur", — deyə Manelski bildirib.

Bundan əlavə, süxurların strukturu onların suyun iştirakı ilə yarandığını sübut edir: maye axınları çöküntülərin içindən keçərək kimyəvi reaksiyalara səbəb olub və elementləri yenidən paylayıb.

Alimlər ehtimal edirlər ki, nikel Marsa meteoritlərlə düşə bilər, daha sonra isə su vasitəsilə həll olunaraq süxurlara yayılıb. Yer kürəsində bu element bir çox mikroorqanizmlərin metabolizmində əsas rol oynayır. Potensial həyat mühiti lehinə olan digər bir arqument isə üzvi birləşmələrin - həyatın əsası olan karbon tərkibli molekulların aşkar edilməsidir.

Üzvi maddələrin olması təkbaşına həyatın varlığını sübut etməsə də, su və nikel kimi əlçatan elementlərlə birlikdə bütün baza "inqrediyentlərin" mövcudluğunu göstərir. Manelskinin sözlərinə görə, Yezero kraterindəki süxurların yaşı (təxminən 3,5–4 milyard il) Yerdə anaerob mikroorqanizmlərin mövcud olduğu dövrlə üst-üstə düşür.

Maraqlıdır ki, süxurların bir hissəsi hesab edildiyindən daha cavan ola bilər. Bu isə o deməkdir ki, Marsda həyat üçün potensial yararlı şərait təkcə ən erkən dövrlərdə deyil, daha uzun müddət qorunub saxlanıla bilərdi. Bu kəşf Marsda həyat izlərini məhz harada axtarmaq lazım olduğuna dair əvvəlki təsəvvürləri sual altına qoyur. Alimlər hesab edirlər ki, perspektivli sahələr təkcə ən qədim laylarda deyil, həm də nisbətən "cavan" geoloji formasiyalarda yerləşə bilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm