Sel yuyub apardı: Fermerin son ümidi... - Aqrar sığorta kimlərin hayına çatacaq?
Bizi izləyin

İqtisadi gündəm

Sel yuyub apardı: Fermerin son ümidi... - Aqrar sığorta kimlərin hayına çatacaq?

Sel yuyub apardı: Fermerin son ümidi... - Aqrar sığorta kimlərin hayına çatacaq?

Yağış bəzən bərəkət gətirir, bəzən isə səssiz fəlakətə çevrilir. Bu dəfə yağan sadəcə su olmadı - torpağa qoyulan zəhməti yuyub apardı. Bir neçə gün davam edən leysan yağışlar yüzlərlə hektar sahəni altına aldı, fermerin aylarla qurduğu planları bir anda alt-üst etdi. Sanki artıq təbiət də "oyunun qaydaları"nı dəyişib.

Belə bir məqamda aqrar sığorta məsələsi yenidən gündəmə gəlir: kim qazandı, kim itirdi, kim qorundu? Rəqəmlər nə deyir, mexanizm necə işləyir?

Publika.az mövzu ilə bağlı Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri, ekspert Rəvan Səmədliyə müraciət etdi.

Sel dalğası: minlərlə hektar zərər

Mütəxəssis bildirdi ki, 27 mart tarixindən etibarən ölkənin bir sıra bölgə və rayonlarında güclü leysan yağışları nəticəsində sel və subasma hadisələri qeydə alınıb. Onun sözlərinə görə, bu dövr ərzində 31 fermerdən 36 müraciət daxil olub və ümumilikdə 275 sığorta müqaviləsinə zərər dəydiyi bildirilib. Müraciətlər ümumilikdə 2705 hektar ərazini əhatə edir.

Ekspert əlavə etdi ki, bu sahələrin 2436 hektarında birbaşa su basma hadisəsi qeydə alınıb. Zərər görən sahələrin 75 hektarı meyvə bağları, 2361 hektarı isə əsasən taxıl sahələridir. Xüsusilə arpa və buğda sahələrinə ciddi ziyan dəyib. O həmçinin vurğuladı ki, bundan əlavə, 55 hektar sahə fırtına və qasırğa, 214 hektar sahə isə digər təbiət hadisələri nəticəsində zərər görüb.

Ən ağır zərbə bu bölgələrə dəydi

R.Səmədli qeyd etdi ki, regionlar üzrə baxdıqda, müraciətlərin böyük hissəsi Quba-Xaçmaz iqtisadi rayonunun payına düşür - 2218 hektar. Dağlıq Şirvan üzrə 231 hektar, Mərkəzi Aran üzrə isə 213 hektar sahə üzrə zərər qeydə alınıb.

Bu vaxt kritikdir: fermerlərə xəbərdarlıq

"Fermerlərə tövsiyə olunur ki, hadisə baş verən andan etibarən maksimum 10 gün ərzində Aqrar Sığorta Fondunun 1651 qaynar xəttinə məlumat versinlər. Məlumat nə qədər tez təqdim olunarsa, müstəqil ekspertlər sahədəki ziyanı daha dəqiq qiymətləndirə bilər və nəticədə fermerlərə ödəniləcək kompensasiya daha düzgün hesablanar", - Rəvan Səmədli vurğuladı.

Zərər necə hesablanır?

Müsahibimiz bildirdi ki, Aqrar Sığorta Fondu tərəfindən ödənişlər iki mərhələdə aparılır: Bitkilərin inkişaf və yetişmə mərhələsində ilkin ekspertiza aparılır, daha sonra məhsul yığımına yaxın, xüsusilə biçinə təxminən 10 gün qalmış yekun ekspertiza həyata keçirilir.

Fermerin müqavilədə göstərdiyi gözlənilən məhsuldarlıq ilə faktiki sahədə qalan məhsul arasındakı fərq zərər kimi hesablanır və buna uyğun ödəniş edilir.

Ekspert xatırlatdı ki, statistikaya görə, ən çox rast gəlinən təbiət hadisələri sırasında su basma, dolu və fırtına ilk üçlükdə yer alır.

O, son 3 ilin ödəniş mənzərəsini açıqladı: "2023-cü ildə ümumilikdə 7716 hektar sahə üzrə 1,6 milyon, 2024-cü ildə 6697 hektar sahə üzrə 1,7 milyon manat, 2025-ci ildə 3300 hektar sahə üzrə 1,2 milyon manat tək sel su basma hadisələri üzrə fermerlərə sığorta ödənişi həyata keçirilib".

Ən maraqlı məqam isə hansı bitkilərin sığortalanmasıdır. Mütəxəssis bildirdi ki, hazırda Aqrar Sığorta Fondu tərəfindən 40-dan çox bitki növü sığortalanır. Bunlara taxıl (buğda, arpa, çovdar və s.), meyvə və tərəvəz bitkiləri daxildir. Ətraflı məlumatı fondun rəsmi saytından əldə etmək mümkündür.

Sığorta haqqına gəlincə, ekspert bildirdi ki, sığorta məbləği bitkinin növündən və yerləşdiyi ərazidən asılı olaraq dəyişir: “Fermerlər xüsusi kalkulyator vasitəsilə hansı sahə üçün nə qədər sığorta haqqı ödəyəcəklərini əvvəlcədən hesablaya bilərlər. Sığorta haqqının 50%-i dövlət tərəfindən subsidiyalaşdırılır, qalan 50%-ni isə fermer özü ödəyir. Şimal bölgəsində 1000 manatlıq buğda sahəsinin sığortası təxminən 6,5 manat, arpa sahəsi üçün bu məbləğ təxminən 8 manat, Dağlıq Şirvan bölgəsində isə buğda və arpa üzrə sığorta haqqı təxminən 10 manat civarındadır”.

Çağırış

Mütəxəssis sonda vurğuladı ki, son illərdə həm dünyada, həm də ölkəmizdə hava şəraitinin qeyri-sabitliyi artıb və təbiət hadisələri daha tez-tez təkrarlanır, bu isə kənd təsərrüfatına ciddi təsir göstərir: “Fermerlərə tövsiyə olunur ki, təsərrüfatlarını və gəlirlərini qorumaq üçün aqrar sığortadan istifadə etsinlər və zəruri hallarda 1651 qaynar xətti ilə əlaqə saxlayaraq məlumat əldə etsinlər”.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm