Vəzifədən gedənə hücum: Azərbaycan mediası nə vaxt bu xəstəlikdən xilas olacaq?
Bizi izləyin

Elm və təhsil

Vəzifədən gedənə hücum: Azərbaycan mediası nə vaxt bu xəstəlikdən xilas olacaq?

Vəzifədən gedənə hücum: Azərbaycan mediası nə vaxt bu xəstəlikdən xilas olacaq?

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin vəzifəsindən azad edilməsindən sonra mediada və sosial şəbəkələrdə müşahidə olunan mənzərə bir sıra informasiya resurslarının peşəkarlıq səviyyəsini, jurnalistikanın etik prinsiplərinə münasibətini və ümumilikdə ölkəmizdə media mühitinin hansı problemlərlə üz-üzə olduğunu bir daha ortaya qoydu.

Təəssüf ki, Azərbaycanda bəzi media qurumları üçün vəzifədən gedən şəxsə münasibətdə sanki dəyişməz bir davranış modeli formalaşıb: dünənə qədər haqqında xoş sözlər yazılan, fəaliyyəti təriflənən, məlumatları böyük həvəslə dərc edilən şəxs vəzifəsini itirən kimi hədəfə çevrilir. Bir anda onun haqqında ən müxtəlif ittihamlar, şübhələr, fərziyyələr və bəzən də heç bir məntiqə sığmayan iddialar dövriyyəyə buraxılır. Beləcə kimsə vəzifədən gedən kimi onun haqqında olmazın yazılar yazmaq və ya illərlə yığılıb qalmış qərəzi, şəxsi münasibətləri fürsət düşmüşkən ifadə etmək ənənəsi formalaşıb. Bu yanaşmanın arxasında isə çoxlarının yaxşı tanıdığı, lakin nədənsə xilas ola bilmədiyi bir düşüncə tərzi dayanır: “Yıxılana balta vurmaq!”

Elçin Babayevin vəzifədən azad edilməsindən sonra baş verənlər bu sindromun növbəti nümunəsinə çevrildi. Onun dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin adamı olduğunu sübut etmək üçün bəzi media resursları faktları araşdırmaq əvəzinə, müxtəlif fərziyyələr qurmağa, ayrı-ayrı hadisələr arasında süni əlaqələr yaratmağa başladılar.

Xüsusilə 2019-cu ilin sentyabrında BDU-nun 100 illik yubileyi münasibətilə universitet nümayəndə heyətinin Avstriyaya səfəri ətrafında yaradılan informasiya mənzərəsi diqqət çəkdi. İddialara görə, Vyanada səfərdə olan nümayəndə heyəti Ramiz Mehdiyevin tapşırığı ilə planlaşdırılmamış şəkildə Çexiyaya gedərək həmin dövrdə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olmuş Eldar Həsənovla qapalı görüş keçirib.

Bəs, bu iddiaların faktoloji əsası nədir? Səfərin marşrutu, məqsədi, iştirakçıları və guya baş tutmuş görüş barədə hansı təsdiqlənmiş məlumatlar mövcuddur? Bu suallara cavab vermədən ehtimalları həqiqət kimi təqdim etmək jurnalistikadırmı?

Ardınca Elçin Babayevin rektorluğu dövründə BDU-da məzun geyimlərinin və məzun günlərində foto-video çəkilişlərinin inhisara alınması, bundan qanunsuz gəlir əldə edilməsi və digər müxtəlif məsələlərlə bağlı iddialar ortaya atıldı. Bu iddiaların hər biri, təbii ki, araşdırıla bilər və araşdırılmalıdır. Əgər ortada konkret qanun pozuntusu, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya başqa hüquqazidd əməl varsa, bunun hüquqi qiymətini müvafiq orqanlar verməlidir. Lakin araşdırılmamış iddianı təsdiqlənmiş fakt kimi təqdim etmək, şayiəni xəbər, ehtimalı isə hökm səviyyəsinə qaldırmaq yolverilməzdir.

Məsələnin daha həssas tərəfi isə BDU-nun dosenti Nəriman Süleymanovun 18 noyabr 2026-cı ildə intihar etməsi hadisəsinin Elçin Babayevin vəzifədən azad olunması ilə əlaqələndirilməsi cəhdləridir. Bu cür faciəvi hadisədən hər hansı şəxsi gözdən salmaq, ictimai rəy formalaşdırmaq və ya siyasi-informasiya məqsədləri üçün istifadə etmək mənəvi baxımdan da ciddi suallar doğurur. Əgər hadisə ilə bağlı konkret faktlar və hüquqi əsaslar varsa, bunlar obyektiv araşdırılmalı, nəticələr müvafiq qaydada açıqlanmalıdır. Yoxdursa, faciəni fərziyyələrə bağlayaraq kimisə ictimai mühakiməyə çıxarmaq nə jurnalistikanın, nə də insanlığın qəbul edə biləcəyi davranışdır.

Burada bir məqamı xüsusi vurğulamaq lazımdır: məqsəd Elçin Babayevi müdafiə etmək, onun rektor kimi fəaliyyətinə bəraət qazandırmaq və ya bütün iddialardan kənarda dayandığını söyləmək deyil. Onun fəaliyyəti ilə bağlı tənqidlər də ola bilər, ciddi araşdırılmalı məsələlər də. Heç bir vəzifəli şəxs tənqiddən sığortalanmayıb. Vəzifədən azad olunmaq da keçmiş fəaliyyətə dair sualların bitməsi demək deyil. Əksinə, ictimai maraq doğuran məsələlərin araşdırılması medianın mühüm vəzifəsidir. Ancaq tənqidlə qarayaxma, araşdırma ilə ittiham, jurnalistika ilə sifarişli informasiya kampaniyası arasında sərhəd var. Bu sərhədi qorumaq medianın peşəkarlığının əsas göstəricisidir. Jurnalistikanın vəzifəsi kimisə əvvəlcədən günahkar elan etmək deyil, həqiqəti üzə çıxarmaqdır. Bunun üçün faktlar yoxlanılmalı, məlumatın mənbəyi müəyyənləşdirilməli, iddialar qarşı tərəfin mövqeyi ilə tutuşdurulmalı, təqdim edilən informasiyanın ictimai əhəmiyyəti və hüquqi nəticələri nəzərə alınmalıdır. Qarşı tərəfin mövqeyini öyrənmək jurnalistə verilmiş əlavə bir imtiyaz deyil, peşə borcudur. Bu prinsipə əməl etmədən yayılan məlumatın obyektivliyindən və qərəzsizliyindən danışmaq mümkün deyil...

Əlbəttə, media vəzifəli şəxsləri tənqid edə bilər. İctimai vəzifə daşıyan şəxslərin fəaliyyəti daha geniş ictimai nəzarətin predmeti olmalıdır. Əgər bir şəxsin fəaliyyəti dövründə ciddi nöqsanlar olubsa, media bunu həmin vaxt da araşdırmalı, suallar verməli, faktları ictimailəşdirməli idi. Vəzifədən gedəndən sonra birdən-birə üzə çıxan, amma illərlə susqunluq içində qalan “həqiqətlər” isə istər-istəməz başqa suallar doğurur: Bəs bütün bunlar niyə vaxtında araşdırılmırdı? Niyə həmin şəxs vəzifədə olduğu müddətdə bu qədər cəsarətli və prinsipial mövqe nümayiş etdirilmirdi?

Başqa ciddi problem isə sosial mediada formalaşan linç “mədəniyyətidir”. Bir iddia ortaya atılır, ardınca heç bir yoxlama aparılmadan yüzlərlə paylaşım, şərh və ittiham gəlir. İnsanlar məhkəmə hökmü olmadan, araşdırmanın nəticəsini gözləmədən kimisə günahkar elan edirlər. Beləliklə, hüquqi müstəvidə sübut olunmalı məsələ sosial şəbəkələrdə artıq həll edilmiş hesab olunur. Ən təhlükəlisi isə budur ki, sonradan iddianın əsassız olduğu ortaya çıxsa belə, ilkin ittihamın yaratdığı reputasiya zərərini aradan qaldırmaq mümkün olmur.

Bir sözlə, “Ağam mənə kor deyib, gəlib-gedəni vur” prinsipi jurnalistika deyil. Vəzifədən gedən hər kəsi ağına-bozuna baxmadan ləkələmək, haqqında təsdiqlənməmiş məlumatlar yaymaq, hər hadisədən ittiham konstruksiyası yaratmaq medianın nüfuzunu artırmır, əksinə, ona olan etimadı sarsıdır. Azərbaycan mediasının, bütövlükdə cəmiyyətin bu zərərli vərdişdən xilas olmasının vaxtı çoxdan çatıb...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm