Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində alternativ və etibarlı layihədir
Bizi izləyin

Enerji

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində alternativ və etibarlı layihədir

Son 17 ildə “Əsrin müqaviləsi” sayəsində ölkəmizin imkanları ardıcıl şəkildə genişlənib. Qaz ehtiyatları 1 trilyon kubmetrdən çox olan “Şahdəniz” qaz kontraktı üzrə saziş bağlanılıb. Xəzər dənizini Qara dənizlə birləşdirən yeni bir ixrac marşrutu–Bakı-Supsa neft kəməri tikilib. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi Azərbaycanı dünyada, həm də qaz ölkəsi kimi tanıdıb. Bütün bunlarla bərabər, 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub. 2011-ci ildə isə Avropa İttifaqı ilə Azərbaycan arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən strateji enerji əməkdaşlığına dair memorandum imzalanıb və bununla da Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması istiqamətində tarixi addım atılıb.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov Publika.az-a bildirib ki, bu gün Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrastrukturu layihəsi olan Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirir. Bu baxımdan adı çəkilən Dəhliz dünya neft-qaz sənayesində ən mühüm və iddialı layihələrdən biridir.

Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir.

2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Bundan bir il sonra–2019-cu il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya çatdıran Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib.

TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

TAP boru kəməri Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, türk-yunan sərhədindən başlayır və Yunanıstan, Albaniya və İtaliyanın cənub hissəsindəki son təyinat məntəqəsinə qədər uzanır. Boru kəmərinin ilkin gücünün ildə 10 milyard kubmetr təbii qaz olacağı və gələcəkdə bu həcmin 20 milyard kubmetrə qədər artacağı gözlənilir. Eyni zamanda, TAP vasitəsi ilə ildə 8 milyard kubmetr qazın İtaliyaya, qalan 2 milyard kubmetr qazın isə Yunanıstan və Bolqarıstana nəql olunacağı nəzərdə tutulur.

E.Bağırov açıqlamasında daha sonra deyib: “Ötən ilin oktyabr ayında TAP Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı boru kəməri qəbul terminalına qədər təbii qazla doldurulub, noyabrın 15-də Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP kəməri tamamlanıb və ticarət fəaliyyətinə başlayıb. Beləliklə, nə COVID-19 pandemiyası, nə də Dağlıq Qarabağ müharibəsi Azərbaycanın TAP layihəsini yekunlaşdırmasına mane ola bilməyib və ilk Azərbaycan qazı artıq Avropa istehlakçılarına nəql edilib. Təxmini dəyəri 4,5 milyard avro olan TAP boru kəməri, Xəzər dənizindəki “Şahdəniz 2” qaz yatağından (SD2 ) Avropa istehlakçılarına qaz nəql etmək üçün yeni bölgələrarası ixrac qaz kəməri kimi tarixə yazılıb.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında da bildirib ki, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir: “Çünki bizim təsdiqlənmiş təbii qaz ehtiyatımız 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə, bu həcm daha da artıq ola bilər. Azəri-Çıraq-Günəşli yatağında “dərin qaz” adlanan layihəni də nəzərə alsaq, bizim potensialın mənzərəsi daha da aydın olar”.

Göründüyü kimi, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində alternativ və etibarlı layihədir. Əgər əvvəllər Azərbaycan bu layihənin reallaşdırılması istiqamətində bir vasitəçi ölkə kimi görünürdüsə, hazırda Cənub Dəhlizinin formasını və gələcəyini təyin edən əsas iştirakçıya çevrilib. Avropanın enerji təhlükəsizliyində fəal iştirakı, həm də onun qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm