Elm və təhsil
Hər şey şagirdin qorunması üçün: Bəs müəllimin hüququ?
Azərbaycanda təhsilverənlərin etik davranış qaydalarına edilən yeni əlavələrə əsasən, müəllimlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, şərəf və ləyaqətlərinə hörmət etməlidirlər. Eyni zamanda, intizam tədbiri adı altında şagirdlərə qarşı zorakılığın istənilən formasının tətbiqi qadağan olunur.
Şagirdlərin hüquqlarının qorunması ilə bağlı bu tələblər cəmiyyətdə mühüm müzakirə mövzusu yaradır. O mənada ki, müəllimlərin üzərinə yeni məsuliyyətlər qoyulduğu bir vaxtda onların öz hüquqlarının, peşə nüfuzunun və təhlükəsizliyinin qorunması məsələsi də diqqətdən kənarda qalmamalıdır.
Bəs yeni tələblər müəllimlərin gündəlik fəaliyyətinə necə təsir edəcək?

Yeni tələb deyil
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərovanın fikrincə, şagirdlərin hüquqlarının və ləyaqətinin qorunması, onların alçaldılmadan intizama cəlb edilməsi müəllimlər üçün yeni tələb deyil: “Lakin sinifdə intizamın təmin olunması heç də həmişə asan olmur. Müəllim eyni vaxtda həm dərsi davamlı pozan şagirdlə düzgün davranmalı, həm də digər uşaqların tədris prosesinin normal davam etməsini təmin etməlidir. Belə vəziyyətlərdə müəllimə sadəcə “intizamı təmin et” demək kifayət deyil. Sinifdə davranış qaydaları əvvəlcədən aydın müəyyənləşdirilməlidir. Problem yarandıqda uşağı hamının qarşısında danlamaqdansa, onunla ayrıca danışmaq, davranışının dərsə və digər şagirdlərə necə təsir etdiyini izah etmək daha faydalıdır. Əgər bu hal təkrarlanırsa, müəllim məsələni təkbaşına həll etməyə çalışmamalıdır. Məktəb rəhbərliyi və valideyn də prosesə qoşulmalı, ehtiyac olduqda məktəb psixoloqunun dəstəyindən istifadə edilməlidir”.
İŞ üzvü hesab edir ki, müəllimlə bağlı hər hansı şikayət olduqda qərar verilməzdən əvvəl onun da mövqeyi dinlənilməli və məsələ obyektiv araşdırılmalıdır: “Müəllim təhqir və ya təhdidlə üzləşdikdə isə bu, onunla valideyn arasında şəxsi mübahisə kimi qiymətləndirilməməli, məktəb rəhbərliyi vaxtında müdaxilə etməlidir. Müəllim olaraq əsas gözləntimiz odur ki, üzərimizə düşən vəzifələr qədər, çətin vəziyyətlərdə kimə müraciət edəcəyimiz və hansı dəstəyi alacağımız da aydın olsun. Şagirdin hüquqlarını qorumaqla müəllimin nüfuzunu qorumaq bir-birinə zidd deyil”.
Məsuliyyətin hüquqi çərçivəsi
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova hesab edir ki, şagird hüquqlarının qorunması vacib və zəruri olsa da, bu proses müəllimin pedaqoji fəaliyyətini məhdudlaşdırmamalı və onun üzərinə qeyri-müəyyən məsuliyyət qoymamalıdır: “Müəllim həm təlim-tərbiyə prosesinə, həm də şagirdlərin təhlükəsizliyinə görə məsuliyyət daşıyırsa, bu məsuliyyətin hüquqi çərçivəsi dəqiq müəyyənləşdirilməlidir. Sinifdə intizam qorxu və cəza üzərində deyil, qarşılıqlı hörmət, məsuliyyət və aydın davranış qaydaları əsasında qurulmalıdır. Müəllimin şagirdin davranışına müdaxilə etmək, tələb qoymaq və pedaqoji qərarlar vermək səlahiyyəti tanınmalıdır. Müəllimin nüfuzu və sözü sinifdə qorunmalıdır”.
AGMA sədri hesab edir ki, müəllimin hüquqlarının qorunması şagird hüquqlarının qorunması qədər prinsipial məsələdir: “Müəllim təhqirə, təzyiqə, əsassız ittihamlara və ictimai nüfuzuna xələl gətirən davranışlara qarşı müdafiə mexanizmlərinə malik olmalıdır”. P.Qədimovanın fikrincə, müəllimlər yeni qaydalardan ilk növbədə aydın, ədalətli və praktik tətbiq oluna bilən tələblər gözləyirlər: “Münaqişəli vəziyyətlərdə müəllimin mövqeyinin dinlənilməsi, obyektiv araşdırma aparılması və hüquqi müdafiəsinin təmin edilməsi də vacibdir. Müəllimdən yüksək məsuliyyət tələb etmək onun hüquqlarını arxa plana keçirmək kimi başa düşülməməlidir. Müəllimin hüquqi müdafiəsi, peşə nüfuzunun qorunması, təhlükəsiz əmək şəraiti və qərarvermə səlahiyyətləri konkret mexanizmlərlə təmin edilməlidir. Şagirdin hüquqlarını qorumaq üçün müəllimin hüquqlarını zəiflətmək olmaz. Təhsil mühitində tərəflərdən birinin hüququ digərinin hüququ hesabına təmin edilməməlidir. Güclü və təhlükəsiz müəllim olmadan sağlam təhsil mühiti qurmaq mümkün deyil. Müəllim yalnız məsuliyyət daşıyan tərəf yox, həm də hüquqları qorunan, nüfuzu tanınan və müdafiə olunan peşə sahibidir”.

Müəllimə yeni təzyiq vasitəsi
Təhsil eksperti İlham Əhmədovun fikrincə, son illərdə müəllim nüfuzu ciddi zədələnib: “Etik davranış qaydaları müəllimlər üçün yeni təzyiq vasitəsidir. Müəllimlərdən həm keyfiyyətli tədris tələb edirlər, həm də təlim-tərbiyə işləri üzrə direktor müavininin, psixoloqun funksiyalarını yerinə yetirmələri gözlənilir. Halbuki hər kəsin öz funksiyası olmalıdır. Müəllim dərsini keçməlidir. Bir tərəfdən deyirlər ki, səkkiz saat məktəbdə otur, digər tərəfdən isə “uşağın başından bir tük əskik olsa, sən cavabdehsən” deyə tələb edirlər”.
Ekspert hesab edir ki, müəllimin nüfuzunun yüksəldilməsi və peşəkar inkişafı üçün şərait yaradılması vacibdir: “Süni intellekt dövründə rəqabət artıb. Müəllimlərin maaşı da çox aşağıdır. Müəllimlər özlərini dolandırmaq üçün əlavə olaraq hazırlıq kurslarında dərs deməyə məcbur qalırlar. Bu da onların vaxtını, enerjisini aparır, halbuki, bunun əvəzinə müəllim öz peşəkar inkişafı ilə məşğul ola bilər”. ("Kaspi" qəzeti)
-
Elm və təhsil11:23Hər şey şagirdin qorunması üçün: Bəs müəllimin hüququ?
-
Hadisə10:45Xaçmazda məktəbli qızın meyiti tapıldı - FOTO
-
İdman10:39Günün oyunları - AFİŞA
-
Nida Xəbər 09:53Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlıq müzakirə olundu
-
Nida Xəbər 09:44Prezidentin köməkçisi vyetnamlı müğəninin ifasını təriflədi
-
ABŞ06:16Trampın yeni planı: Yanvarı gözləyir
-
ABŞ05:45Yadplanetlilərlə bağlı sirli sənədlər açıldı: ABŞ ordusu 1 500 hadisəni araşdırıb
-
Qoroskop00:45Günün ulduz falı: Axşam saatlarında xoş sürpriz gözlənilir







.jpg)





























.png)

