2-3 universitet bitirən idmançılarımız da var - ARAŞDIRMA
Bizi izləyin

İdman

2-3 universitet bitirən idmançılarımız da var - ARAŞDIRMA

Təhsilin vacibliyi həyatımızda, gələcək karyeramızda və uğurlarımızda böyük önəm kəsb edir. Ali təhsil ocaqlarında seçdiyimiz fakültələr həyatımızın bir neçə ilini alsa da, ən vacibi işimizi qurmaqda, karyera seçməkdə bizə adətən yol göstərir.

Düzdür, seçdiyi fakültəni bəyənməyib, işini başqa istiqamətdə quranlar da olur, ikinci təhsil alanlar da. Belə hallar idmançılar arasında da var.

Publika.az bu dəfə tanınmış idmançılarımızın təhsilini araşdırıb və əvvəlcədən deyək ki, ortaya xeyli maraqlı məqamlar çıxıb.

Taekvondo üzrə dünya və Avropa çempionu Niyaməddin Paşayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. Həmçinin Sumqayıt Dövlət Universitetinin Gömrük fakültəsini bitirib. O, hazırda Sumqayıt Baş Gömrük idarəsində, Gömrük Polkovnik Leytenantı kimi də fəaliyyət göstərir.

Taekvondo üzrə əməkdar idman ustası hazırda iş fəaliyyətini idman sahəsində də davam etdirir. O, Azərbaycan Taekvondo Federasiyasının milli komandalara nəzarət üzrə vitse-prezidenti kimi fəaliyyət göstərir.

Hicran Şərifov da idman sahəsinin təhsillilərindəndir. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur. Ancaq o, oxuduğu sahədə yox, güləşdə hakim kimi fəaliyyət göstərməyi üstün tutub. “Şöhrət” ordenli, “Tərəqqi” medalı mükafatçısı, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim H.Şərifov London Olimpiya Oyunlarının Qızıl Fit mükafatçısı, dünyanın ən yaxşı hakimidir.

Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli Respublika Olimpiya İdman Liseyini bitirib, 2005-2009-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Məmmədli cüdo üzrə beynəlxalq dərəcəli idman ustasıdır. 2009-cu ildən isə əməkdar idman ustasıdır. Ancaq onun fəaliyyəti bununla bitmir. O, hazırda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentlərindən biri kimi fəaliyyət göstərir. Bundan əlavə, Elnur Məmmədli polis baş leytenantıdır.

Sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Firdovsi Umudov da təhsilli idman xadimlərimizdəndir. O, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdikdən sonra BDU-nun hüquq fakültəsində təhsilini davam etdirib. F.Umudov həmçinin “Sərhədçi” İdman Olimpiya Mərkəzinin üzvü və polkovnik-leytenantdır.

Karate üzrə Avropa və dünya çempionu, Avropa Oyunlarının qalibi Ayxan Mamayev 271 saylı məktəbdə orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin Kompüter elmləri ixtisasına qəbul olub. Bu fakültəni seçməsinə səbəb Riyaziyyat fənnini yaxşı bilməsi olub.

Əməkdar idman ustası, əməkdar məşqçi, 22 qat dünya çempionu Eduard Məmmədov təhsilə önəm verənlərdəndir. Uzun müddət peşəkar idmanda olmasına baxmayaraq, Məmmədov 3 universitet bitirib. İlk olaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını, sonra Polis Akademiyasını (1999), sonra da Polis Akademiyasının İdarəetmə və İxtisasartırma fakültəsini bitirib. O, hər zaman öz tələbələrini də savadlı olmağa çağırır. Onun fikrincə, rinqdə rəqibə qalib gəlmək üçün idmançıya savad çox lazım olur.

Kikboksinq üzrə 5 qat dünya çempionu Pərviz Abdullayev 2003-2007-ci illərdə BDU-nun tarix fakültəsində təhsil alıb. O, universitetə qəbul olmaq üçün həddindən artıq oxuduğunu bildirib. Düzdür, onun arzusu hüquq fakültəsinə qəbul olmaq idi. Amma testdə topladığı bal tarix fakültəsinə düşməyə imkan verib. “Kobra” ləqəbli idmançı hazırda həm də Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşıdır.

Tanınmış qrossmeyster Ülvi Bacarani 126 saylı orta məktəbi bitirdikdən sonra ali təhsilini Tibb Universitetində davam etdirmək qərarına gəlib. Hazırda o, ATU-nun 4-cü kurs tələbəsidir.

“K1” üzrə tanınmış döyüşçü Zabit Səmədov Belarus Dövlət Universiteti Bədən Tərbiyəsi fakültəsinin məzunudur.

İlk Avropa Oyunlarının qalibi, taekvondoçu Ayxan Tağızadə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir.

“Neftçi” futbol klubunun futbolçusu Vurğun Fərəczadə təhsilini Türkiyədə alıb. O, qardaş ölkədə “Fənərbağça” Universitetində təhsil alıb. Daha sonra komandada oynayıb.

“Qarabağ”ın oyunçusu İlqar Qurbanov da 3 il “Fənərbağça”nın superlitseyində təhsil alıb. Bakıda da Azərbaycan Beynəlxalq Universitetini bitirib.

Karatenin “brilliantı” Rafael Ağayev 2003-cü ildə 21 №-li orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Təkmübarizlik fakültəsinə daxil olub. 2007-ci ildə oranı güləşmə və onun metodikası karate üzrə məşqçi-müəllim ixtisası üzrə bitirib.

Yunan-Roma güləşi üzrə dünya çempionu və İlk Avropa Oyunlarının qalibi Rəsul Çunayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. O, həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin leytenantıdır.

2 qat dünya və Olimpiya çempionu Fərid Mansurov da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. F.Mansurov həmçinin Vergilər Nazirliyinin müstəntiqidir. O, Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti kimi də fəaliyyət göstərir.

Atıcılıq üzrə 2 qat dünya, 3 qat Avropa çempionu, Sidney Yay Olimpiya Oyunlarının qalibi Zemfira Meftahəddinova da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. O, hazırda polis orqanlarında çalışır.

Taekvondo üzrə 2 qat Avropa çempionu, İlk Avropa Oyunlarının gümüş mükafatçısı Fəridə Əzizova Quba Dövlət Sosial İqtisad Kollecini bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub.

Güləş üzrə dəfələrlə SSRİ çempionu, Avropa çempionu, dünya kubokunun qalibi Xəzər İsayev də Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. O, hazırda MOK-da vitse-prezident kimi fəaliyyət göstərir. Bundan əlavə, SSRİ-nin əməkdar idman ustası olan X.İsayev “Gömrükçü” İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovnikidir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm