İqtisadi gündəm
Daxili turizmi necə dirçəldək? - Ekspertdən TƏKLİF
Pandemiya ilə əlaqədar olaraq turizm obyektlərinin fəaliyyəti demək olar ki, dayandırılmışdı. Yumşalma tədbirlərinin həyata keçirilməsi, eyni zamanda istirahət mövsümünün başlaması və bir neçə ölkə ilə hava sərhədlərinin bərpa olunması ölkə turizmində əvvəlki kimi olmasa da, bir qədər canlanma ehtimalını artırır.
Bəs ölkəyə turist axınını təmin etmək üçün proseslər necə bərpa olunmalıdır?
Mövzu ilə bağlı Publika.az-a danışan DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, bu yay regionlarımız çoxlu turist qəbulu ilə fərqlənəcəklər: “Hətta elə regionlarımız var ki, ötən il az turist qəbul ediblər, amma bu il çox qəbul edəcəklər, fərqli artım olacaq. Vətəndaşlar artıq xaricə getməyə çəkinirlər. Burada maliyyə məsələləri ön plana çıxır. Çünki artıq gediş-gəliş dəyişib və xeyli vəsait tələb olunur. Pandemiyadan əvvəlki dövrlə müqayisə etsək, bu, vətəndaşlara baha başa gələr”.
S.Dübəndi daxili turizmi dirçəltmək üçün təkliflərini də açıqlayıb. O bildirib ki, daxili turizmi bir qədər də canlandırmaq üçün yaranmış fürsətdən istifadə etmək lazımdır: “Bu da davamlı fəaliyyətə çevrilməlidir. Bura ekoturizm, kənd turizmi, açıq səma altında olan fəaliyyətlər daxildir. Burada mətbəxlə əlaqəsi olan qastronomik turizmi, arxeoloji və tarixi mədəni abidələrimizi, təbii resurslarımızı nəzərə almaq lazımdır. Bütün bunlardan istifadə edərək biz müxtəlif fəaliyyətlər yaratmalıyıq. Həm “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda, həm də strateji yol xəritələrində bu məsələlərə toxunulur və regionların sosial iqtisadi inkişafı məqsəd kimi qoyulur. Bu da bölgələrimizdə yeni iş yerlərinin yaradılmasına bilavasitə bağlıdır. Turizm də buna töhfə verə bilər”.
Ekspertin sözlərinə görə, həmin yerlərdə turizm obyektləri yaradılırsa, oraya çoxlu insanlar cəlb olunur və onun ətrafında periferik sahə yaranır: “Məsələn, kənd təsərrüfatı malları və ya yerli ustalar tərəfindən hazırlanan sənətkarlıq nümunələri, suvenirlər turistlərə təklif olunur ki, bunların da satılması regionun tanıdılması cəhətdən önəmlidir. Yerli insanların bu fəaliyyətə qatılması üçün şərait yaranır. Burada bələdçilər də ortaya çıxır. Bələdçi yerli sakinlərdən formalaşmalıdır. Ona görə ki, öz kiçik vətənini orada yaşayan insandan daha yaxşı heç kim tanıya bilməz. Bakıdan regionlara bələdçi daşınması baha başa gəlir, onlar evini, ailəsini qoyub turistlə birlikdə gedir. Burada qiymət məsələsi ortaya çıxır. Onun hüququdur ki, çox ödəniş istəsin. Ancaq yerli olarsa, ödəniş də az çıxar, eyni zamanda həmin şəxs işlə təmin oluna bilər ki, maraqla da çalışar. Bu da məşğulluğa töhfədir”.
S.Dübəndi qeyd edib ki, burada digər fəaliyyət növləri də ortaya çıxır: “Bunlar sürücülər və hotel işçiləridir. Açıq səma altında olan fəaliyyətlər, təbiətə daha yaxın olmaq şərtilə meydana gələn turizm növləri ortaya çıxır. Bu, çox önəmlidir. Çünki ölkəmiz təbiəti ilə tanınır. Bizim müxtəlif imkanlarımız var ki, bunlardan istifadə edək. Ölkəmiz eyni zamanda tarixi-mədəni abidələrlə də zəngindir. Biz regionlara gedəndə ənənəvi istirahətimizdə gəzintilərdən və ekskursiyalardan çox istifadə etmirik, çünki bu təkliflər də azdır. Bunların sayı artmalı və çeşidlənməlidir. Məsələn, Qubaya gedənə Afurca şəlaləsinə qiyabi gəzinti təklif olunsun, ora 53 metr hündürlüyü olan təbii abidədir. Mən orada olmuşam, təəssüf ki, baxımsız vəziyyətdədir. Suyu azalır, çünki yerli sakinlər boru çəkərək suyu götürürlər. Eyni zamanda təhlükəsizlik məsələləri də düzgün qurulmayıb. Turistlərin qalxıb-düşməsi üçün təhlükəsizliklə bağlı göstəricilər, nişanlar və məlumatlar yoxdur. Biz belə yerləri ortaya çıxarmalıyıq. Bunları təhlil edirik, dövlət qurumları da buna dəstək verir. Bunlara diqqət yetirsək, daha maraqlı turizm obyektləri təşkil edə bilərik”.
Ekspert hesab edir ki, burada davamlılıq prinsipini yaddan çıxarmamalıyıq: “Biz davamlı turizmin inkişafını istəyirik ki, onun da müxtəlif şərtləri var. O cümlədən təbiətdən istifadə edərək biomüxtəlifliyin qorunması, ətraf mühitə ziyan vurmamaq şərti ilə bütün bu fəaliyyətlər təşkil olunmalıdır. Bunlara riayət olunsa, davamlı turizm fəaliyyətləri qurula bilər. Əks halda getdiyimiz yeri məhv etsək, onun təbii və maddi resurslarına zərər vursaq, o yerlər turizm üçün davamlı işləməzlər və bundan irəli gələn bir çox zəncirvari proseslər də pozular”.
Akqabay Mıradov
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib