Elm və təhsil
Milli Qəhrəmanın qızı vətənə qayıtdı: “Qardaşımın statusunu oxuduqda, kövrəldim”
“Bakalavr təhsilini xaricdə almaq istəyirdim. Lakin maliyyə baxımından bunu reallaşdırmaq mümkün deyildi. Atam o vaxt mənə söz verdi ki, səni magistratura təhsili üçün mütləq xaricə göndərəcəyəm.
Ailəmə yük olmaq istəmirdim, bunun çətinliyini də anlayırdım. Atam isə deyirdi ki, “ürəyini buz kimi saxla, atan həll edəcək”. Bakalavrı bitirəndə xaricdə təhsil üçün dövlət proqramı elan edildi və atamla arzumuz reallaşdı. İnanıram ki, atam yenə də yanımda idi və bu məsələni o həll etdi. Çünki mən bütün çətin anlarımda onun varlığını möcüzəvi şəkildə hiss edirəm”.
Bu sözlər Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyevaya aiddir. O, İngiltərənin nüfuzlu universitetlərindən olan “Warwick Business School”un magistr pilləsini uğurla başa vurub və vətənə qayıdıb. Təhsili, uğurları, bu yolda çətinlikləri, məqsədləri ilə bağlı hər addımda atasına layiq övlad olmağa çalışan şəhid qızı ilə söhbətləşdik.
"Humanitar fənləri bəzən valideynlərim oxuyur, mən dinləyirdim"
Hərbçi ailəsində böyüdüyü üçün üç məktəb dəyişib. Orta təhsilinə Naxçıvanda başlayıb, Beyləqanda davam edib, Bakıda bitirib. Ali təhsilini isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti iqtisad fakültəsində, sənayenin təşkili və idarə olunması ixtisası üzrə davam etdirib və fərqlənmə ilə bitirib.
Uşaqlıq illərindən danışan həmsöhbətimiz deyir ki, ailəsi onların təhsilinə çox önəm verib. Hətta çətinlik çəkdiyi humanitar fənləri ata-anasının səsindən dinləyib, öyrənib: “Humanitar fənləri öyrənə bilmirdim və sevmirdim. Yadımdadır ki, atam saatın neçə olmasından asılı olmayaraq, işdən gələn kimi anamla birlikdə tarix kitabını açır, cümlə-cümlə oxuyurdular ki, öyrənə bilim. Onlar oxuyurdu, mən dinləyirdim. Təhsillə bağlı nədə çətinlik çəkirdiksə, ailəvi oturub, iclas edib, həll edirdik”.
“Atam heç vaxt işini evə gətirməzdi”
Hərbçi ailəsinin sərt qayda-qanunlarının olduğunu deyirlər. Gülnarə deyir ki, onların ailəsi ilə bağlı da hamı elə düşünüb: “Atam heç vaxt işini evə gətirməzdi. Nə qədər yorğun, gərgin olsa da, bizə onu hiss etdirmirdi. Münasibətlərimiz tam fərqli idi. Şəhid olandan sonra əsgərləri, zabit yoldaşları onun haqqında bizə danışırdılar, mən bəzən təəccüblənirdim ki, atamdan danışırlar? Təbii ki, bilirdim çox nizam-intizamlıdır. Amma mənə qarşı o qədər yumşaq idi ki... Evdə tam fərqli insan idi. Hərbçi ailəsinin əsas çətinliyi odur ki, onlar ailələrindən uzaq olurlar. Atam şəhid olmazdan əvvəl biz beş il idi ki, bir evdə deyildik. Ancaq bayramlarda, tətillərdə hər fürsətdə atamın yanına gedirdik. Hər gün danışırdıq, amma tez-tez görmürdük”.
“Qardaşımın statusunu oxuduqda, kövrəldim”
Yuxarıda da qeyd etdiyimiz kimi, həmsöhbətimiz məktəbi bitirdiyi il İngiltərəyə Elm və Təhsil Nazirliyi tərəfindən nəzərdə tutulmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə gedib. İlk dəfə ailəsindən uzaq olduğu üçün orada bir müddət çətinlik çəkdiyini deyir. Qardaşının onun haqqında yazdığı statusu oxuduqda isə qürur hissi ona bütün çətinliklərini unutdurub: “Həm ailəmdən uzaq idim, mühit fərqli idi, həm də dərslər çətin idi. Amma ailəmin, qardaşımın dəstəyini həmişə hiss edirdim. Qardaşımla münasibətimiz hər bacı-qardaşda olduğu kimi idi. Həmişə sözlərimiz çəp düşür, dalaşırdıq. Amma onun mənim haqqımda yazdığı statusu oxuduqda, kövrəldim. Mənə elə gəlir ki, o sözlər qardaşımla münasibətlərimdə tam başqa mərhələnin başlanğıcıdır. “Qürur duyuram səninlə və unutma ki, sənin üstündə atanın kölgəsi, yanında ailən dayanıb” yazmışdı. Bu statusa qədər şıltaq bacı-qardaş olduğumuzu düşünürdüm. Amma bu statusla onu arxamda dağ kimi, eynən atam kimi hiss etdim”.
“Öz məsuliyyətini özün dərk etməlisən”
Xaricdə təhsillə Azərbaycan təhsilini fərqləndirən müsahibimiz vurğulayır ki, təhsildən əlavə, İngiltərədəki qrup dərsləri gələcək fəaliyyəti üçün yaxşı təcrübədir: “Fərqli qruplara bölünür, təqdimatlar, məqalələr hazırlayırdıq. Bu, çox faydalıdır. Çünki biz məzun olandan sonra gələcək iş yerimizdə hər hansı komandanın parçası olacağıq. Təhsil pilləsində komanda işini inkişaf etdirmək çox faydalıdır. Dərslər bizim təhsil sistemimizdən çox fərqlidir. Müəllimlər tələbkardır, amma əsas yük sənin üstündədir. Müəllim dərslərini izah edir, sualınıza cavab verir və işi bitir. Öz məsuliyyətini özün dərk etməlisən. Ən əsası, sənə uşaq kimi deyil, yetkin insan kimi davranır, fikirlərinə əhəmiyyət verirlər”.
“Dadlı plovun həsrətini çəkirdim”
Gülnarənin qürbətdə ən böyük çətinliyi yeməklərlə bağlı olub. Nənəsinin, anasının dadlı yeməklərinin həsrətini çəkib: “Londonda ən çox yeməklərimiz üçün darıxırdım. İngiltərə təbiəti, tarixi binaları ilə məşhur olsa da, mətbəxlərini sevmirdim. Hətta Azərbaycan restoranında belə, həmin dadı almırdıq. Milli yeməklərimiz üçün çox darıxırdım. Plovu çox sevirəm və dadlı plovun həsrətini çəkirdim. Gələn kimi anam mənə plov bişirmişdi”.
“Bu, mənim atamın qarşısında olan borcumdur”
Xaricdə təhsil alan gənclərin bəziləri orada iş tapıb, karyeralarını əcnəbi ölkədə davam etdirməyi arzulayırlar. Gülnarə deyir ki, onun heç vaxt belə planı olmayıb: “Atam həmişə deyirdi ki, biz hərbçiyik, ölkəni səngərlərdə qoruyuruq, siz də öz peşənizlə bu ölkəyə xidmət etməlisiniz. Atam bu vətən uğrunda canını verib. Mən də bu vətəndə xidmət etməli, ölkəm üçün faydalı olmalıyam. Bu, mənim atamın qarşısında olan borcumdur. Öz ölkəmə ən az atam qədər faydam olsun istəyirəm”.
Milli qəhrəmanın qızı olmaq...
Gülnarə deyir ki, Milli Qəhrəmanın qızı olmaq həm fəxr, həm də çox böyük məsuliyyətdir: “Atam bizimlə sərt davranmırdı, amma onun övladı olduğumuzun məsuliyyətini dərk edirdik. O, Milli Qəhrəman olduqdan sonra bu nizam-intizam davam etdi. Artıq tək deyildik və bilirdik ki, xalqın da gözü üzərimizdədir. Atamın adına layiq övlad olmaq borcumuzdur. Nə xoş mənə ki, onun arzularını reallaşdırıram. Mən fəxr edirəm ki, elə bir atanın qızıyam, ümid edirəm ki, həmişə onun adını layiqincə yaşadacağam”. ("Kaspi" qəzeti)
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO