Elm və təhsil
Bu məktəblər illik qiymətləri qaldırır - Siyahı
“Övladım 4 ildir ki, Bakı Atatürk Liseyində təhsil alır. İllik təhsilhaqqı birinci sinfə qəbul zamanı 1200 AZN idi. Hazırda ödəniş məbləği artırılaraq 3500 manata çatdırılıb. Əslində köhnə məbləğlə təhsilə başlasa da, yeni qiymət bu ildən övladıma da şamil olunacaq”.
Publika.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya övladı həmin təhsil müəssisəsində oxuyan valideyn müraciət edib. Rəhbərliyə müraciət etsə də, problemin həll olunmadığını deyən şikayətçi təhsilhaqqının yüksək olmasından gileylənir.
Son vaxtlar özəl məktəblərdə təhsil haqlarının yüksək olması ilə bağlı sosial şəbəkədə də xeyli şikayətə rast gəlinir. Valideynlər təhsil haqlarının verilən xidmətdən çox yüksək olduğunu düşünürlər. Onların sözlərinə görə, özəl məktəblər artıq təhsil qiymətlərini 20-40 faiz artırıb.
Qeyd olunur ki, yeni özəl məktəblərin açılmasına maneə olduğu üçün bu seqment üzrə rəqabət demək olar ki, yoxdur və bazar payı kiçik qruplar arasında bölüşdürülür. Onlar isə istədikləri məbləğdə ödəniş tələb edə bilirlər.
“Qafqazinfo” Bakı şəhərində əsas özəl təhsil müəssisələrində illik qiymətlərlə maraqlanıb. Məlum olub ki, hazırda özəl məktəblərdə təhsil haqları 5-6 min manatdan başlayır. Ödəniş məbləği şagirdin oxuduğu bölmədən, ibtidai və ya orta təhsil səviyyəsindən asılı olaraq dəyişir.
Müasir İnnovasiyalar Liseyində Azərbaycan bölməsində təhsilhaqqı ibtidai siniflər üçün 6500 AZN, yuxarı siniflər üçün isə 7000 AZN-dir.
Liseyin ingilis dili bölməsində də müvafiq olaraq 7500-8500 AZN nəzərdə tutulub.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində təhsilin ibtidai və ya orta səviyyəsindən asılı olmayaraq ödəniş dəyişmir. Burada illik təhsilhaqqı Azərbaycan bölməsi üçün 8800 AZN, ingilis dili bölməsi üçün isə 12800 AZN-dir.
“Landau School”da ibtidai siniflərdə illik təhsilhaqqı Azərbaycan bölməsi üçün 5800-8000 AZN-dir. İngilis dili bölməsi üçün isə ibtidai siniflər üçün qiymət 6800 AZN-dən başlayır. 5-7-ci siniflərdə 9300, daha yuxarı siniflərdə isə 9900 və 12500-15000 aralığında dəyişir.
“Kaspi” Liseyində Azərbaycan bölməsi üçün təhsilhaqqı liseyin filialından asılı olaraq ibtidai siniflərdə 7300-7800 AZN, 5-11-ci siniflərdə isə 8300 AZN-dir.
Liseyin ingilis dili bölməsində isə ibtidai siniflər üçün 9700, 5-6-cı siniflər üçün 15000 AZN nəzərdə tutulub. Hələ ki, təhsil müəssisəsində bu bölmə üçün ən yuxarı sinif 5-6-cı siniflərdir.
“Sabis Sun” Beyəlxalq Məktəbində təhsil yalnız ingilis dilində aparılır. Burada ibtidai siniflər üçün illik təhsilhaqqı 15 000 AZN, yuxarı siniflər üçün isə 17 000 AZN-dir. Təhsil müəssisəsindən qiymətlərin yüksək olmasını məktəbdə dərs keçən müəllimlərin 90 faizdən çoxunun əcnəbi olması ilə əlaqələndirirlər.
“Baku Oxford School”da da təhsil dili ingilis dilidir. Burada ibtidai siniflər üçün qəbul qiymətləri 16500 AZN-dir. VI-VIII siniflərdə illik təhsilhaqqı 16800 AZN, IX-XII siniflərdə isə 17000 AZN müəyyənləşdirilib. Təhsil müəssisəsindən bildirilib ki, bu məbləğə kitablar, uniforma, qəlyanaltı, nahar və dərsdən sonra məşğələ daxildir. Nəqliyyat xərcini qarşılamaq üçün isə əlavə ödəniş tələb olunur. Məktəbdən həmçinin bildirdilər ki, ödənişi bütöv deyil, rüblərə bölərək etmək olar.
Xəzər Universiteti Dünya Məktəbində isə Azərbaycan və rus bölmələrində ibtidai siniflər üçün təhsilhaqqı 9000 AZN-dir. V-XI siniflər üçün isə bu məbləğ 9500 AZN-dir.
Məktəbin ingilis dili bölməsində isə təhsilhaqqı illik 10500 AZN təşkil edir.
Avropa Azərbaycan Məktəbində də təhsil dili yalnız ingilis dilidir. İbtidai siniflər üçün təhsilhaqqı 10400 AZN, V-IX siniflər üçün 12500 AZN, X-XI siniflər üçün isə 15500 AZN təşkil edir.
Bakıda Britaniya Məktəbində isə yerli müəllim qrupu və ya əcnəbi müəllim qrupunun seçilməsindən asılı olaraq ibtidai siniflər üçün təhsilhaqqı fərqlidir. Məsələn, yerli müəllimlərlə I-V siniflər üçün illik ödəniş 12 min manat, əcnəbi müəllimlərlə isə 14 min manatdır. Məktəbin V-XI siniflərində isə təhsilhaqqı 14 min AZN-dir.
“Hədəf” Liseyində də illik təhsil haqları orta göstəriciyə uyğundur. Bu təhsil müəssisəsində Azərbaycan bölməsində ödəniş 6500 AZN, ingilis bölməsində isə 7500 AZN-dir.
Bakı Atatürk Liseyində isə təhsilhaqqı 3500 AZN təşkil edir. Tədris Azərbaycan və türk dillərində aparılır.
Liseydən ibtidai sinifdən sonra təhsilhaqqının artımla hesablanmasına cavab olaraq bildirilib ki, mətbuata telefonla cavab verilmir. Şikayəti olan valideyn təhsil müəssisəsinə yaxınlaşıb, aydınlaşdıra bilər.
Bəs özəl təhsil müəssisələrinin qiymətləri necə müəyyənləşdirilir? Bu məktəblərdə illik təhsil haqları əhalinin büdcəsinə uyğundurmu?
Məsələ ilə bağlı saytımıza açıqlama verən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, qiymətlər əslində tələb və təklif əsasında müəyyənləşdirilməlidir. Ekspert deyir ki, hazırda Azərbaycanda 4432 dövlət orta ümumi təhsil məktəbi var. Bu məktəblərdə 1,6 milyon şagird təhsil alır. Azərbaycanda özəl orta ümumi təhsil məktəblərinin sayı 31-dir, ümumi şagird sayı isə 3 min nəfərdən artıq deyil.
Ekspertin sözlərinə görə, dövlət məktəbləri üçün büdcədən ayrılan maliyyəyə baxsaq, o, heç də aşağı rəqəm deyil: “Dövlət məktəblərində biz sanki təhsil pulsuzdur kimi qəbul etmişik. Amma əslində dövlət bunun üçün kifayət qədər pul xərcləyir. Ölkədə təhsilin saxlanması üçün dövlət büdcəsindən bu il 4,4 milyard manat vəsait ayrılıb. Özəllər isə bu vəsaiti almırlar. Özəl təhsil xidməti göstərən müəssisələrdə bütün xərclər şagird sayına bölünür və xidmət haqqı müəyyənləşdirilir. Bu gün Azərbaycanda ən ucuz özəl orta ümumi təhsil məktəbinin xidmət haqqı 5 min manatdır, ən baha isə 42 min dollardır. Dövlət müəssisələri dövlət tərəfindən təsdiq olunmuş xidmətləri göstərir. Amma özəl müəssisələrdə əlavə xidmətlər göstərilir. Məsələn, günorta yeməyi, ev tapşırıqlarının məktəbdə edilməsi və s. Əgər bina özünündürsə, qiymətlər nisbətən ucuz olur. Yox bina icarədirsə, o da xidmət haqlarına təsir göstərir”.
K. Əsədov bildirib ki, ölkədə özəl məktəblərin təhsil haqları kifayət qədər yüksəkdir: “Misal üçün, İstanbulda 7 min məktəb var, onlardan 3500-ü özəldir. Azərbaycanda say aşağı olsa da, qiymət yuxarıdır. Ölkədə ən bahalı universitet ADA hesab olunur, amma bakalavr pilləsi üçün 6500 manat illik təhsilhaqqı var. Bu, artıq ali təhsil diplomu verir. Hər hansı diplom verməyən orta məktəbin illik təhsilhaqqı kifayət qədər yüksəkdir - orta hesabla 7-9 min manat arasında dəyişir.
Bu məktəblərin qəbul imtahanlarının nəticələrini müqayisə edəndə, Neftçala rayonu Xıllı qəsəbə 1 saylı kənd orta məktəbinin ali məktəbə qəbul və olimpiada nəticələri 7 min manat təhsilhaqqı olan bir çox özəl təhsil məkəblərindən daha yaxşıdır. Və ya hər hansı xidmət haqqı almayan “Dəyanət” liseyi, Biləsuvarda Mübariz İbrahimov adına lisey və ya Z.Əliyeva adına liseyin nəticələri kifayət qədər yuxarı xidmət haqqı alan məlktəblərdən daha yaxşıdır. Fərq isə odur ki, özəl məktəblər IB, SAT, TOEFL, İELTS və digər imtahanlardan keçə biləcək mütəxəssis hazırlayırlar. Onlarda digər bacarıqlar olmur”.
Ekspert deyir ki, əslində ölkədə özəl məktəblərin illik təhsil haqları 4 min manatı keçməməlidir: “Bizə daxil olan məlumatlara görə, 2023-cü ilin sentyabrından özəl məktəblər 20 faizdən 60 faizədək xidmət haqqını artıracaqlar. Bunu ölkədəki ümumi inflyasiya ilə əlaqələndirirlər.
Özəl məktəblər xidmətlərinə görə xidmət haqqı müəyyən edirlər, lakin bu da reallığı əks etdirmir. Bina özündən olmaqla, müəlimlərin alacaqları əmək haqları da nəzərə alınmaq şərtilə, hesab edirəm ki, heç bir halda azərbaycanda özəl məktəbin illik təhsilhaqqı 4 min manatdan çox ola bilməz”.
-
Magazin104:44
Niyaməddin Musayev gəlinindən DANIŞDI: "Yeməkləri bişirib yığır ki..."
-
İKT03:43
Süni intellektə görə yüzlərlə "TikTok" əməkdaşı AÇ QALACAQ
-
Sosial02:12
32 ildən sonra Laçın şəhərində toy sədası eşidildi
-
Kriminal00:45
Atasını döyə-döyə öldürən oğul onun üzünü tamam dağıdıbmış - Tükürpədici DETALLAR
-
Art00:15
Məşhur aktyor tamaşa zamanı HUŞUNU İTİRDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Elə bir sirr ortaya çıxa bilər ki...
-
Sosial12 Oktyabr 23:24
Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə HƏBS EDİLDİ
-
Magazin112 Oktyabr 22:36
Mehin yeni fotoları ilə GÖZ OXŞADI