İçərişəhərdə inanılmaz rüşvət fırıldağı: "Bu vəzifəli şəxslər..." – Şok təfərrüat
Bizi izləyin

Hadisə

İçərişəhərdə inanılmaz rüşvət fırıldağı: "Bu vəzifəli şəxslər..." – Şok təfərrüat

Özbəkistanın Daşkənd şəhərində anadan olmuş 1986-cı il təvəllüdlü Teymur külli miqdarda dələduzluq etməkdə, vəzifəli şəxsə rüşvət verməyə təhrik eləməkdə təqsirli bilinib.

Publika.az">Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, istintaq orqanı tərəfindən Teymurun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 32.4, 312.1-ci (içtirakçılıq, rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Azad Məcidovun icraatına verilib.

“Mənə 30 faiz gəlir gətirdi”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur bildirib ki, Namiqlə İçərişəhərdə bəzək əşyalarının, suvenirlərin satışı ilə məşğul olarkən tanış olub: “İçərişəhərdən tanıdığım Namiq 2020-ci ilin mart-aprel aylarında otellərə şirniyyat satdığını və qazanc əldə etdiyini bildirdi. O, pul verəcəyim təqdirdə dövriyyəni artıraraq qazanc götürə biləcəyimizi söylədi. Razılaşdım və ona hazırda xatırlamadığım müxtəlif məbləğlərdə pul verdim.

Namiq verdiyim pulları bir neçə həftə sonra qazancla geri qaytardı. Hər ay verdiyim pulun nisbətində mənə təqribən 30 faiz gəlir gətirdi. Namiqin anket məlumatlarını və telefon nömrəsini bilmirəm”.

“Qazancın az hissəsini özümə götürdüm”

Teymurun sözlərinə görə, ölkədə 2020-ci ilin mart ayından pandemiya qaydalarının tətbiqi səbəbindən bütün iş yerlərində olduğu kimi onların fəaliyyətində də ciddi çətinliklər yaranıb: “Tanışım Atasoltan mənə yaxınlaşaraq, işlərin pis getdiyini bildirdi və haradan gəlir əldə etmək mümkün olduğunu soruşdu.

Həmin ərəfələrdə Namiq dövriyyəni artırmaqla daha çox qazanc əldə edə biləcəyimizi və bunun üçün çox pul lazım olduğunu bildirdi”.

Təqsirləndirilən şəxs deyib ki, söhbət zamanı Namiqin belə bir işlə məşğul olduğunu və Atasoltanı da bu işə daxil edə biləcəyini deyib: “Atasoltan təklifimlə razılaşdı. İlk dəfə təxminən 2020-ci ilin martında mənə 1.000 manat verdi. Həmin pulu Namiqə çatdırdım. 15 gün sonra Namiq hazırda xatırlamadığım qazancla birlikdə pulu mənə geri qaytardı. Mən də 1.000 manatı və qazanc kimi Namiqin verdiyi pulu götürərək Atasoltanın yanına getdim.

1.000 manatı və qazanc kimi verilən pulun böyük hissəsini Atasoltana verdim. Qazancın az bir hissəsini isə özümə götürdüm”.

“Daha çox pul lazım olduğunu dedi”

Teymurun ifadəsinə görə, bundan sonra bir neçə dəfə Atasoltandan pul götürərək Namiqə verib:

“Namiq də həmin pulları bizə qazancla qaytardı. Qazancın böyük hissəsi Atasoltana, az bir hissəsi isə mənə çatmaqla aramızda böldük. Şirniyyat işinin görülməsi üçün Atasoltan ümumilikdə mənə təxminən 7.000 manat verdi. Həmin pulların hamısını Namiqə çatdırdım, o da qazancla birlikdə pulları geri qaytardı.

Mən qazancın az bir hissəsini özümə götürərək əsas məbləğləri və qazancın qalan hissəsini Atasoltana vermişəm. Şirniyyat işi təxminən 2020-ci ilin avqust ayına kimi davam etdi. Həmin ərəfələrdə Namiq mənə Çindən suvenirlər, bəzək əşyaları və dekorlar gətirərək satdığını, bunun müqabilində normal qazanc əldə etdiyini, bu işin görülməsi üçün daha çox pul lazım olduğunu bildirdi.

Mən də bu barədə Atasoltana dedim. Atasoltan bu işlərin görülməsi üçün də pul verə biləcəyini bildirdi”.

“Qazancı aramızda böldük”

Teymur deyib ki, bundan sonra müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə Atasoltandan pul götürüb və Namiqə verib:

“Həmin pulları Atasoltandan götürərkən mənə əlyazma yazdırdı, özündə saxladı. İlk dəfə təxminən 27 aprel 2020-ci ildə Namiqə vermək üçün Atasoltandan 7.000 ABŞ dolları məbləğində pul götürdüm və Namiqə verdim. Təxminən 1 ay sonra Namiq həmin məbləğdə pulu təxminən 2.600 dollar qazancla geri qaytardı. Mən də ümumilikdə 9.600 dolları götürərək Atasoltanın Yasamal rayonunda yerləşən mənzilinə getdim, 9.600 dolların 1.300-nü özümə qazanc kimi götürdüm, 8.300-nü isə Atasoltana verdim. Atasoltan bu barədə dəftərdə qeydiyyat apardı”.

Teymur deyib ki, təxminən 8 iyun 2020-ci ildə yenidən Atasoltandan 7.200 dollar götürüb, yenə də əlyazma yazıb imzalayaraq Atasoltana verib: “Təxminən 1 həftə-10 gün sonra Namiq 7.200 dolları hazırda xatırlamadığım məbləğdə qazancla birlikdə geri qaytardı”.

Teymurun sözlərinə görə, Namiqə vermək üçün Atasoltandan təxminən 8.800 dollar pul götürüb və bu barədə də əlyazma yazaraq imzalayıb: “Bir müddət sonra Namiq həmin pulu da hazırda xatırlamadığım məbləğdə qazancla geri qaytardı. Bu qaydada Atasoltanla işlərimiz 2020-ci ilin avqust-sentyabr aylarına kimi davam etdi”.

“Pulu qaytarmağı tələb etdi”

Teymur qeyd edib ki, 2020-ci ilin avqust-sentyabr aylarında Namiq Türkiyəyə getdiyindən pulları geri qaytarmağı gecikdirməyə başlayıb: “Namiq Türkiyə vətəndaşı olduğundan bizim pullarımızı oradan hesaba göndərəcəyini bildirdi. Lakin pulları göndərmədi. Bu səbəbdən mənimlə Atasoltan arasında narazılıq yaranmağa başladı. Atasoltan qalan pulu geri tələb etməyə başladı. Namiqi tapa bilmədiyimdən pulu Atasoltana qaytara bilmədim”.

Teymurun ifadəsinə görə, 2020-ci ilin sonlarına kimi Namiqlə vatsapda əlaqə saxlayıb, Namiq pulları geri qaytaracağını və onu pis vəziyyətdən çıxaracağını bildirib: “Mən də ona güvəndim, Atasoltana aramızda olan pul məsələlərini həll edəcəyimə söz verdim. Lakin Namiq 2020-ci ilin sonlarında mənimlə əlaqələrini kəsdi.

Namiqdən xəbər ala bilmədiyimdən Atasoltanla aramızda pul mübahisəsi həll edilmədi. Pulların bir hissəsi Atasoltana qaytarıldı. Hazırda xatırlamadığım miqdarda pullar qaytarılmayıb”.

Teymur deyib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində hüquq məsləhətçisi kimi işə düzəltmək adı ilə Atasoltandan 14.000 dollar məbləğində pul almayıb.

“Yeni iş qurmağı təklif etdi”

Cinayət işi üzrə şahid qismində ifadə verən Atasoltanın sözlərinə görə, uzun müddətdir İçərişəhərdə bəzək əşyalarının, suvenirlərin satışı ilə məşğul olur:

“Teymuru 2020-ci ilin əvvəlindən tanımışam. İşlətdiyim mağazanın yaxınlığındakı mağazada satıcı işlədiyindən münasibətlərimiz yarandı. 2020-ci ilin martından etibarən COVİD-19-la bağlı mənim iş fəaliyyətimdə də çətinliklər yarandı. Həmin vaxt Teymur işlətdiyim mağazaya gəldi, özünü ağıllı və mədəni bir insan kimi göstərdi.

Teymur pandemiya ilə bağlı məhdudiyyətlərin uzun müddət davam edəcəyini bildirdi, yeni iş qurmağı təklif etdi. O, şirniyyat müəssisəsi olduğunu, nüfuzlu şəxslər üçün müxtəlif şirniyyat növləri, tort və paxlava bişirtdirib, satdığını dedi. Həmin işi böyütmək üçün müəyyən məbləğdə pul lazım olduğunu, bununla bağlı mənim də pul verəcəyim təqdirdə yaxşı qazanc əldə edəcəyimizi bildirdi”.

“Narahat olmadım”

Atasoltan qeyd edib ki, Teymur 1.000 manat verəcəyi təqdirdə, 15 gün ərzində həm həmin pulu qaytaracağını, həm də əlavə 300 manat qazanc verəcəyini deyib: “Teymurun təklifini qəbul edərək ilk dəfə 2020-ci ilin martın 17-də 1.000 manat pulu ona verdim. Teymur pulu götürdü, qısa vaxta həm verdiyim pulu, həm də əldə olunacaq qazancı verəcəyini dedi.

Teymur dediyinə əməl edərək aprelin 1-də 1.400 manatla yanıma gəldi. Həmin puldan 100 manat götürərək qalanını mənə verdi. Teymurun belə davranışı məndə inam yaratdı. Onunla bu şəkildə iş görməyə başladıq.

Teymur ilk dəfə məndən aldığı 1.000 manat pulu qaytarsa da, sonradan ona hər dəfə verdiyim 1.000 manatıqaytarmayaraq dövriyyədə olduğunu dedi. Çətin bir vaxtda Teymur mənə hər dəfə 300 manat qazanc verdiyindən maya olaraq verdiyim pulu qaytarmamasından narahat olmadım və şübhələnmədim”.

“Nüfuzlu şəxslərin adlarını çəkdi”

Atasoltanın bildirdiyinə görə, Teymur verdiyi pullar qarşılığında qazanc kimi ona hər dəfəsində 300 manat olmaqla 8 dəfə, ümumilikdə 2.400 manat pul verib: “Teymura tamamilə inandığımdan 2020-ci ilin avqust ayına kimi onunla bu qaydada işlədim. Həmin ərəfələrdə Teymur xırda qazanc əldə olunan işlərdənsə daha böyük qazanclar gətirən işlər görməyi təklif etdi.

Nüfuzlu dostları olduğunu, həmin dostları üçün hədiyyəlik əşyaları Çindən uyğun qiymətə gətirərək dostları vasitəsilə gömrük işlərini həll etməklə, malları nüfuzlu dostlarına satıb, yaxşı qazanc əldə edə biləcəyimizi dedi. Teymurdan nüfuzlu şəxslərin kimlər olduğunu soruşdum. SOCAR şirkətinin və Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin adlarını çəkdi.

Teymurun dediklərinə inanmasam da, o, telefonunda adlarını qeyd etdiyi şəxslərin şəkillərini göstərdi, onların yanındakı bir nəfərin dostu olduğunu dedi”.

“Razlaşdım”

Atasoltan deyib ki, hər iki nüfuzlu şəxslə bağlı eşidəndən sonra Teymura daha da inanıb: “Çindən Rövnəq Abdullayevin oğlu üçün tez bir zamanda suvenir heykəl gətirməli olduğunu, ancaq bunun üçün müəyyən məbləğdə pul lazım olduğunu bildirdi.

İşin ən geci bir ay müddətində bitəcəyini və məndən alacağı pulu geri qaytaracağını dedi. Teymur 7.000 dollar lazım olduğunu, təxminən 3-4 min qazanc əldə edəcəyimizi söylədi. Mən də razılaşdım”.

Atasoltan bildirib ki, 27 aprel 2020-ci ildə Teymur yaşadığı evə gəlib: “Evdə hər biri 100 dollar olmaqla 7.000-i ona verdim. Teymura məndən pul alması ilə bağlı dəftərdə öz xətti ilə yazıb qeydiyyat aparmasını və imza qoymasını xahiş etdim. O da xahişə əməl etdi. Pulu alandan bir ay sonra hesablaşacağımızı, yəni 25 may 2020-ci ildə həmin pulu qaytaracağını bildirdi.

Paralel olaraq Teymurla şirniyyat işlərinə də davam etdim. Hər dəfə Teymurla görüşəndə işlərin qaydasında olduğunu deyirdi”.

“Ticarətlərimizin baş tutması üçün razılaşdım”

Atasoltanın bildirdiyinə görə, 2020-ci ilin iyun ayında Teymur işdə kiçik problem yarandığını, əlavə 7.200 dollar lazım olduğunu bildirib: “Teymura inandığımdan işin həll olunması üçün 8 iyun 2020-ci ildə yaşadığım evdə 7.200 dolları ona verdim. Məndən aldığı pulu götürəndə öz xətti ilə dəftərdə yenə qeydiyyat apardı və imza atdı.

10 gün sonra Teymur mənimlə görüşən zaman yenidən 8.800 dollar pul lazım olduğunu, əks təqdirdə işin batacağını dedi. Ona daha pulum olmadığını bildirdim. Teymur məndən birinci dəfə aldığı 7.000 dolları pulu qaytarmağı, mənim də həmin pulun üstünü düzəldərək 8.800 dolları verməyimi təklif etdi. O, məni tam inandırdığından ticarətlərimizin baş tutması üçün razılaşdım.

İyunun 18-də Teymur yaşadığım evə gəlib 7.000 dollarıçıxararaq stolun üzərinə qoydu. Onun üzərinə 1.800 dollar qoyub özünə qaytardım. Teymur yenə həmişəki kimi pulu götürməsi ilə bağlı dəftərdə qeydiyyat apardı. Bir ay sonra, yəni iyulun 13-də qazancla birlikdə pulları geri qaytaracağını bildirdi”.

“Bu işin arxasında vəzifəli şəxslərin olduğunu dedi”

Atasoltan qeyd edib ki, Teymurla söhbət əsnasında Ankara Universitetində hüquq fakultəsini bitirən oğlunun işsiz olduğunu deyib:

“Teymur da nüfuzlu tanışları olduğunu, 15.000 dollar pulun müqabilində oğlum Əlisgəndəri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində hüquq məsləhətçisi kimi işə düzəldə biləcəyini dedi. Teymura inanaraq razılaşdım. Lakin həmin pulu dəqiq kimə verəcəyini demədi.

Teymur bu barədə heç kimə deməməyimi tapşırdı və bu işin arxasında Dövlət Təhlükəsizlik Xidmətinin vəzifəli şəxslərinin dayandığını, onların adlarının hallanmaması və işin alınması üçün bu məsələnin gizli qalmasının vacib olduğunu bildirdi. Bu barədə oğluma da heç nə demədim. Ona sürpriz etmək istədim.

Teymurla danışıqlarımızdan bir həftə sonra borc-xərc edərək 14.000 dolları düzəltdim, təxminən 2020-ci ilin avqustun ortalarında Teymur yaşadığım binanın həyətinə gəldi. Teymurla görüşdüm, 14.000 dollar düzəltdiyimi dedim. Teymur problem olmadığını, qalan 1.000 dolları əvəzimdən verəcəyini bildirdi.

Hər biri 100 ABŞ dolları əsginasından ibarət olan 14.000 dolları pulu şəxsən Teymura verdim”.

“Pulumu qaytarmasını tələb etdim”

Atasoltan deyib ki, Teymur 2020-ci ilin dekabrın 25-nə kimi oğlu Əlisgəndərin əmrinin veriləcəyini deyib: “Həmin vaxtdan təxminən bir ay sonra bu barədə oğlum Əlisgəndərə məlumat verdim. Oğlum bundan çox əsəbiləşdi, belə bir iş gördüyüm üçün məni qınadı.

Teymur yenə guya işlə bağlı yaşadığım binanın həyətinə gələndə oğlum Əlisgəndərlə onu tanış etdim.

Bir ay sonra Teymur mobil telefon nömrəsi verdi, oğlumun barəsində sağlamlıq haqqında arayışı və fotoşəkili həmin nömrənin sahibinə çatdırmağı tapşırdı. Bu barədə oğluma dedim. Oğlum da həmin telefon nömrəsinə vatsap vasitəsilə diplomunun, eləcə də digər sənədlərinin şəklini həmin şəxsə göndərdi.

Bir müddət sonra Teymurla əlaqə saxladım, oğlumun iş məsələsinin nə yerdə olduğunu soruşdum. Teymur əlavə 12.000 dollara ehtiyac olduğunu və həmin pulu çatdıracağım təqdirdə dekabrın 12-də Əlisgəndərin işə başlayacağını bildirdi. Bu dəfə Teymurun məni aldatdığını başa düşdüm. Pulumu geri istəməyə başladım. Dəfələrlə ona zəng etdim, pulumu qaytarmasını tələb etdim”.

“Məni yer üzündən siləcəklərini bildirdi”

Atasoltanın sözlərinə görə, Teymur onu müxtəlif bəhanələrlə aldatmaqda davam edib:

“Nəhayət, Teymur mənə bu işin arxasında DTX-nin vəzifəli şəxslərinin dayandığını, bu məsələni böyüdəcəyim təqdirdə guya məni yer üzündən siləcəklərini bildirdi. Bütün bunlara baxmayaraq təkidlə Teymurdan pulumu tələb etdim.

2020-ci ilin oktyabrın ortalarında Teymur mənimlə Yasamal rayonu ərazisində “Qələbə dairəsi” deyilən yerdə görüşdü, 9.000 dolları qaytardı. Həmin puldan əlavə bu günə qədər Teymur mənə heç bir məbləğdə pul qaytarmayıb. Teymurun istifadəsində olan telefonuna dəfələrlə zəng etsəm də, hərdənbir telefona cavab verib, yenə məni müxtəlif bəhanələrlə aldatmaqda davam edib”.

Atasoltan qeyd edib ki, 2020-ci ilin noyabrından isə Teymur ümumiyyətlə zənglərinə cavab verməyib: “Teymur ticarət adı ilə ümumilikdə 16.000 dolları, oğlum Əlisgəndəri işə düzəltmək adı ilə 14.000 dolları, şirniyyat işi ilə əlaqədar 7.000 manat pulumu aldadaraq ələ keçirib.

Mənə ümumilikdə 21.000 dolları qaytarılmayıb. Oğlumun işə düzəlməsi adı ilə aldığı pulu konkret kimə verəcəyini deməyib”.

Teymur 7 il müddətinə azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm