Azərbaycan yoxsul ölkələr arasında: Qazandığımız yeməyə gedir - Səbəbi açıqlandı
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan yoxsul ölkələr arasında: Qazandığımız yeməyə gedir - Səbəbi açıqlandı

Dövlət Statistika Komitəsinin açıqladığı son məlumata görə, ölkədə qida məhsulları üzrə illik inflyasiya 8,2%-ə çatıb. Ümumi inflyasiya isə 5,9% təşkil edir. Paralel olaraq, 2025-ci ilin ilk on ayında əhalinin hər nəfərinə düşən nominal gəlirlər 7,7% artsa da, bu artım istehlak xərclərindəki dinamika ilə müqayisədə real rifahı tam əks etdirmir.

Rəqəmlər pərakəndə ticarət sektorunda da ciddi dəyişiklikləri ortaya qoyur. Belə ki, bu ilin yanvar–oktyabr aylarında istehlakçılar ümumilikdə 52,6 milyard manatlıq mal alıb və xərclərin 50,4%-i yalnız ərzaq məhsullarına yönəlib. İnkişaf etmiş ölkələrdə isə bu göstərici təxminən 10-15% civarındadır və bu həddi aşan zaman dövlət vətəndaşlara kompensasiya ödəmə mexanizmləri tətbiq edir.

Maraqlıdır, Azərbaycanda əhalinin gəlirinin yarısının ərzağa xərclənməsi ölkəni böhrana aparırmı? Vətəndaşların ərzaq yükünü azaltmaq üçün hökumət hansı iqtisadi və sosial siyasətləri tətbiq etməlidir?

Mövzu ilə bağlı Publika.az-a danışan iqtisadçı Razi Abasbəyli bildirdi ki, inkişaf etmiş ölkələrdə praktika əsasən aqrar sektorun inkişafına və tədarük göstəricilərinin artırılmasına yönəlib:

“Daxili tədarük potensialının gücləndirilməsi ərzaq məhsullarının qiymətinin aşağı düşməsini hədəfləyir. Bununla bağlı aqrar sektora mütəmadi dotasiya ayrılır. Məsələn, Danimarka, Norveç və hətta İsraildə hökumət kənd təsərrüfatına ayrılan dotasiyalara ildə bir dəfə baxır, mövcud şəraiti qiymətləndirir və strateji proqramları tez-tez yeniləyir".

İqtisadçının sözlərinə görə, Azərbaycanda bu praktika mövcud deyil:

“Burada çayçılıq, pambıqçılıq və digər sahələr üzrə inkişaf proqramları 4-5 illik dövr üçün hazırlanır və adətən düzəliş olunmur. Mövcud şəraitə uyğun olaraq, məsələn, 2022-2023-cü illərdə nəzərdə tutulmuş 500 min ton pambığın yalnız 210 min tonu yığılmışdısa, artıq bu proqram dayandırılmalı idi.

Azərbaycanda şəkər çuğunduru üzrə tədarük göstəriciləri 2,5 dəfəyə qədər azaldı, şəkər tozu və maldarlıq üçün yem təminatı idxaldan asılı vəziyyətə düşdü.

Bu kimi hallarda hökumət çevik qərarlar qəbul etməli, mövcud şəraitə uyğun dövlət proqramlarını icra etməli idi. Lakin Azərbaycanda belə təcrübə mövcud deyil. Proqramlar 4-5 il ərzində icra edilir, ciddi geriləmələr və proqnozdan dəfələrlə aşağı tədarük göstəriciləri ortaya çıxsa da, hökumət buna reaksiya vermir. Azərbaycanda strateji ərzaq məhsullarının – buğda, şəkər çuğunduru, kartof, soğan və digər gündəlik tələbat məhsullarının tədarükü ilə bağlı qərarlar verilməlidir. Çünki Azərbaycan sürətlə idxaldan asılı vəziyyətə düşür. Nəticədə də qiymətlər bahalaşır. İdxaldan asılı vəziyyət qiymətlərin bahalaşmasına səbəb olur".

R.Abasbəyli onu da əlavə etdi ki, qazancın 50 faizdən çoxunu ərzaq, qidalanma üçün sərf edilirsə, bu artıq yoxsulluq səviyyəsidir:

"Əhalinin gəlirlərinin 50 faizdən çoxunu ərzağa xərcləməsi bahalaşmanın nəticəsidir. Qiymətlər sürətlə artdıqda, vətəndaşın aylıq gəlirinin böyük hissəsi ərzağa yönəlir ki, bu da beynəlxalq standartlara görə yoxsulluq səviyyəsinin göstəricisidir.

Yoxsulluğun azaldılması üçün əsas yol məşğulluğun stimullaşdırılmasıdır. Aqrar sektor üçün çevik proqramlar qəbul edilməli, mövcud şəraitə uyğun qərarlar verilməlidir. Təəssüf ki, Azərbaycan hökuməti bu istiqamətdə ləng hərəkət edir və qərarlar gecikdirilir”.

Gülnar Süleymanova

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm