"Ağ qızıl"ın QARA GÜNLƏRİ: Pambıqçılıqda MONOPOLİYA! - Mütəxəssisdən ŞOK AÇIQLAMA
Bizi izləyin

İqtisadi gündəm

"Ağ qızıl"ın QARA GÜNLƏRİ: Pambıqçılıqda MONOPOLİYA! - Mütəxəssisdən ŞOK AÇIQLAMA

“Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün bazar iqtisadiyyatına uyğun addımlar atılmalıdır. Yəni, məhsul sahədə yetşdirilir, toplanılır, istehsal müəssisəsinə yönəldilir və emal-istehsal prosesi başlayır. Bu gün pambığın qiyməti dünya səviyyəsində müəyyən edildiyi üçün sahibkarlarımız da xam məhsulun qiymətini sərbəst müəyyənləşdirə bilərlər”.

Bu barədə Publika.az-a danışan aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmli bildirdi ki, bu gün hökumət daha çox tədarük və ixracla məşğul olan şirkətlərə şərait yaradır:

“Əsasən yüksək rütbəli məmurlara və ya onların yaxınlarına məxsus pambıq emalı şirkətləri birləşərək monopopiya yaradır və pambıq istehsalçılarına qiymət diqtə edirlər. Onlar yalnız xam pambığın qiymətini diktə etmirlər, eyni zamanda, göstərdikləri xidmətin, yəni əkin, səpin və aqrotexniki qulluq müqabilində özləri üçün qiymət təyin edirlər və hər il bunu artırırlar. Bu gün pambıq yetişdirən sahibkarlar və fermerlər onların “mərhəmətindən” asılı vəziyyətdədir. Bu da bazar iqtisadiyyatı şəraitində yolverilməzdir. Pambıq becərənlərə lazımi şərait yaradılmalıdır. Onlar birləşərək assosasiya və ya birlik qurmalı, yığdıqları məhsulu quruda və ilkin emalını həyata keçirməlidir. Bundan sonra məhsula sərbəst və sərfəli qiymət müəyyən etməli və bazara çıxartmalıdır. Əgər bu qiymət pambıq tədarükçülərinə sərf etmirsə, o zaman xam pambığı Türkiyədən, Özbəkistandan və digər ölkələrdən alsınlar”.

Onun sözlərinə görə, sahibkarlara ən aşağı şərtlərlə kredit əldə etmələri üçün imkan yaradılmalıdır:

“Bu gün ölkəmizdə elə sahibkar var ki, xarici ölkədə öz brendləri ilə tanınmaq istəyir. Məsələn, bir qrup fermer öz aralarında razılaşırlar ki, əldə etdikləri pambıqdan geyim məhsulları istehsal edəcək və onu xarici ölkələrə ixrac edəcəklər. Bu kimi amillər ölkədə pambıqçılığın inkişafına təkan verər, sahibkarları daha çox məhsul yetişdirməyə sövq edər. Onlar da haqq-hesablarını biləcək, keyfiyyətli pambıq əldə etmək və ondan əldə edilən məhsulu baha qiymətə satmaq üçün istehsal prosesində xərcləri nə qədər artıracaqlarını, hansı işləri həyata keçirəcəklərini müəyyən edəcəklər. Öz brendləri ilə tanınmaları üçün sərbəst və yaradıcı olacaqlar. Onlara bunun üçün şərait yaradılmalıdır”.

Ekspert bildirdi ki, inzibati tədbirlərlə pambıqçılığı inkişaf etdirmək olmaz:

“Bildiyimiz kimi, ötən il Azərbaycanda pambıq istehsalı çox az oldu. Bu il pambıq yığımını 500 min tona çatdırılması üçün öhdəlik götürüb. Ancaq bu öhdəliyin yarısına da əməl ediləcəyinə inanmıram. Pambıqçılıq gəlirli sahə olduğu üçün xarici investorlar bura cəlb etmək olar. Yaxud xaricdən ölkəmizə müasir istehsal avadanlıqları gətirilərsə, daha keyfiyyətli geyim və digər məhsullar istehsal etmək olar. Onda pambıqçılığı da inkişaf edəcək”.

Pambıq istehsalının əslində daxili tələbatı ödədiyini söyləyən müsahibimiz qeyd etdi ki, bu gün Azərbaycan daha çox xam pambıq istehsalçısı və idxalçısı kimi tanınır:

“İstehsal etdiyimiz pambığın 80 faizi xam məhsul kimi ucuz qiymətə xarici ölkələrə satılır. Buna yol vermək olmaz. Bu gün şəhərdə doğulan, pambığın yetişdirilməsində heç bir məlumata malik olmayan insanlar pambıq satışı ilə məğul olurlar. Onların hamısı yüksək vəzifəli məmur övladlarıdır. Onların pambıqdan daha yaxşı və daha keyfiyyətli geyim və digər məhsullar istehsal etmələri, onları xarici bazarlara çıxarmaqla, ölkəyə valyuta axınını təmin etmələri üçün yaradıcılıq və məntiqi düşüncə qabiliyyətləri yoxdur. Bunları yalnız yerli sahibkarlar və fermerlər pambıqçılqıla bağlı olan hər şeyi daha dərindən bildikləri üçün emal və istehsal işlərini də həyata keçirə bilərlər”.

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm