Dopinq qalmaqalının şok təfərrüatları – Daha 10 idmançımızı cəza gözləyir –ÖZƏL
Bizi izləyin

İdman

Dopinq qalmaqalının şok təfərrüatları – Daha 10 idmançımızı cəza gözləyir –ÖZƏL

Dopinq qalmaqalının şok təfərrüatları – Daha 10 idmançımızı cəza gözləyir –ÖZƏL

Azərbaycanın 5 idmançısının Avropa çempionatında qazandığı medaldan məhrum edilməsi ilə bağlı məlumat vermişdik.

Xatırladaq ki, Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanın 5 ağırlıqqaldırma üzrə Avropa mükafatçısının qazandıqları medallardan məhrum olunması ilə bağlı rəsmi saytında məlumat yaymışdı.

Bildirilirdi ki, Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar.

İndi isə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası azərbaycanlı idmançılara (IWF) ağır cəza kəsildiyi ilə bağlı rəsmi saytında məlumat yerləşdirib. Üstəlik cəzaya məruz qalan idmançıalrın da sayı 5 yox, 9 olub. Yer alan məlumatda bildirilir ki, Azərbaycanın ağırlıqqaldıranları Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kırnıenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitska və İntiqam Zairova iki il, Zülfüqar Süleymanova isə ömürlük yarışlarda iştirak etmək qadağan edilib.

Hətta Azərbaycanın Ağır atletika Federasiyasına yeni komandanın təşkil edilməsi barədə məsləhətlər də verilib.

Bu məsələ ilə bağlı mətbuatda kifayət qədər məlumat yer aldı. Bir il əvvəl medal qazanan idmançıların indi cəzaya məruz qalması müəyyən söz-söhbətlər ortaya çıxartdı. Ancaq təəssüf ki, Azərbaycan ağır atletika Federasiysaının rəsmiləri həqiqəti deməkdən çəkindilər.

Publika.az məsələ ilə bağlı özəl mənbədən məlumat əldə edib. Gənclər və İdman Nazirliyində yüksək vəzifə tutan, adının açıqlanmasını istəməyən şəxs dopinq qalmaqalının təfərrüatlarını bizimlə bölüşdü: “Əvvəlcə bir məqamı diqqətinizə çatdırım. Bu gün bütün dünyada ağırlıqaldıranlar dopinqdən istifadə edir. Bu, birmənalıdı. Təbii ki, bundan Beynəlxalq Ağırlıqaldırma Federasiyasının da (İWF) məlumatı var. Məhz bu məqamdan yararlanan İWF rəhbərliyi təşkilatı korrupsiya yuvasına çevirib. İWF rəhbərliyi dopinqə görə az qala bütün milli federasiyalardan rüşvət toplayır. Xüsusən də medallara iddialı ölkələr İWF-yə rüşvət verirlər ki, dopinqdən “təmiz” çıxsınlar. İndi isə gələk Azərbaycan idmançılarının cəzaya məruz qalmasına. Cəzanın yarışdan bir ilə sonra tətbiq edilməsinin özü də bir müəmmadı. Ancaq əsas müəmmanı İWF-nin prezidenti Tomaş Ayanın Azərbaycana səfərində axtarmaq lazımdı.

Cəmisi 4 ay əvvəl Tomaş Ayan Bakıda keçirilən “Qran-pri” yarışında rəsmi qonaq kimi iştirak edib. İWF prezidenti Bakıda olarkən şəxsi maraqlarını da həyata keçirməyə cəhd edib. Belə ki, Tomaş Ayan Gənclər və İdman naziri Azad Rəhimovla görüşdə ağır atletikanın Bakıda keçiriləcək I Avropa Oyunlarının proqramına salınmasını təklif edib. Nazir isə bunun mümkün olmadığını bildirib.

İWF prezidenti hətta buna görə təkid belə edib. Ancaq rədd cavabı alıb. Onun ağırlıqaldırmanı I Avropa Oyunlarının proqramına salınmasında təkid etməsinin arxasında külli miqdarda vəsit qazanmaq iddiası durub. Qeyd etdiyim kimi, milli federasiyalar hər yarışdan əvvəl dopinqdən “təmiz” çıxmaq üçün İWF-yə rüşvət verirlər. Bu da külli miqdarda vəsait deməkdi. Ağırlıqqaldırma I Avropa Oyunlarının proqramında olsaydı, İWF bu yarışdan azı 10 milyon dollar rüşvət toplamağı düşünürdü.

Ancaq Tomaş Ayanın bu istəyi baş tutmayıb. Elə ona görə də o, Azərbaycandan qayıdan kimi bu qərar verilib. Daha bir məqama diqqət ayırmanızı istəyirəm. Fikir verdinizsə, İWF əvvlcə rəsmi saytında idmançılarımızın medallardan məhrum olunduğunu bildirdi. Amma səbəb göstərmədi. Özü də 5 idmançımızın. Bu, artıq Azərbaycana qarşı şantaj idi. İWF rəhbərliyi hesab edirdi ki, bundan sonra onların istəkləri yetinə yetiriləcək. Bu alınmayınca, daha 4 idmançımızı da əlavə edərək 9 idmançının dopinqdə ilişdiyini bildirdilər.

Bizdə olan məlumata görə, İWF rəhbərliyi bununla da sakitləşmək fikirində deyil. Yaxın vaxtlarda ola bilsin ki, daha 10 idmançımız dopinqə görə cəzalandırılsın. Düşünürəm ki, məsələyə müəyyən aydınlıq gətirə bildim. Çox təəssüf ki, Azərbaycan Ağır Atletika Federasiyası bu məsələdə olduqca passif mövqe tutdu, Azərbaycanın maraqlarını müdafiə edə bilmədi. Federasiyada yüksək vəzifə tutan şəxslər Cahangir Əsgərovu aldatdılar, ona hər şeyin qaydasında olduğunu bildirdilər. Məndə olan məlumata görə, Tomaş Ayana müyyən qədər rüşvət də təklif olunub. Ancaq o, federasiyadan I Avropa Oyunlarında qazanmaq istədiyi məbləğə yaxın rüşvət tələb edib. Nəticəsi də belə…”

Biz mənbənin fikirlərini olduğu kimi verdik. Ancaq görünən odur ki, ya zəlzələdən, ya da vəlvələdən, inkişafı üçün dövlətin külli miqdarda vəsait ayırdığı, olimpiadalarda medal ümidimiz olan bir idman növü məhv edildi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm