“İki qoç”un başı bir qazanda qaynayacaqmı?
Bizi izləyin

İdman

“İki qoç”un başı bir qazanda qaynayacaqmı?

Sabah Azərbaycan Premyer Liqasında 24-cü tura start veriləcək. İki gün davam edəcək turun 4 qarşılaşması sabah, son matçı isə martın 6-da baş tutacaq.

Publika.az xəbər verir ki, turun ilk oyunu Lənkəranda olacaq. Kubokda “Neftçi” üzərində qələbədən ruhlanan Elbrus Məmmədovun yetirmələri çempionatdakı susqunluğa da son qoymaq əzmindədir. Ötən ilin sonlarında olduğu kimi bu il də nəinki qələbə, hətta qol vurmağı da unudan “Ağ-yaşıllar” AZAL-la matçda tilsimi qırmağa can atacaq. “Təyyarəçilər” isə qələbə sayəsində turnir cədvəlində “Neftçi”ni keçəcək.

Tarixində ən pis mövsümlərindən birini keçirən “Neftçi”ni “Qəbələ” ilə çətin oyun gözləyir. Kuboku da nəzərə alsaq, 3 oyundur uduzan “Ağ-qaralar” qara zolaqdan çıxmasa, uğursuzluqlar istefa sədaları ilə müşayiət oluna bilər. Bu oyun Əsgər Abdullayev üçün “Neftçi”nin sükanı arxasında sonuncu ola bilər. Son 4 turda qol buraxmayan “Qəbələ” isə qələbə qazanmaqla mükafatlar uğrunda mübarizədə hesabına dəyərli 3 xal əlavə edə bilər.

Turun mərkəzi oyunu Suraxanıda baş tutacaq. 3-cü dövrədə məğlubiyyət tanımayan “Zirə” “Qarabağ”ın qonağı olacaq. Adil Şükürovun yetirmələri çempionla qarşılaşmalardakı ilk qələbəsini qazana bilsə, liderlə xal fərqini minimuma endirəcək. Ancaq unutmataq ki, ağdamlılar 4 turdur uduzmur. Qarşılaşma həm də bombardirlərin dueli kimi maraq doğurur. Cari mövsümdə hərəyə 8 qol vuran Riçard Almeyda ilə Nelson Bonilla duelindən kimin üzüağ çıxacağına sabah aydınlıq gələcək.

Azərbaycan Premyer Liqası. 24-cü tur

5 mart

14:00 Xəzər Lənkəran – AZAL

Statistika: 30 oyun, 15 qələbə, 9 heç-heçə, 6 məğlubiyyət, top fərqi – 39:24.

Cari mövsümdə: 3:1, 0:1

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mehman Mahmudov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Fazil Mürşüdov

“Xəzər Lənkəran” mərkəzi stadionu

Son 4 qarşılaşmada meydan sahibi olan komanda qalib gəlir. 9 matçdır qonaq komanda qələbə qazana bilmir. “Xəzər Lənkəran” ardıcıl 11 ev oyununda meydanı qolsuz tərk etməyib.

15:00 Neftçi – Qəbələ

Statistika: 30 oyun, 14 qələbə, 7 heç-heçə, 9 məğlubiyyət, top fərqi – 40:28.

Cari mövsümdə: 0:1, 1:0

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Rövşən Əhmədov

“Bakcell Arena”

Son 8 qarşılaşmada meydan sahibi olan komanda qalib gəlməyib. Ardıcıl 4 görüşdə qonaq komanda 3 xal qazanıb.

17:00 Sumqayıt – İnter

Statistika: 14 oyun, 2 qələbə, 4 heç-heçə, 8 məğlubiyyət, top fərqi – 8:21.

Cari mövsümdə: 1:1, 3:2

Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Füzuli Nəcəfov

“Kapital Bank Arena”

“İnter” 5 oyundur qalib gəlmir. Son 3 oyunda hər iki komanda qol vurub.

18:00 Qarabağ – Zirə

Statistika: 2 oyun, 1 qələbə, 1 heç-heçə, top fərqi – 4:1.

Cari mövsümdə: 4:1, 0:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Məlik Həsənov

“Azərsun Arena”

Komandaların əvvəlki 2 oyununda “Qarabağ” uduzmayıb. Ağdamlılar yeganə ev oyununda böyükhesablı qələbə qazanıb.

6 mart

16:00 Rəvan – Kəpəz

Statistika: 10 oyun, 3 qələbə, 1 heç-heçə, 6 məğlubiyyət, top fərqi – 15:14.

Cari mövsümdə: 0:2, 0:0

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Fariz Yusifov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Vüsal Əliyev

“Bayıl Arena”

“Rəvan” 3 oyundur qalib gəlmir. “Kəpəz” iki matçdır qol buraxmır. Paytaxt təmsilçisinin ev oyunlarında ən azı 2 qol qeydə alınır.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm