Bakıdan Tbilisiyə qatarla gedəcəyik: Təyyarə biletləri ucuzlaşacaq?
Bizi izləyin

Dünya

Bakıdan Tbilisiyə qatarla gedəcəyik: Təyyarə biletləri ucuzlaşacaq?

Bakıdan Tbilisiyə qatarla gedəcəyik: Təyyarə biletləri ucuzlaşacaq?

Xəbər verdiyimiz kimi, Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyəti 26 may 2026-cı il tarixindən bərpa olunacaq. Bakı-Tbilisi qatarının fəaliyyətinin bərpası ilə bağlı ən çox maraq doğuran məsələlərdən biri biletlərin qiymətidir. Marşrutun yenidən açılması fonunda sərnişinlər bu səfərin onlara neçə manata başa gələcəyini öyrənmək istəyirlər.

Azərbaycan Dəmir Yolları QSC-dən Publika.az-a bildirildi ki, həm qatarların hərəkət cədvəli, həm də biletlərin qiyməti ilə bağlı dəqiqləşdirmələr aparılır. Bu məsələlərlə bağlı yekun məlumatın yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağı qeyd olundu.

Mövzu ilə bağlı ekspertlərin də fikrini öyrəndik. İqtisadiyyat üzrə ekspert Razi Abasbəyli vurğuladı ki, sonuncu dəfə 2017-ci ildə dəmir yollarında sərnişindaşıma tarifləri müəyyən edilib. Onun sözlərinə sözlərinə görə, ötən 9 ilə yaxın müddət ərzində inflyasiya və xidmət xərclərində ciddi artım qeydə alındığı üçün bu, bilet qiymətlərinə də təsir göstərəcək:

“2017-ci ildə plaskart biletləri 24,50 AZN, kupe 35,30 AZN, SV (lüks) isə 58,40 AZN olub. İndi isə artımın 60-90 faiz aralığında olduğu nəzərə alınaraq yeni qiymətlərin plaskart üçün təxminən 50 manat, kupe üçün isə 70 manat civarında formalaşa biləcəyi ehtimal edilir.

Bakı-Tbilisi xəttinin beynəlxalq marşrut statusu, sərhəd keçid prosedurları, eləcə də xidmət səviyyəsinin yüksəldilməsi əlavə xərcləri artırır. Gecə hərəkəti, komfort imkanları və uzun fasilədən sonra xəttin yenidən istifadəyə verilməsi də tələbi yüksəldə bilər. Bu səbəbdən ilkin proqnozlara görə, biletlərin orta qiyməti 45-50 manat aralığında ola bilər. Müasir qatarlar və yeni infrastruktur xərcləri də ümumi qiymət artımını şərtləndirir. Bundan başqa, Azərbaycan Dəmir Yollarının son illərdə tarif siyasətini məsafə deyil, xidmət səviyyəsi əsasında müəyyən etməsi də qiymətlərə təsir edən əsas faktorlardan biridir”.

Razi Abasbəyli qeyd etdi ki, qatarların fəaliyyətini bərpası hava nəqliyyatına da təsir göstərəcək:

“Qatarların alternativ nəqliyyat kimi daha cəlbedici olması aviabiletlərdə ucuzlaşma yarada bilər. Digər tərəfdən, Gürcüstan və Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin yay aylarında ölkəyə dönüşü zamanı bu marşruta tələbatın artacağı, tələbələr üçün isə 10-15 faiz aralığında endirimlərin tətbiq edilə biləcəyi ehtimal edilir. Nəticə etibarilə, Bakı-Tbilisi qatar xəttinin bərpası həm regionda nəqliyyat əlaqələrini gücləndirə, həm də Azərbaycan-Gürcüstan münasibətlərinə və turizm axınına müsbət təsir göstərə bilər”.

İtisadçı Rəşad Həsənovun sözlərinə görə, son illərdə Azərbaycanın nəqliyyat əlçatanlığının məhdudlaşması fonunda səfərlər əsasən yalnız hava nəqliyyatı ilə həyata keçirilir ki, bu da aviabiletlərdə qiymət artımına səbəb olur:

“Ölkədə alternativ olaraq dəmir yolu sərnişindaşıma xidmətinin istifadəyə verilməsi qiymət balansına ciddi təsir göstərə bilər. Yeni marşrutlar üzrə tariflərin təxminən 40-90, maksimum 100 manat aralığında formalaşacağı gözlənilir. Bu isə hava nəqliyyatında qiymətlərin daha stabil və optimal səviyyəyə enməsinə şərait yarada bilər.

Bunun digər üstünlüyü regionlarda yaşayan vətəndaşlar üçün Bakıdan keçmədən birbaşa dəmir yolu ilə Gürcüstana və əks istiqamətdə səfər imkanının yaranmasıdır. Rəsmi rəqəmlərə görə, əvvəllər Gürcüstandan Azərbaycana ildə 600-700 min nəfər səfər etdiyi halda, bu göstərici hazırda 150-200 min civarına enib, bəzi dövrlərdə isə 60-70 minə qədər düşüb. Alternativ nəqliyyat şəbəkəsinin bərpası bu rəqəmlərdə yenidən ciddi artıma səbəb ola bilər”.

Müəllif: Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm