Nərminin qətlində ziddiyyətli ifadələr: Nənəsi istintaqa nə deyib? – Şok faktlar
Bizi izləyin

Hadisə

Nərminin qətlində ziddiyyətli ifadələr: Nənəsi istintaqa nə deyib? – Şok faktlar

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az">Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində bir neçə kənd sakini ifadə verib.

Kənd sakini Adil Abdullayev bildirib ki, Nərmin itkin düşdüyü gün səhər saat 9-dan axşam saat 18.00-a qədər Dondar Quşçuda qohum-qonşuya dəvətnamə paylayıb: “Bu müddətdə küçədə nə Nərmini, nə də onu oğurlayaraq öldürməkdə ittiham olunan İlkin Süleymanovu görmüşəm”.

Başqa bir kənd sakini isə Nərminin axtarışlarında iştirak etdiyini bildirib. O qeyd edib ki, çöldəki sahələri axtarırdılar.

Daha sonra Nərminin nənəsi Minayə İsmayılovanın istintaqda verdiyi ifadələri elan edilib. Minayə İsmayılova Nərminin anası Aynurə İsmayılovanın anasıdır.

Həm Minayə İsmayılova, həm də Aynurə İsmayılova ibtidai istintaq zamanı prokurorluqda dindirilsələr də, adları məhkəmədə ittiham tərəfin şahidləri siyahısına daxil edilməyib.

Məhkəmə istintaqı zamanı İlkin Süleymanovun vəkilləri Minayə İsmayılovanın məhkəməyə də çağırılaraq dindirilməsini tələb edib. Məhkəmədə hakim heyəti isə Minayə İsmayılovanı dindirməkdən imtina edib.

Minayə İsmayılova istintaqa verdiyi ifadəsində qeyd edib ki, qızı Aynurə 2007-ci ildə Şərif Quliyevlə ailə qurub.

Onun sözlərinə görə, kürəkəni Şərif Quliyevə ciyər xəstəliyilə əlaqədar əlillik təyin edilib: “Kürəkənimin anası Leybə Quliyeva ilə münasibətlərimiz yaxşı deyil. Çünki illər öncə Leybə Quliyeva qızım Aynurəni iki uşaqla birlikdə evdən çıxardı. Onda hələ üçüncü qız Şəhanə doğulmamışdı, Şəbnəm və Nərmin var idi. Mənim evimdə qalanda Şahanə dünyaya gəldi”.

Minayə İsmayılova deyib ki, qızı ailəsi ilə birlikdə bir müddət onun evində, bir müddət isə kirayədə qalıblar: “Sonradan mənim də dəstəyimlə ev tikdilər, həmin evə köçdülər”.

Minayə İsmayılova istintaqda dindirilərkən öz qızı Aynurə İsmayılova ilə də küsülü olub: “Hazırda qızım mənimlə küsülüdür. Səbəb telekanallarda danışanda qaynı Lətifin adını çəkməyim olub. Mən Lətifdən şübhələndiyimi demişəm”.

Minayə İsmayılovanın sözlərinə görə, Nərmini sonuncu dəfə itkin düşməmişdən 7-8 gün əvvəl görüb: “Qovlar qəsəbəsində işləyirəm, həmin gün səhər işə getdim. Qayıdandan sonra saat 19.00-da Şəbnəm gəldi ki, Nərmin burada deyil? Dedim, yox. Bundan sonra getdi. Gecə saat 1 radələrində qapım döyüldü, dedilər ki, polisdir. Bir neçə polis əməkdaşı evə daxil oldu, baxdılar. Sonra mən də onlarla birlikdə maşınla qızımgilə getdim. Orada eşitdim ki, günorta Arif əmisigilə gödəkçə aparıb, sonra digər əmisi Lətifgildən də atasının gödəkçəsini götürüb, ondan sonra yoxa çıxıb. Bir müddət sonra Şəbnəm onun arxasınca gedib, deyiblər ki, dərhal gedib. Şəbnəm qayıdanda onu bir sarı maşına mindirmək istəyiblər, amma minməyib”.

Nərminin atası Şərif Quliyev məhkəmədə ifadəsində bildirib ki, həmin gün toyaxşamından qayıdandan sonra axşam saat 21-22 radələrində qayınanasıgilə gedib, uşağını soruşub. Lakin qayınanası onun evinə daha tez – saat 19.00 radələrində nəvəsi Şəbnəmin gəldiyini bildirib.

Vəkillər bu ziddiyyəti Şərif Quliyevlə aydınlaşdırmağa çalışıb. O bildirib ki, qızı Şəbnəmlə birlikdə özü də gedib.

Vəkillər ondan soruşub ki, bəs niyə qızı Şəbnəm günorta gələrək ona Nərminin yoxa çıxdığını xəbər verəndən dərhal sonra uşağı axtarmağa başlamayıb?

Şərif Quliyev isə cavabında deyib ki, övladını 47 gün axtarıb.

Minayə İsmayılovanın iş materiallarında daha bir ifadəsi var. Həmin ifadədə isə o bildirib ki, qızı Aynurə kafedə işləyirdi. Hadisədən bir müddət əvvəl kürəkəni Şərif Quliyev sərxoş vəziyyətdə Aynurə İsmayılovanın işlədiyi kafeyə gələrək, onu bıçaqlamaq istəyib. Həmin vaxt qorxuya düşən qızı ona zəng edib, iş yerinə gəlməsini istəyib. O da taksi ilə qızının işinə gedib.

Həmin gün yolda Şərif Quliyevi görüb çağırsa da, kürəkəni ona əhəmiyyət verməyib. Qızını iş yerindən götürüb, birlikdə polis şöbəsinə gediblər, orada ərinin Aynurə İsmayılovanın başına gətirdiklərini danışıblar.

Bir neçə gün sonra yenidən polis şöbəsinə gediblər. Bu dəfə isə qızı əri ilə barışdığını bildirib.

Növbəti proses iyulun 13-də davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm