Pakistan-İran münasibətlərində yeni mərhələ: Asim Munir Tehranda bu uğura nail oldu
Bizi izləyin

Dünya

Pakistan-İran münasibətlərində yeni mərhələ: Asim Munir Tehranda bu uğura nail oldu

Pakistan-İran münasibətlərində yeni mərhələ: Asim Munir Tehranda bu uğura nail oldu

Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, feldmarşal Asim Munir İran rəhbərliyi ilə intensiv və yüksək səviyyəli diplomatik danışıqlar apararaq regional gərginliyin azaldılması istiqamətində mühüm irəliləyişə nail olub.

Publika.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidməti (ISPR) məlumat yayıb.

Bildirilib ki, tərəflər yekun razılaşmaya doğru ümidverici addımlar atıblar. Rəsmi məlumata əsasən, “müsbət və konstruktiv atmosferdə” keçirilən görüşlər davam edən vasitəçilik prosesinə yeni dinamika qazandırıb.

Vurğulanıb ki, Tehrana səfərini başa vuran feldmarşal Asim Munirin müzakirələri artıq sadəcə siyasi bəyanatlar mərhələsindən çıxaraq, konkret və detallı diplomatik çərçivə üzrə substantiv danışıqlar səviyyəsinə yüksəlib. Müzakirələrin əsas istiqamətləri sırasında Hörmüz boğazında təhlükəsiz dəniz naviqasiyasının təmin olunması, İranın nüvə proqramı ətrafında dialoq, beynəlxalq sanksiyaların yumşaldılması və hərbi qarşıdurmanın yenidən alovlanmasının qarşısını alacaq zəmanət mexanizmləri yer alıb.

Bəyanata əsasən, Asim Munir Tehranda İran prezidenti Məsud Pezeşkian, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və daxili işlər naziri İsgəndər Momeni ilə geniş tərkibli görüşlər keçirib. Bu görüşlər Pakistanın İranla diplomatik əlaqələrinin həm genişliyini, həm də strateji əhəmiyyətini bir daha nümayiş etdirib. Qeyd olunub ki, bu, Pakistan rəhbərliyinin Tehrana son bir həftə ərzində ikinci yüksək səviyyəli səfəridir.

Qeyd edək ki, Asim Munir ötən ay daxili işlər naziri Möhsin Nəqvinin müşayiəti ilə İrana səfər etmiş, həmin görüşlər də İran-ABŞ münasibətlərində gərginliyin azaldılmasına yönəlmiş daha geniş regional vasitəçilik prosesinin tərkib hissəsi kimi qiymətləndirilmişdi.

Müəllif: Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm