Enerji
Bərpa olunan enerji: Azərbaycanın zəngin potensialı var
2020-ci ildə enerji mənbələri arasında yeganə artım bərpa olunan enerji mənbələri üzrə qeydə alınıb. Pandemiya səbəbindən dünyada enerji tələbatının ötən il 5 faiz həcmində azalmasına baxmayaraq, bərpa olunan enerji mənbələrinin istehsalı 7 faiz yüksəlib.
Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, növbəti 10 ildə bərpa olunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulur.
BEA-nın proqnozuna görə, alternativ enerji mənbələrinin istehsalı 2021-ci ildə 10%, növbəti 5 ildə isə 50% artaraq 2025-ci ildə qlobal elektrik istehsalının 33%-ni təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95%-i bərpa olunan enerji mənbələrinin payına düşəcək.
2025-ci ildə elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələri kömürü geridə qoyaraq ilk sıraya yüksələcək. Ən çox artım isə günəş və külək enerjisi istehsalında, müvafiq olaraq, 60% və 30% qeydə alınacaq. Proqnozlar göstərir ki, günəş və külək enerji stansiyaları gələcəkdə neftlə və kömürlə işləyən elektrik stansiyalarını tamamən sıradan çıxara biləcək.
Alternativ enerji mənbələrinin inkişafına görə Çin dünyada birinci sırada qərarlaşır və son 10 ildə bərpa olunan enerji tutumunu 3,34 dəfə artırmağa nail olub. BEA-nın proqnozuna görə, növbəti 5 ildə bərpa olunan enerji üzrə artımın 40%-i Çinin payına düşəcək. Küləyin sürətinin saniyədə 3-4 m olması ondan elektrik enerjisi əldə etmək üçün kifayətdir. Bakıda isə küləyin orta illik sürəti saniyədə 11 metrdən çoxdur.
Azərbaycanın zəngin bərpa olunan enerji potensialı mövcuddur. Günəş enerjisi üzrə, demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvotoriyasında, Abşeron yarımadasında, Bakıda, habelə Xızı rayonu daha əlverişli sayılır.
Qarabağ bölgəsində zəngin bərpa olunan enerji potensialı mövcuddur. Belə ki, günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə, Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından yüksək qiymətləndirilə bilər.
Azərbaycanda yerli su ehtiyatlarının 25%-nin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı daha əlverişli sayılır.
Xəzər dənizi offşor külək enerjisi baxımından böyük potensiala malikdir. İlkin qiymətləndirmələrə görə, təkcə Azərbaycan sektorunda 157 min meqavatt səviyyəsində enerjinin olduğu hesab edilir. Bu, Azərbaycanda elektrik stansiyalarının ümumi gücündən 20 dəfə çoxdur. Beləliklə, Azərbaycan karbohidrogen potensialından sonra, Xəzəri yenidən kəşf edir.
Azərbaycan 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerjinin payını 30%-ə yüksəltməyi hədəfləyir. Bu, Azərbaycanda enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsi, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.
Azərbaycanda 2013-2019-cu illər ərzində külək enerjisinin istehsalı 131 dəfə, günəş enerjisinin istehsalı isə 55 dəfə artıb.Külək və günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir.
Azərbaycan neft-qaz sektorundan sonra, bərpa olunan enerji sektoruna da xarici investisiyaları cəlb etməyə müvəffəq olub. Səudiyyə Ərəbistanın “Acwa Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə imzalanan icra müqavilələri çərçivəsində Azərbaycanda külək və günəş enerji stansiyalarının tikintisi nəzərdə tutulur. Müqavilələrin imzalanması və layihənin icrası Azərbaycanda formalaşmış əlverişli biznes mühitinin bariz nümunəsi kimi dəyərləndirilə bilər. İlk dəfə xarici sərmayə əsaslı belə layihələrin həyata keçirilməsi nəticəsində il ərzində 330 milyon kub metr qaza qənaət ediləcək, atmosferə 600 min tondan artıq CO2 emissiyasının atılmasının qarşısı alınacaq, habelə yüzlərlə yeni işyerləri yaradılacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi müasir inkişaf strategiyasında Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə, may ayının 3-də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdır.
Azərbaycanın Energetika Nazirliyi ilə Yaponiyanın “Tepsco” şirkəti arasında işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üzrə müqavilə imzalanıb. Bütün bu addımlar, Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafında və Qarabağda yaşıl enerji zonasının yaradılmasında nə qədər istəkli və maraqlı olduğunu bir daha əyani şəkildə ortaya qoyur.
İyun ayının 3-də Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.
Alternativ enerjinin istehsalı artırılmaqla Azərbaycan təbii qaz sərfiyyatını azalda bilər. Qənaət edilən təbii qaz isə həm sənayedə xam mal kimi istifadə edilə, həm də ixrac edilərək ölkəyə əlavə valyuta qazandırıla bilər.
Azərbaycanda “SOCAR Methanol” və “SOCAR Karbamid” zavodlarında təbii qazdan xam mal kimi istifadə edilir. Məsələn, təbii qaz emal olunub karbamid istehsal olunduqda onun əlavə dəyəri iki dəfədən çox artır. Başqa sözlə, qənaət edilən təbii qaz ilə sənayedə əlavə dəyər yaradıla bilər.
Alternativ enerji sektorunun inkişafı Azərbaycanda kiçik və orta biznes subyektlərinin inkişafı və məşğulluq səviyyəsinin yüksəlməsi baxımından əhəmiyyətlidir. Alternativ enerji sektoru əmək tutumu yüksək olan bir sektordur və məşğulluğun artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, Qarabağda bərpa olunan enerji sektorunun inkişafı, regionda yeni işyerlərinin açılmasına dəyərli töhfə verəcəkdir.
Azərbaycan Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35% azaltmağı hədəf kimi götürüb. Bərpa olunan enerji ekoloji cəhətdən təmiz olduğu üçün, bu, həm Azərbaycanın Pariş sazişi çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə, həm də ölkədə ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına dəyərli töhfə verəcəkdir.
2040-cı ildə qlobal enerji tələbatının ən az 25% artacağı proqnozlaşdırılır. Hazırda istehlak olunan enerjinin böyük bir hissəsi neft, qaz və kömür kimi karbohidrogenlərdən əldə edilir. Karbohidrogenlər bu gün dünyanın enerji təchizatının təqribən 84%-ni qarşılayır.
Ötən 20 ildə neft istehlakının artımını şərtləndirən ən böyük faktorlardan biri dünya əhalisinin kəskin artmasıdır. Son 20 ildə dünya əhalisinin sayında 1,7 milyard nəfər artım qeydə alınıb. Əhali sayının artımı və dünya iqtisadiyyatının sürətli inkişafı, öz növbəsində, nəqliyyat vasitələrinin sayını əhəmiyyətli dərəcədə artırıb. Təkcə son 10 ildə qlobal avtomobil parkının sayı 500 milyon artıb.
Karbohidrogenlərin bir gün tükənəcəyi ehtimalı bu gün dünyanı narahat edən ən ümdə məsələlərdən biri kimi aktuallılığını qoruyur. 1950-ci ildən bəri təqribən səkkiz dəfə artan karbohidrogen istehlakı 1980-ci ildən etibarən cəmi iki dəfə artıb. Kömür istehlakı azalsa da, neft və təbii qaz istehlakı hələ də artır və dünyanın enerji ehtiyacının böyük bir hissəsi bu iki enerji mənbəsindən meydana gəlir. Nəzərə alsaq ki, bu gün qlobal enerji istehlakının 84%-i karbohidrogenlərdən meydana gəlir, gələcəkdə bu ehtiyatların tükənmə ehtimalı dünya ölkələrini dərindən narahat edir. Çünki enerji ölkələrin dayanıqlı iqtisadi inkişafının əsas predmetini təşkil edir. Bu səbəbdən, alternativ enerji mənbələrinin mövcudluğu dayanıqlı enerji təchizatının təmin edilməsi, habelə qlobal istiləşmə və iqlim dəyişikliyinin qarşısının alınması baxımından günümüzdə əsas çağırışlardan birinə çevrilib.
Bp-nin hesabatına əsasən, dünya üzrə təsdiqlənmiş neft ehtiyatlarının ümumi həcmi 2019-cu ildə 2 milyard barrel azalaraq 1734 milyard barelə düşüb. Qlobal təbii qaz ehtiyatlarının ümumi həcmi isə 198.8 trilyon kubmetr təşkil edib ki, bu 2018-ci ilin göstəricisi ilə müqayisədə 1,7 trilyon m3 çoxdur.
Analitiklərin hesablamalarına görə, alternativ enerji mənbələri inkişaf etdirilməzsə, bəşəriyyət 200 ildən sonra karbohidrogensiz qala bilər. Belə ki, neft ehtiyatlarının 46-50 ilə, təbii qaz ehtiyatlarının 63-119 ilə, kömür ehtiyatlarının isə 119-176 ilə tükənəcəyi proqnozlaşdırılır.
“OilPrice”ın məlumatına görə, yaxın illərdə beynəlxalq neft şirkətlərinin ehtiyatları azalmağa davam edərsə, qlobal neft bazarlarındakı güc strukturu böyük dəyişikliklərə məruz qala bilər. Citibank-ın proqnozuna görə gələcəkdə Total, BP, Chevron, ENI, ConocoPhillips, ExxonMobil, Repsol, Equinor və Shell kimi transmilli neft şirkətlərinin neft/qaz ehtiyatları, habelə hasilatı əhəmiyyətli dərəcədə azalacaq.
Neft nəhəngləri (ExxonMobil, BP, Shell, Chevron, Total və Eni) adlandırılan böyük şirkətlər qrupunun təsdiqlənmiş neft və qaz ehtiyatları azalan templə davam edir, çünki istismar olunan həcmlər tam olaraq yeni kəşflərlə əvəz olunmur. Belə ki, bu şirkətlərin əksəriyyəti son dövlərlərdə neft-qaz sahələrində axtarış və kəşfiyyat əməliyyatlarını azaldaraq, bunun yerinə enerji səmərəliliyi, habelə alternativ enerji layihələrinə investisiyaları artırır. Artılq bp 2050-ci ilə qədər karbon emissiyasını sıfıra endirəcəyini hədəf olaraq götürdüyünü bəyan edib.
Bir sıra transmilli neft şirkətləri maliyyə dayanıqlılığını gücləndirmək və gəlirlərini optimallaşdırmaq məqsədilə karbohidrogen mənbələrindən asılılığı azaldır və bərpa olunan enerji mənbələrinə investisiyalarını əhəmiyyətli dərəcədə artırır.
ABŞ başda olmaqla, Avropa ölkələrində maliyyə quruluşları neft sahələrinə kredit ayırmaqda əvvəlki qədər istəkli deyil. Bu isə öz növbəsində, ABŞ-da şist neft hasil edən bir çox şirkəti maliyyə böhranı ilə qarşı-qarşıya qoyub. Karbohidrogen resurslarından fərqli olaraq, hazırda enerji səmərəliliyi və altertativ enerji layihələrinə asanlıqla uzun müddətli kreditlər təmin etmək mümkündür.
Qlobal istixana qazı emissiyalarının dörddə üçü karbohidrogen enerji mənbələrindən qaynaqlanır. BEA hesab edir ki, qlobal iqlim hədəflərinə çatmağın ən qısa yollarından biri təsdiqlənmiş karbohidrogen ehtiyatlarının tükənməsini gözləmədən, ən az 2/3 hissəsini olduğu kimi saxlamaqdır.
Gələcəkdə alternativ enerji mənbələri enerjinin istehsalında yeganə mənbə olsa belə, karbohidrogen ehtiyatlarının istehlakından tamamilə imtina etmək qeyri-mümkün görünür. Belə ki, günəş panelləri və külək turbinlərinin hazırlanmasında neft məhsullarına ehtiyac yaranır. Qeyd edək ki, günəş enerjisini elektrik enerjisinə çevirən fotoelementlər əsasən etilen qatları arasında yerləşdirilir. Külək turbinlərinin qanadlarının və digər hissələrin istehsalında da etilendən hazırlanan müxtəlif növ rezinlərdən istifadə edilir.
-
ABŞ19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp
-
Nida Xəbər 18:50Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - Açıqlama
-
Rəsmi xronika17:28İlham Əliyev fərman imzaladı
-
Sosial17:00Əli Əsədov qərar imzaladı
-
Dünya15:36Türklər Rusiyanın bu şəhərinə axın edirlər: Səbəb nədir?
-
Sosial14:20AzTV-də dəyişikliklər: Bəzi şöbələr birləşdirilir, islahatlar başlayır
-
Sosial13:49Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi
-
Sosial12:33Pensiya alanlara şad xəbər!















.jpg)




















