Allahşükür Paşazadə Seyid Əli Xameneyi ilə görüşüb
Bizi izləyin

İqtisadi gündəm

Allahşükür Paşazadə Seyid Əli Xameneyi ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İrana səfəri çərçivəsində ölkənin Ali Dini Lideri Ayətullah əl-üzma Seyid Əli Xameneyi ilə görüşüb.

İdarənin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş zamanı İranın dini rəhbəri İslam aləmini təhdid edən dini radiklizm və ekstremizm problemləri və ondan çıxış yolları haqqında öz fikirlərini açıqlayıb.

Görüşdə din adı ilə törədilən cinayətlərin islamla heç bir əlaqəsi olmadığı və belə halların islama və bütün bəşəriyyətə qarşı bir təxribat olduğu vurğulanıb.

İran səfəri çərçivəsində Allahşükür Paşazadə Ayətullah əl-üzma Məkarim Şirazi ilə də təkbətək görüş keçirib. QMİ sədri səmimi qəbula görə Ayətullah Məkarim Şiraziyə öz minnətdarlığını bildirib və Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Şeyxülislam Azərbaycanla İran arasındakı qarşılıqlı münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını qeyd edib. O, vurğulayıb ki, bu münasibətlərin möhkəmlənməsində iki qardaş xalqın ortaq dini dəyərləri bölüşməsi mühüm rol oynayır.

Ayətullah Məkarim Şirazi öz növbəsində dəvəti qəbul edib Beynəlxalq konfransa qatıldığına görə Şeyxülislam Allahşükür Paşazadəyə öz minnətdarlığını bildirib və Prezident İlham Əliyevə səmimi salamlarını çatdırmasını xahiş edib.

Sonra QMİ sədri ilə Ayətullah əl-üzma Cəfər Sübhani arasında təkbətək görüş baş tutub. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Daha sonra Qafqazın şeyxi İrana səfəri çərçivəsində QMİ-nin İrandakı nümayəndəliyinə baş çəkib.

QMİ-nin İrandakı səlahiyyətli nümayəndəsi Hacı Şamil Rəsulova öz müvafiq göstərişlərini verən Şeyxülislam gələcəkdə nümayəndəliyin fəaliyyətinin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb və işində uğurlar arzulayıb.

QMİ-nin İrandakı nümayəndəliyində keçirilən görüşdə Şeyxülislam Allahşükür Paşazadəni QMİ sədrinin birinci müavini Hacı Salman Musayev, QMİ-nin Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev, QMİ-nin Nəşriyyat şöbəsinin müdir müavini, Video-elektron bölməsinin rəhbəri Elşən Mustafayev, QMİ-nin Fətva şöbəsinin əməkdaşı Mircəfər Əyyubov, QMİ sədrinin səlahiyyətli nümayəndəsi, "Məşhədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli, QMİ-nin əməkdaşı Həmid Bağırov, habelə Azərbaycanın İrandakı səfirliyinin birinci katibi Rəşadət Babayev və ikinci katibi Tariyel İsmayılov müşayiət etmişlər.

Daha sonra Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Qum şəhərində İmam Rzanın bacısı Xanım Məsumənin ziyarətgah kompleksini ziyarət edib.

Xatırladaq ki, bu gün, noyabrın 25-də Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin İran səfəri başa çatıb və QMİ sədri vətənə qayıdıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm