Bulvarda meyiti tapılan BDU-nun tələbəsi ilə bağlı ŞOK FAKTLAR - VİDEO
Bizi izləyin

Hadisə

Bulvarda meyiti tapılan BDU-nun tələbəsi ilə bağlı ŞOK FAKTLAR - VİDEO

Video əlavə olunub.

***

Ötən gün Bakı bulvarı ərazisində dənizdən 19 yaşlı gəncin meyiti çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, meyiti tapılan gənc martın əvvəlindən itkin düşmüş, Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin II kurs tələbəsi, idmançı İlkin Qənbərli olub.

İlkinin itkin düşməsindən sonra BDU açıqlama yayaraq onun idmançı karyerası barədə həqiqətə uyğun olmayan məlumatlar verdiyini bildirmişdi.

İ.Qənbərlinin qrup yoldaşları və valideyni də onun bəzi məlumatları şişirtdiyini qeyd edib. BDU-nun yaydığı ilkin məlumatda İlkin Qənbərlinin 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibi olduğu vurğulanmışdı. Lakin Güləş Federasiyasından verilən məlumata görə, İlkin Qənbərli bu idman növü ilə məşğul olsa da, milli komandaya yüksələ bilməyib və beynəlxalq turnirlərdə qalib olmayıb.

BDU-nun Geologiya fakültəsinin tələbələri mətbuata açıqlamalarında bildiriblər ki, İlkin idman fəaliyyətinin qiymətləndirilmədiyini deyərək, ona göstərilən laqeyd münasibətdən narazılığını bildirib:

“Birinci kursdan onlayn dərs müddətində digər qrup yoldaşımlarım kimi İlkini də ekrandan tanımışam. O qədər də əlaqəmiz olmayıb. Əyani üsulla dərs keçməyə başladıqdan sonra münasibətimiz yarandı. Birinci kursdan idman fəaliyyətinə görə aktiv şəkildə dərslərdə iştirak edə bilmirdi, müəllimlər bunu nəzərə alırdı və qiymətlərinə güzəşt edirdi. Son 1-2 həftə ərzində xəbər aldıq ki, sən demə, idman sahəsində heç bir nailiyyəti yox imiş. Hər nə qədər bizə yalan danışsa da, onun itkin düşməsi bizim üçün üzücü xəbərdir. İtkin düşməzdən bir neçə gün öncə bizə demişdi ki, Azərbaycan Güləş Federasiyası onun nailiyyətini qiymətləndirmir, buna görə də idman və təhsilini başqa ölkədə davam etdirməyi planlaşdırırdı. Bununla bağlı ailəsilə danışdığını deyirdi”.

Tələbə yoldaşlarının dediyinə görə, İlkin idman fəaliyyətini Polşada davam etdirmək və orada təhsil almaq qərarına gəlib:

“Bunu dedikdən sonra qrup yoldaşları ilə sağollaşdı. Həmin gün ən yaxın bildiyi 5-6 nəfər dostu ilə onun gedişini qeyd etdik, xeyr-dua verdik, vidalaşdıq. Bizə dedi ki, bu gecə Naxçıvana gedəcək, oradan atası Polşaya göndərəcək. Səhəri günü evdən çıxıb. Ailəsi də daxil olmaqla müəllimləri, tələbə yoldaşları ondan xəbər almayıb. Hazırda harada olması məlum deyil”.

İlkin tələbə yoldaşlarına və müəllimlərə dünya çempionu olduğunu desə də, sonradan onun yalanı üzə çıxıb:

“Özünü yaxşı tələbə yoldaşı kimi tanıtmışdı. Dünya və Avropa çempionu olduğunu söyləyirdi. Müəllimlər ona hörmət edirdi. Sonradan, yəni itkin düşəndən sonra çempion olması barədə dediklərinin yalan olduğu üzə çıxdı. İlkin dərslərdə iştirak etməyəndə müəllimlər ona güzəşt edirdi. Sonuncu dəfə universitetdə çay içib, xeyli söhbət etdik. Sonra sağollaşaraq Polşaya gedəcəyini bildirdi.

Universitetdən çıxandan sonra bizim kirayə qaldığımız evə gəlib, yoldaşlarımıza “mən sabah Naxçıvana, ordan da Polşaya yola düşürəm. Daha idmanı orada davam etdirəcəyəm” deyib. Biz onu “20 Yanvar” metrostansiyasına yola saldıq. Sonradan ondan xəbər çıxmadı. İtkin düşdüyünü eşitdik. Ailəsi ilə əlaqə saxlayıb, nə baş verdiyini öyrənməyə çalışdıq. İlkinin atası oğlunun Polşaya gedəcəyi barədə dediklərinin yalan olduğunu söylədi. Bildirdi ki, İlkin valideynlərinə bizimlə qalacağını deyərək evdən çıxıb.

Biz onun hansı markalı maşınla və hara getdiyini araşdırdıq. Sürücünü tapdıq, onunla bu barədə danışdıq.

“Mən “20 Yanvar” metrostansiyasından “Koroğlu” metrosuna bir manatdan taksi işləyirəm. Siz onu yola salandan sonra, mənə bütün sərnişinləri düşür, sənə əlavə pul verirəm, məni “Sahil” metrosuna apar dedi” – sürücü bildirib.

Bu hadisədən sonra onunla heç bir əlaqəmiz olmayıb. Amma dəfələrlə əlaqə saxlamağa çalışmışıq”.

Qrup yoldaşlarının sözlərinə görə, İlkin xasiyyətcə pis insan olmayıb, hamı ilə yaxşı ünsiyyət saxlamağa çalışıb. Lakin onun niyə yalan danışması heç kimə məlum deyil:

“Bizə deyirdi ki, guya keçən ilin fevral ayında Fransanın paytaxtı Parisdə dünya çempionu olub. Bu yaxında da Qazaxıstanın Nursultan şəhərinə gedibmiş. Sən demə, bunların hamısı yalan imiş. Mart ayının 1-də bizim dərsimiz var idi, İlkin həmin dərsdə iştirak etdi. Sonra yoxa çıxdı”.

Ölüm faktı ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm