İsrail parçalanma həddində: Ölkəni daxili qarşıdurmaya aparan təhlükəli ssenari - DETALLAR
Bizi izləyin

Yaxın Şərq

İsrail parçalanma həddində: Ölkəni daxili qarşıdurmaya aparan təhlükəli ssenari - DETALLAR

İsrail parçalanma həddində: Ölkəni daxili qarşıdurmaya aparan təhlükəli ssenari - DETALLAR

İsraildə qarşıdan gələn seçkilər ərəfəsində dərinləşən siyasi və dini ziddiyyətlər ölkəni ciddi böhranla üz-üzə qoyub. Ultraortodoks yəhudilərin hərbi xidmətdən imtinası, İordan çayının qərb sahilində köçkünlərin zorakılığı və dini millətçilərlə dünyəvi qüvvələr arasındakı qarşıdurma cəmiyyətdə parçalanmanı gücləndirir. Bəzi ekspertlər vəziyyətin vətəndaş qarşıdurmasına çevrilə biləcəyindən ehtiyat edirlər.

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.

Nəşrin məlumatına görə, oktyabrın əvvəlində “Dropsite News” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İsraildəki iqtisadi, siyasi və sosial gərginliyin ölkənin sabitliyini sarsıda biləcəyi barədə məxfi qiymətləndirmə hazırladığını iddia edib. Sənədin kəşfiyyat fərziyyələrini yoxlayan “Red Cell” bölməsi tərəfindən hazırlandığı bildirilir. Lakin ABŞ rəsmiləri belə bir hesabatın mövcudluğunu təsdiqləməyiblər.

Avropa Xarici Əlaqələr Şurasının eksperti Bet Oppənheymin fikrincə, İsrail cəmiyyəti o qədər qütbləşib ki, seçkilərin istənilən nəticəsi tərəflərdən birinin narazılığına səbəb ola bilər. Onun sözlərinə görə, dini və dünyəvi qruplar arasında qarşıdurma və kütləvi iğtişaşlar riski realdır.

Hərbi xidmət böhranı: Dini icma ilə hökumət üz-üzə

İsraildə gərginliyin əsas səbəblərindən biri ultraortodoks yəhudilərin - həridilərin hərbi xidmətə çağırılması məsələsidir. On minlərlə ultraortodoks dini təhsil və ibadəti əsas vəzifələri hesab edərək orduda xidmət etməkdən imtina edir.

2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra bu məsələ daha da həssaslaşıb. Ehtiyatda olan israilli hərbçilərin bir çoxu ildə 100 gündən çox xidmət etdiyi halda, ultraortodoksların ordudan yayınması cəmiyyətdə ədalətsizlik kimi qiymətləndirilir.

“The Telegraph” yazır ki, avqust ayında Qəzza zolağındakı hərbi bazada “Givati” briqadasının “Rotem” batalyonunun əsgərləri zirehli transportyorda qadın feldşerin olması səbəbindən patrul əməliyyatına çıxmaqdan imtina ediblər. Hadisədən sonra 16 hərbçi hərbi hauptvaxtda saxlanılmağa məhkum edilib. Bu qərar ultraortodoks icmasında narazılıq yaradıb.

Baş nazir Benyamin Netanyahunun əsas rəqibləri, o cümlədən iki keçmiş yüksək rütbəli hərbçi ultraortodokslar üçün məcburi hərbi xidmətin tətbiqini vəd edirlər. Lakin dini icmanın bəzi üzvləri çağırışdan yayınanların dini məktəblərdən zorla aparılmasının kütləvi iğtişaşlara səbəb olacağı barədə xəbərdarlıq edirlər.

Gərginliyin artıq küçələrə çıxdığı bildirilir. Nəşrin məlumatına görə, bu həftə Ben-Qurion hava limanında hərbi xidmətdən yayınmaqda şübhəli bilinən 42 ultraortodoks kişi saxlanılıb. Bundan əvvəl Modiində hərbi polisin şübhəli şəxsi həbs etmək cəhdi iğtişaşlara səbəb olub.

Köçkünlərin zorakılığı və fələstinlilərin köçürülməsi çağırışları

İordan çayının qərb sahilində yəhudi köçkünlərin fələstinlilərə qarşı hücumlarının artması da İsraildəki parçalanmanı dərinləşdirir.

“The Telegraph”ın məlumatına görə, ötən həftə “The Washington Post” qəzetinin fotojurnalisti Heydi Levin köçkünlərin hücumuna məruz qalaraq ağır xəsarət alıb. Ertəsi gün Avropa diplomatlarından ibarət nümayəndə heyətinə də hücum edilib. Həmçinin Fransanın kiçik şəhərlərindən birinin 78 yaşlı meri dəmir çubuqla vurulub.

Nəşr on köçkünün həbs olunduğunu, lakin bu addımın ABŞ səfirinin hadisələrlə bağlı açıq narazılığından sonra atıldığını yazır.

Bununla yanaşı, İordan çayının qərb sahilində yeni yəhudi yaşayış məntəqələrinin salınması və fələstinlilərin ərazidən köçürülməsi çağırışları güclənir. Nəşrin yazdığına görə, Qüds və Hebron arasında Qad-Natan adlı yeni yaşayış məntəqəsi açılıb. İsrailin məskunlaşma məsələləri üzrə naziri Orit Strok mərasimdə 1990-cı illərdə imzalanmış Oslo sazişlərinə son qoymağa çağırıb.

Dini-millətçi dairələrin bir qismi fələstinlilərin İordan çayının qərb sahilindən köçürülməsi ideyasını açıq şəkildə müdafiə edir. İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot isə köçkünlərin fələstinlilərə qarşı hücumlarını “yəhudi terroru” adlandıraraq, bu hallarla sərt mübarizə aparacağını vəd edib.

Ben-Qvirin mövqeyi və sağ düşərgədə parçalanma

İsrailin milli təhlükəsizlik naziri, “Otsma Yehudit” (“Yəhudi gücü”) partiyasının lideri İtamar Ben-Qvir də gərginliyin əsas iştirakçılarından biridir.

“The Telegraph” yazır ki, Ben-Qvir fələstinli məhbusların saxlanma şəraitinin sərtləşdirilməsini, israillilərin silaha çıxış imkanlarının genişləndirilməsini və fələstinli məhbuslar üçün ölüm cəzasının tətbiqini müdafiə edir.

Ölkədəki ziddiyyətlər təkcə dünyəvi və dini qüvvələr arasında deyil, sağ düşərgənin daxilində də dərinləşir. Dini millətçilər orduda xidmət etməklə ölkənin müdafiəsində böyük yük daşıdıqlarını düşünür və ultraortodoksların hərbi xidmətdən yayınmasına etiraz edirlər.

“The Telegraph”ın məlumatına görə, 2023-cü ilin oktyabrından 2025-ci ilə qədər döyüşlərdə həlak olan İsrail hərbçilərinin 34 faizi dini millətçilər olub. Halbuki bu qrup ölkənin yəhudi əhalisinin təxminən 17 faizini təşkil edir.

Bu vəziyyət hərbi xidmətlə bağlı mübahisəni daha da kəskinləşdirir və dini icmalar arasındakı qarşıdurmanı gücləndirir.

Seçkilərdən sonra kütləvi etirazlar başlaya bilər

İsraildəki liberal dairələrin bir qismi Netanyahunun rəhbərlik etdiyi hökumətin yenidən hakimiyyətə gələcəyi təqdirdə ölkəni tərk edə biləcəklərini bildirir.

“Kan News”un avqust ayında keçirdiyi sorğuya əsasən, israillilərin 12 faizi seçkilərin nəticəsinin ölkədən mühacirət etmək qərarına təsir göstərə biləcəyini deyib. Respondentlərin təxminən üçdə biri isə son iki ildə ölkəni tərk etmiş tanışlarının olduğunu bildirib. Nəşr bu rəqəmlərə ehtiyatla yanaşılmasının vacibliyini də vurğulayır.

Ekspert Bet Oppənheymin fikrincə, seçkilərdən sonra İsraildən əhalinin əhəmiyyətli hissəsinin köçməsi ehtimalı yarana bilər. Digər mümkün ssenari isə 2023-cü ildə məhkəmə sistemində islahatlara qarşı keçirilən aksiyalara bənzər kütləvi etirazların yenidən başlamasıdır.

Beləliklə, hərbi xidmət böhranı, köçkünlərin zorakılığı, dini qruplar arasındakı ziddiyyətlər və siyasi qütbləşmə İsraildə daxili sabitliklə bağlı narahatlıqları artırır. “The Telegraph” qeyd edir ki, ölkənin demokratik institutları fikir ayrılıqlarının dinc yolla həllinə imkan verə bilər. Lakin İsrailin bu imkanlardan istifadə edib-etməyəcəyi hələlik məlum deyil.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm