80 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
Bizi izləyin

Ekologiya

80 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq

80 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq

BMT qlobal istiləşmə səbəbindən buzlaqların, qütb buz örtüklərinin və daimi donuşluq qatının geri dönüşü mümkün olmayan şəkildə dağılması riski barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yeni iqlim hesabatına istinadən məlumat yayıb.

Hesabata görə, Yer kürəsində temperatur sənayedən əvvəlki dövrlə müqayisədə artıq təxminən 1,3 dərəcə yüksəlib. İstixana qazlarının emissiyasının kifayət qədər azaldılmaması səbəbindən alimlər Paris İqlim Sazişində nəzərdə tutulan 1,5 dərəcəlik həddin müvəqqəti olaraq aşılmasının qaçılmaz olduğunu düşünürlər. Lakin bu dövrün mümkün qədər qısa olması vacibdir. Çünki temperatur sonradan aşağı düşsə belə, buzlaqlara dəyən zərərin böyük hissəsini aradan qaldırmaq mümkün olmayacaq.

80 alimin iştirakı ilə hazırlanan hesabatda bildirilir ki, hazırkı iqlim siyasəti davam edərsə, qlobal istiləşmə 2,8 dərəcəyə çata bilər. Bu ssenari gerçəkləşərsə, Yer səthinə yaxın daimi donuşluq qatının demək olar ki, hamısı əriyəcək, okean dövranında ciddi pozuntular yaranacaq. Buzların əriməsi dəniz səviyyəsinin yüksəlməsini və okeanların turşulaşmasını da sürətləndirəcək.

Dağ buzlaqlarının 90 faizdən çoxu yox ola bilər

Ən böyük təhlükə dağ buzlaqlarını gözləyir. Mövcud iqlim siyasəti davam edərsə, Alp dağları, Qayalı dağlar, İslandiya və Skandinaviya dağ buzlaqlarının 90 faizdən çoxunu itirə bilər. Qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq mümkün olarsa, buzlaqların hazırkı həcminin 20-35 faizi qorunub saxlanıla bilər.

Himalay və Hindukuş dağlarında da vəziyyət narahatlıq doğurur. Bu bölgələrin buzlaqları dünya əhalisinin təxminən dörddə birini su ilə təmin edir. Hazırkı ssenariyə əsasən, həmin ərazilərdə buzlarının cəmi 41 faizi qalacaq. İstiləşmə 1,5 dərəcə ilə məhdudlaşdırılarsa, bu göstərici 83 faizə çata bilər.

Qütb buzlaqları əvvəlkindən altı dəfə sürətlə əriyir

Qrenlandiya və Antarktidanın buz örtükləri hazırda 1990-cı illərlə müqayisədə təxminən altı dəfə sürətlə əriyir. Alimlər xəbərdarlıq edirlər ki, temperatur yenidən 1,5 dərəcə səviyyəsinə qayıtsa belə, buz itkisi davam edəcək.

Hesabat Beynəlxalq Kriosfer İqlim Təşəbbüsü (ICCI) və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) iştirakı ilə hazırlanıb. Kriosfer planetin bütün donmuş komponentlərini – buzlaqları, qar örtüyünü, dəniz buzlarını və daimi donuşluğu əhatə edir.

Hesabatın aparıcı müəllifi, qlasioloq Ceyms Kirkhem bildirib ki, qar və buz temperaturun cüzi yüksəlməsinə belə sürətlə reaksiya verir. Onların itirilməsinin nəticələri isə təkcə ayrı-ayrı bölgələrə deyil, bütün planetə təsir göstərir.

Alimlər hesab edirlər ki, iqlim sistemlərinin bir çoxunun bərpası yüzilliklər, hətta minilliklər çəkə bilər. Buna görə də müvəqqəti istiləşmənin iqlim hədəflərinin aşılması ilə nəticələnməsinə yol verilməməli, istixana qazlarının emissiyası mümkün qədər tez azaldılmalıdır.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm