Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
Bizi izləyin

Nida Xəbər

Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR

Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR

“Məhəllə Hələbə döndü”, “Öz ölkəmizdə qaçqına çevrildik”, “addım başı suriyalıdır” deyimləri günümüz Türkiyəsinin demoqrafik mənzərəsini izah edir. Bu mənzərə qarşısında Türkiyə vətəndaşları bəzən “suriyalılar Suriyaya”, “Qonaqlıq çox uzun çəkdi” deyə etiraz edir, bəzən də həll edilməyən, əksinə getdikdə böyüyən problemə “Kaş biz də Suriyaya sığınsaydıq”, “Gələcəkdə azlıqların hüququndan istifadə etmək üçün ərəbcə öyrənirəm”, “Türk dili xarici dilə çevrildi” deyə ironiya ilə yanaşırlar.

2011-ci ildə Suriya müharibəsi başladıqdan sonra ən çox miqrant qəbul edən Türkiyənin vəziyyəti həqiqətən də ironikdir. Türkiyə vətəndaşları öz vətənlərində faktiki olaraq, qaçqına çevriliblər. İstanbuldan “ərəbləşən şəhər” deyə bəhs edilməsi təsadüfi deyil, çünki şəhərin bir çox qəsəbəsi tamamilə suriyalı və digər ölkələrdən gələn miqrantlar tərəfindən zəbt edilib. Əsənyurd, Fatih, Zeytinburnu, Bağcılar və Başakşəhər kimi qəsəbələr suriyalıların kompakt yaşadığı ərazilərdir. Hətta bu bölgələrdə küçə elanları və lövhələri artıq türkcə yox, ərəb əlifbası ilə yazılır.

Türkiyəli sosioloqlar bildirir ki, bir müddət sonra türklər İstanbulda azlıq vəziyyətinə düşə bilərlər. Sosial mediada Fatih, Əsənyurd kimi bölgələrdə suriyalıların çoxluq təşkil etməsi yumor mövzusuna da çevrilir. Misal üçün, Türkiyə vətəndaşları “pasportumu evdə unutmuşam, sərhədi necə keçim?!”, yaxud “Şama gəldim, amma dönər qiymətləri çox bahalıdır” kimi ironik ifadələrlə real vəziyyəti izah edirlər. Türkiyənin bir sıra sərhəd şəhərləri - Hatay, Kilis, Şanlıurfa, Qaziantep isə küçələrdəki elan və lövhələr, eləcə də həyat tərzi ilə ərəb ölkələrini xatırladır. Kilis əhalisinin 40 faizə, Qaziantep və Şanlıurfanın əhalisinin 15 faizə qədəri suriyalılardan ibarətdir.

Türkiyənin İmmiqrasiya İdarəsi Müdirliyinin məlumatına görə, 2021-ci ildə ölkədə qeydiyyatdan keçən suriyalıların sayı 3,7 milyondan çox olub. 2026-cı ildə bu rəqəmin 2,2 milyona düşdüyü rəsmi olaraq açıqlansa da, reallığın fərqli olduğu haqda fikirlər var. Müstəqil ekspertlər qeydiyyatdan keçməyən miqrantların – suriyalılarla yanaşı, əfqanlar, pakistanlılar və digər ərəb ölkələrindən gələnlər də daxil olmaqla, 5,3 milyondan çox olduğunu deyirlər. Zəfər Partiyasının sədri Ümid Özdağ isə Türkiyədə ümumilikdə 13 milyon miqrantın olduğunu iddia edib.

Oktyabrın 4-də bu haqda danışan Ü.Özdağ bildirib ki, 2021-ci ildə ölkədə 13 milyon qanunsuz miqrant var idi: “Onların 5 milyonu qeydiyyatda olan, 2 milyonu isə qeydiyyatda olmayan suriyalılar idi. Üstəlik, 2 milyon əfqanı və 2 milyon afrikalını da əlavə etdikdə, onların sayı 11 milyona çatırdı. Dünyanın Banqladeşdən Mərakeşə qədər 165 ölkəsindən gələnləri də nəzərə alsaq, ümumi say 13 milyona yüksəlirdi. Biz Türkiyədə qeydiyyatda olan 5 milyon və qeydiyyatsız 2 milyon olmaqla, ümumilikdə 7 milyon suriyalının olduğunu deyəndə, Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi Türkiyədə 3 milyon 700 min suriyalının yaşadığını bildirmişdi. Ötən ay isə Türkiyənin Dəməşqdəki səfiri 2011-ci ildən sonra 15 milyon suriyalının Türkiyəyə gəlib-getdiyini və sayın ən yüksək həddə çatdığı dövrdə ölkədə 6 milyon suriyalının olduğunu açıqladı. Beləliklə, Türkiyə xalqına illər boyu rəsmi rəqəmlərlə yalan danışıldığı üzə çıxdı”.

O qeyd edib ki, suriyalılar geri qayıtsın deyəndə hakimiyyət “siz onları odun-alovun içinə atmaq istəyirsiniz, Suriyada vətəndaş müharibəsi davam etdiyi halda onları geri göndərə bilmərik” deyirdi.

“Vətəndaş müharibəsi başa çatdı, amma suriyalılar hələ də buradadırlar. İndi Türkiyədə 2 milyon 300 min nəfərin qaldığını deyirlər. Türkiyənin Dəməşqdəki səfiri iyunun 6-da bildirdi ki, “artıq geri dönüş olmayacaq, onları cəmiyyətə inteqrasiya edəcəyik”. Yəni onlara vətəndaşlıq verəcəklər. Bir ay sonra isə daxili işlər naziri bilirdi ki, “suriyalıların geri qayıtması istəmirlər”. Kim istəmir? Niyə istəmir? Bunu kimdən soruşmusunuz? Bu sualların cavabı yoxdur. Deyirlər ki, 2 milyon 300 min suriyalı var. Türkiyədə 777 min suriyalı şagird olduğu halda, suriyalıların ümumi sayının 2 milyon 300 min olması mümkündürmü? Onların hər birinin bir anası və bir atası olduğunu nəzərə alsaq, say onsuz da 2 milyon 300 mini keçər. Deməli, yenə də həqiqəti demirlər”, - Ü.Özdağ vurğulayıb.

Suriyalılar Türkiyədə təkcə demoqrafik vəziyyətə təsir etməyib, əmək bazarı və kriminogen durum da tamamilə dəyişib.

Ucuz işçi qüvvəsi və işsiz qalan gənclər

Suriyalıların gəlişindən sonra Türkiyənin əmək bazarında ucuz işçi sinfi yarandı. Xüsusilə tikinti, tekstil, kənd təsərrüfatı, xidmət və kiçik istehsal sahələrində işəgötürənlər yerli işçilərlə müqayisədə daha aşağı əmək haqqı ilə işləməyə razı olan suriyalılara üstünlük verdilər.

Bu, Türkiyənin əmək bazarına üç istiqamətdə mənfi təsir etdi.

1. Əmək haqqı ciddi şəkildə azaldı: rəqabətin artması yerli işçilərin yüksək maaş tələblərini arxa plana keçirdi;
2. Qeyri-rəsmi məşğulluq artdı: əmək müqaviləsi, sığorta və digər təminatlar olmadan işləyənlərin sayının artması rəsmi işləmək istəyən yerli işçilərin vəziyyətini çətinləşdirdi;
3. Yerli əhali arasında, xüsusilə gənclərin işsizlik faizi yüksəldi;


“Labour Economics” jurnalının araşdırmasına görə, milyonlarla suriyalının Türkiyəyə gəlişi qeyri-rəsmi sektorda çalışan yerli işçilər, xüsusilə gənclər və aşağı təhsillilərə mənfi təsir edib. Qeyri-rəsmi sektorda işləyən qadınların bir çoxu əmək fəaliyyətindən uzaqlaşıb. Kənd təsərrüfatı və tikinti sahələrində çalışan yerli işçilərin iş imkanları xüsusilə zəifləyib.

Türkiyə Mərkəzi Bankının 2017-ci ildə dərc etdiyi hesabatda da suriyalı qaçqınların yerli əhalinin məşğulluğuna mənfi təsir etdiyi qeyd olunurdu.

Artan cinayət və pisləşən kriminogen vəziyyət

Türkiyədə kriminogen durumun ağırlaşmasında suriyalıların ciddi rolunun olduğu deyilir. “Journal of Policy Analysis and Management” jurnalının araşdırmasına görə, 2012-2016-cı illərdə Türkiyədə 75-150 min cinayət hadisəsi qeydə alınıb. Əvvəlki illərlə müqayisədə artan bu cinayətlərdə miqrasiyanın əhəmiyyətli rolu olub.

Türkiyənin rəsmi qurumları bu reallığı təkzib etməyə çalışsa da, suriyalıların soyğunçuluq, xuliqanlıq və azyaşlılara qarşı cinsi istismar kimi əməlləri yerli əhali tərəfindən ciddi etirazla qarşılanıb.

2024-cü ildə Kayseridə baş verən etirazlar belə nümunələrdəndir. Suriyalı miqrantın 7 yaşlı uşağı cinsi istismar etməsi xəbərinin yayılmasından sonra şəhərdə etirazlar başlandı. Türk gənclər suriyalılara məxsus olan yüzlərlə evi, obyekti və avtomobili yandırdılar. Kayseridəki etirazlar İstanbul, Hatay, Adana, İzmir və digər böyük şəhərlərə də yayıldı, yüzlərlə insan həbs edildi.

Suriyalıların Türkiyədə yerli qadınlara sataşması, uşaqları döyməsi və kirayə qaldıqları ev sahiblərini qətlə yetirməsi kimi hallar da türklər tərəfindən ciddi etirazlara səbəb olub. Hakimiyyət bu etirazları xüsusi təyinatlı polis qüvvələri yeridərək, yatıra bilib.

Bütün bu etirazlara – suriyalıların Türkiyənin həyat tərzinə, əmək bazarına və kriminogen vəziyyətə mənfi təsirinə baxmayaraq, AKP hakimiyyətinin onları saxlaması, müdafiə etməsi sual doğurur. Əslində suriyalılar Türkiyə üçün əlavə yükdür, normal məntiqlə hakimiyyət bu yükdən xilas olaraq, ictimai tələbi yerinə yetirməlidir. Nəzərə alsaq ki, Suriyada vətəndaş müharibəsi başa çatıb, onların evlərinə qayıtması üçün də maneə yoxdur. Buna baxmayaraq, milyonlarla suriyalı hələ də Türkiyədədir, hətta onlara vətəndaşlığın verilməsi məsələsi aktualdır.

Bu, AKP-nin iki əsas məqsədindən qaynaqlanır.

Birincisi, Türkiyəni dini-ideoloji xəttə yönləndirmək, “ümmət coğrafiyası”na çevirməkdir.

2010-cu ildən etibarən AKP-nin xarici siyasətində Türkiyəni dünyəviliyə əsaslanan təməllərindən uzaqlaşdıraraq, transmilli İslam sivilizasiyasına yaxınlaşdırmaq strategiyası ön plana çıxıb. AKP-çilər bunu “könül coğrafiyası” adlandırırlar, əslində “ümmətçiliyə” əsaslanır. Məqsəd Osmanlı coğrafiyasında Türkiyənin liderlik təsirini gücləndirməkdir. Türkiyə hakimiyyəti “ərəb baharı”nı bunun üçün fürsət olaraq görürdü, hərçənd, nəticədə ölkə dünyəvi inkişafdan uzaqlaşaraq, Yaxın Şərqin dini-ideoloji qaranlığına doğru sürüklənir.

İkincisi və əsas məsələ AKP-nin suriyalıları yerli seçki elektoratına çevirməsidir.

Rəsmi məlumata görə, Türkiyədə 240 mindən çox suriyalıya vətəndaşlıq verilib. Vətəndaşlıq alanlardan səsvermə yaşına çatan 220 mindən çox suriyalı Türkiyədəki prezident və parlament seçkilərində iştirak ediblər. Suriyalı seçicilər Türkiyədə qala bildikləri üçün Ərdoğanı dəstəklədiklərini gizlətmirlər.

Ü.Özdağ iddia edir ki, 2023-cü il prezident seçkilərinin ikinci turunda hakimiyyətin qazanmasını Suriya əsilli seçicilər təmin edib. O, hazırda Türkiyədə qalan 2 milyondan çox suriyalıya da vətəndaşlıq veriləcəyini və onların növbəti seçkilərdə iştirak edəcəyini deyir.

Suriyalılara vətəndaşlığın verilməsi və seçkilərdə iştirakı türk xalqının öz gələcəyini təmin etmək hüququnun qəsb edilməsi kimi qiymətləndirilir.

Faktlar göstərir ki, AKP hakimiyyəti dini-ideoloji və seçki maraqları naminə Türkiyəni təməl dövlətçilik prinsiplərindən uzaqlaşdırır, eləcə də türk xalqının seçim hüququna müdaxilə edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm