İdmançılarımız Xocalını unutmadı - FOTOLAR
Bizi izləyin

İdman

İdmançılarımız Xocalını unutmadı - FOTOLAR

Bu gün Xocalı soyqırımının üzərindən 24 il ötür. Hər kəs kimi idman adamları da bu günə biganə qalmayıblar.

Publika.az xəbər verir ki, idmançılar və idman xadimləri sosial şəbəkələrdə bugünkü günü yad ediblər. Xocalı soyqırımı ilə bağlı paylaşılanları diqqətinizə çatdırırıq:

2 qat Paralimpiya çempionu, İlk Avropa Oyunlarının qalibi, əfsanəvi cüdoçu İlham Zəkiyev nəzarətində olduğu “facebook” ünvanından Xocalıyla bağlı şəkil paylaşıb. Şəkilə rəy olaraq isə “Və dünya hələ də susur” fikirlərini yazıb.

London Paralimpiya Oyunlarının qızıl medalçısı Ramin İbrahimov “facebook”da Xocalı soyqırımı barədə paylaşım edib və şəhidlərimizə Allahdan rəhmət diləyib:

“Allahım dinimiz, vətənimiz, torpağımız uğrunda dünyasını dəyişən bütün şəhidlərimizə rəhmət elə. Amin!”

Azərbaycan kikboks federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov Xocalı soyqırımı ilə bağlı şəkillər paylaşıb. Şəkillərin üzərində ingilis dilində “Xocalıya Ədalət” (Justice for Karabakh) və türk dilində “Hocali Katliamını unutmadık” sözləri yazılıb.

Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov da bu günə biganə qalmayıb və Xocalı soyqırımı ilə bağlı video paylaşıb.

Əməkdar idman ustası, əməkdar məşqçi, 22 qat dünya çempionu Eduard Məmmədov Xocalı soyqırımı ilə bağlı fikirlərini belə ifadə edib:

“26.02.1992 - Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Əsrin faciəsi olan Xocalı soyqırımı qanlı hərflərlə yaddaşlara yazılıb. Baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Günahsız insanların qanı yerdə qalmayacaq. Prezidentimiz Ali Baş Komandan İlham Əliyev cənablarının yürütdüyü düzgün siyasət öz nəticəsini verəcək və işğal altında olan torpaqlarımızı son qarışına kimi geri qaytaracağıq. Bu soyqırım hər birimizin faciəsidir, eləcə də mənim. Mən də xalqımla bərabər kədərimi bölüşürəm. Allah rəhmət eləsin”.

Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli “instagram” hesabında üzərində ingilis dilində “Xocalıya Ədalət” (Justice for Karabakh) sözləri yazılmış şəkil paylaşıb və belə rəy yazıb: “26.02.1992 Xocalını unutmadıq”.

Olimpiya çempionu Fərid Mansurov da “instagram” hesabında Xocalıyla bağlı şəkil paylaşıb.

Şahmatçımız Teymur Rəcəbov da Xocalı soyqırımına biganə qalmayıb. O, “instagram” və “twitter” hesablarında ingilis dilində “Xocalını anırıq” sözləri yazılmış şəkil paylaşıb.

Olimpiya çempionu Toğrul Əsgərov “instagram” hesabında üzərində ingilis dilində “Xocalıya Ədalət” (Justice for Karabakh) sözləri yazılmış şəkil paylaşaraq, şəhidlərimizə Allahdan rəhmət diləyb.

Sərbəst Güləş üzrə milli komandanın böyük məşqçisi Firdovsi Umudov da bu günə biganə qalmayıb. O, “whatsapp” profilində Xocalı ilə bağlı şəkil paylaşıb.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bu günlə bağlı fikirlərini belə ifadə edib:

“Dəhşətli Xocalı soyqırımı hadisələrinin üstündən 24 il keçir. Bu hadisənin üstündən 100 illər keçsə belə, heç bir zaman unudulmayacaq və gələcək nəsillər tərəfindən yad ediləcək. Bu soyqırım aktı bir daha Ermənistanın hansı əməllərə malik olduğunu təsdiqləyir. Ermənilər və onların arxasında duran qüvvəllər dinc insanları amansızcasına qətlə yetirdilər. Təəssüf ki, beynəlxalq birlik Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymət vermir. Həmçinin, beynəlxalq təşkilatlardan Ermənistanı silkələyən qərarlar görmürük. Bunun nəticəsidir ki, bu günə qədər Qarabağ torpaqları işğal altındadır. Bu gün dövlətimiz tərəfindən aparılan sistemli təbliğat mexanizminin nəticəsi olaraq, bəzi ölkələr tərəfindən Xocalı soyqırımına hüquqi qiymət verilib.

Allah şəhidlərimizə rəhmət eləsin!”.

Taekvondo üzrə 2 qat Avropa çempionu, İlk Avropa Oyunlarının gümüş mükafatçısı Fəridə Əzizova da sosial şəbəkədə Xocalı ilə bağlı şəkil paylaşıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm