Azərbaycan idmanının “qaranlıq gələcəyi": Yeni Mehmanların qarşısını necə alaq?
Bizi izləyin

İdman

Azərbaycan idmanının “qaranlıq gələcəyi": Yeni Mehmanların qarşısını necə alaq?

İdman insan sağlamlığı baxımından çox böyük önəm daşıyır. Həyatın cövhəri hesab edilən idman, təkcə sağlam bədənin ən vacib açarı deyil. O, həm də dinamik və yaradıcı intellektual zəkanın əsasını təşkil edir. Bəlkə də idmanı böyük edən və insan həyatının ayrılmaz hissəsinə çevirən amillər bunlardır.

Həyatda bir şeyin istifadə qaydası, ona yanaşma tərzi və qadağalar var. Elə idmanın da. O, kənardan nə qədər sadə görünsə də, daxildən çox fərqlidir. Buna böyük bir elm də demək olar. Ancaq təhlükəsi, davranış qaydalar, xüsusi yanşamsı olan bir elm. İdmana doğru yanaşmayanda, onunla düzgün məşğul olmayanda fəsadları da olur. Bəzi hallarda insan həyatı üçün ciddi təhlükə yaradacaq məqamlar da yaranır. Çox təəssüf ki, idmanda ölümlər də qaçılmaz deyil. Bunun da müxtəlif səbəbləri var. İnsan orqanizminin dözümsüzlüyü, həyəcan, həddən artıq yüklənmə, məsuliyyətsizlik və s...

Bir neçə gün öncə isə Azərbaycan idmanında faciə yaşanıb. Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində sambo ilə məşğul olan 7 yaşlı Fərid Bakarov məşqdən sonra həyatını itirib. İlkin məlumat bu idi. Hadisənin təfərrüatı isə sonradan məlum olub. Hətta olayla bağlı videogörüntülər də yayımlanıb. Fəridin ölümündə məşqçisi Mehman Xəlilovun günahkar olduğu üzə çıxıb. Xəlilovun təhlükəli fəndlər işlətməsi nəticəsində Fəridin başı bədəninin altında qalıb ki, bu da, boyunun qırılması ilə nəticələnib. Təəssüf ki, ailəsi onun xəsarətlər almasından gec xəbərdar olub. O, Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Fərid Bakarovun ölümünə səbəb olan Mehman Xəlilov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

7 yaşlı uşağın ölümü ölkəmizdə böyük səs-küyə səbəb olub. Xüsusilə hadisə ilə bağlı yayılan görüntülər cəmiyyətdə narazılıqla qarşılanıb. Bir müəllim və ya məşqçinin azyaşlıya qarşı bu cür davranışı insanlarda şok effekti yaradıb. Belə əməli törədən şəxsin titullu və tanınan idmançı olması da diqqətçəkən məqamdır. Bu hadisə ətrafında müzakirə ediləcək məqamlar çoxdur. Artıq cəmiyyətdə və idman ictimaiyyətində bu barədə geniş söhbətlər aparılır. Bu hadisə niyə baş verdi? Müəllim və ya məşqçinin belə davranışının səbəbi nə idi? Onun fəaliyyəti nə qədər qanunidir? Çox suallar var.

İnsanları narahat edən xeyli məqamlar var ki, bu, təkcə sambonu və ya baş verən hadisəni əhatə etmir. Azərbaycan idmanında məşqçi kimi fəaliyyət göstərən daha neçə Mehman Xəlilov var? Onların fəaliyyətini necə nəzərdən keçirmək mümkündür? Artıq valideynlər övladlarının gələcəyindən çox narahatdırlar. Çünki belə hadisələr ilk dəfə deyil yaşanır. Müəllimlərin uşaqlarla davranışıyla bağlı çox sayda nöqsanlar olub. Bu təhlükə hər zaman var.

Mütəxəssislər də vəziyyətdən narahatdırlar. Azərbaycan Sambo Federasiyasının Prezidenti, Əməkdar idman ustası Ceyhun Məmmədovun sözlərinə görə, Mehman Xəlilov titullu idmançı olmaqla yanaşı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşqçilik fakültəsini bitirib. Diplomlu mütəxəssis olduğu üçün Elm və Təhsil Nazirliyinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində müəllim işləyib. Xəlilovun məşqçilik fəaliyyəti isə federasiyanın nəzarətində deyil. Onun rəhbərlik etdiyi qurum yığma komandalara görə məsuliyyət daşıyır. Azərbaycan idmanında “saç ağardan” Məmmədov bildirir ki, hər uğurlu karyerası olan idmançının yaxşı məşqçi olma ehtimalı yoxdur:

“Əvvəlcə məşqçinin savadı olmalıdır. Hər yüksək nəticəsi olan idmançıdan məşqçi olmur. Elə mütəxəssislər var ki, idmanda nəticəsi olmayıb. Amma çox yaxşı məşqçidir. Bunlar tamam ayrı sahələrdir. Məşqçilik dərin bir sahədir. Hər bir yaş qrupunun öz yanaşması var. Bunlar dərslər zamanı keçirilir. Məşqçilik fakultəsi məhz buna görə yaradılıb”.

Ceyhun Məmmədov bildirir ki, valideynlər uşaqlarını idmana yönləndirərkən məşqçilərin fəaliyyətini yoxlamalıdırlar. Bundan başqa, idmana qəbul edilən uşaqların sağlamlıq durumu araşdırmalıdır:

“Məşqlərə başlayan uşaqların sağlamlığı yoxlanılmalıdır. Bunun üçün tibbi arayış alınmalıdır. Bəlkə uşağın səhhətində hansısa ciddi problem var? Bəzi hallarda valideynlər də bunu gizlədə bilər. Arayışın olması mütləqdir. Eyni zamanda, valideynlər də uşaqlarını idmana apararkən məşqçilərin fəaliyyətini, psixoloji vəziyyətini araşdırmalıdır. İndi əlində hər diplomu olan “mən müəlliməm” deyir. Əlində diplomu olduğu üçün heç kim onlara bir söz deyə bilmir”.

Fərid Bakarovun 7 yaşının olması da Məmmədovun diqqətindən yayınmayıb. O, məşğul olduqları sambo üçün bu yaş həddinin tez olduğunu bildirir:

“Bizim idman növündə uşaqlar 9 yaşından sonra qəbul edilir. 6-7 yaşlı uşaq belə fiziki hərəkətlərə qadir ola bilməz. Onlarla yavaş-yavaş- hazırlıq keçirilməlidir. Hər bir idman növünün özünə görə yaş həddi var. Məsələn, gimnasitkada bu, 5 yaşdır. Amma bu o demək deyil ki, 5 yaşından ciddi məşqlərə başlanır. Əvvəlcə uşaq hazırlıq mərhələsindən keçməlidir. Buna görə də məşqçilik böyük elmdir. Eyni zamanda, uşaqlarının xasiyyəti var. Hərəsi bir cür böyüyür. Onların hər birinə ayrıca yanaşmaq lazımdır. Bunların hamısını bilmək lazımdır. Məşqçilik dərin sənətdir. Bu, hər adamın işi deyil”.

Cəmiyyətdə ən çox müzakirə edilən məsələlərdən biri də məşqçilərin psixologiyasıdır. Onların psiloji baxımdan uşaqlarla işləməyə hazır olub-olmaması çox müzakirə olunur. Psixoloq Aygül Məlikova da bu məsələdə vəziyyətin ciddi olduğunu bildirir:

“Son zamanlar idmançıların sərgilədiyi davranışlar artıq hər kəsdə, xüsusilə valideynlərdə qorxu yaradır. İnsanlar uşaqlarını idmana nəyə görə yönləndirirlər? Davranış pozuntusu olur, çöldə-bayırda döyülməsin deyə idmana istiqamətləndirirlər. Uşağın enerjisi yüksək olur, onu bədənindən çıxarsın deyə. Və yaxud da özlərini müdafiə məqsədiylə idmana yönləndirirlər. Amma biz görürük ki, idman müəllimləri fərqli aqresiv reaksiyalar göstərirlər. Əslində idmançılar xalqa nümunə olacaq şəxslərdir. Onlar bizi dünyada təmsil edirlər. Geyim, danışıq və davranış tərzləri nümunə olmalıdır. İzlədiyimiz videoda görürük ki, bir insan etdiyi davranışın fərqində də deyil. O, müəllimidirmi, deyilmi, bu, mübahisəli mövzudur. 7 yaşlı uşağa qarşı amansız dərəcədə şiddət tətbiq edir. Bunun adı şiddətdir. Hər hansı fənd öyrətmək, onun bədəninin möhkəmləndilməsi deyil.

Ümumiyyətlə davranış pozuntusu olan insanların idmana yönləndirilməsini tövsiyə etmirik. Belə insanlar şiddətə meyillidirlər. Onlar məsələləri qol gücünə həll etməyə çalışırlar. Belə olan halda onlar qarşısındakının uşaq və ya yetkin olduğunu fərq etmir. Biz belə müəllimlərdə mərhəmət duyğusunun olub-olmadığını bilmirik. Çünki mərhəmət duyğusuna sahib olan insan uşağa qarşı belə davranış göstərə bilməz. Amansız davranışlar müəllimin psixoloji durumunun qətiyyən nomal olmadığını göstərir”.

Aygül Məlikova pedaqoq olan hər bir kəsin psixoloji müayinələrdən keçməli olduğunu bildirir. Bundan başqa, idman üzrə psixoloqların olmadığını da vurğulayır.

“Pedaqoq olan hər kəsin psixoloji müayinələrdən keçməli və rəy almalıdırlar. Bu məsələ dövlət səviyyəsində qaldırılmalıdır. Düşünürəm ki, insanlar da buna birmənalı yanaşmamalıdırlar. İstər dövlət, istərsə də özəl müəssisələrdə müəllim kimi fəaliyyət göstərən insanın psixoloji durumu normal deyilsə, o insanın verdiyi təlimdən uşaqlar nəsə öyrənə, yiyələndikləri sahəni mənimsəyə bilməzlər. Pedaqoqların işə qəbulu zamanı təhsil səviyyəsinin yoxlanılması üçün imtahan keçirilir. Bu imtahanlardan biri psxilogiya ilə bağlı ola bilər. Və yaxud psixoloji durumun öyrənilməsi üçün görüşlər keçirilə bilər.

Əslində hər bir sahənin özünə görə psixoloji dəyərləndirilməsinin aparılması yaxşı olar. Amma təəsüflər olsun ki, ölkəmizdə idman üzrə psixoloq yoxdur”.

İdman mütəxəssisləri də vəziyyətdən narahatdırlar. “Qəbələ” İdman Klubunun cüdo bölməsinin baş məşqçisi, əməkdar məşqçi Ramil İsmayılov bu sahədə problemlərin çox olduğunu, ancaq nəzarətin olmadığını bildirir. Onun sözlərinə görə, vəziyyətdən çıxış yolu güclü nəzarət mexanizminin yaradılması və bu işin xarekterli insanlara həvalə edilməsidir:

“Bu problemlərin qarşısında Gənclər və İdman Nazirliyi ciddi addımlar atmalıdır. Məsələn, bir neçə şəxsdən ibarət komissiya yaradıla bilər ki, idman zallarına, məşqçilərə nəzarət etsin. Bir şəxsin kurasiyasında bütün idman növləri üzrə məşqçilər ola bilər. Onlar yoxlamalara getməklə, araşdırmalar aparmaqla, yarışalara getməklə məşqçiləri yoxlaya, onlara nəzarət edə bilərlər. Bu şəxslər xarakterli, məsuliyyətli, təsir altına düşməyən, müəyyən vasitələrlə ələ alınması mümkün olmayan şəxslər olmalıdır. Onlar dərk etməlidilər ki, işləri müqəddəsdir. Düşünməlidirlər ki, bu uşaqlar Azərbaycanın gələcəyi, idmançısı, əsgəri, zabiti, xüsusi təyinatlısdır. Onları qorumalıyıq, əzilməməlidilər. Məşqçilərin hər cür xasiyyətlisi var. Kobud, cahil, psixoloji problemli, narkotik aludəçisi ola bilər. Hər şey ola bilər. Həmin şəxslər onlara nəzarət etməli, uşaqlarımızı qorumalıdılar. Ola bilər ki, bu problemlər tam həll ediməsin. Amma çatışmazlıqlar 80-90 faiz aradan qalxacaq”.

İsmayılov idman zallarının şəffaf fəaliyyət göstərməli olduğunu bildirir. Onların fikrincə, məşqçilərə nəzarət edilməli, valideynlərə qarşı isə açıq olmaq lazımdır:

“Mənim də 2 zalım var. Orada mənə dünya çempionu lazım deyil. Mənə insanlıq kefiyyətləri yüksək olan məşqçilər lazımdır. Məşqçi hər şeydən əvvəl yaxşı pedaqoq, psixoloq olmalıdır. Ona görə də məşqçiləri işə götürəndə nəticələrindən, CV-dən çox şəxsi kefiyyətlərinə, xarakterinə nəzər yetiririk. Hər hansı idmançının böyük uğurları ola bilər. İdmançılar akademiyada məşqçi kimi təhsil alırlar. Onlar, ola bilər ki, pis dərs keçmirlər. Amma işə yanaşmaları düz olmaya bilməz. Uşaqları düzgün olmadan yükləyirlər. Döyənlər də, söyənlər də var. Bunların sayı az deyil. Çalışırıq ki, belə hallarla mübarizə aparaq. Belə məşqçilər varsa, onlarla profilaktik söhbətlər edək, etdiklərinin düzgün olmadığını çatdıraq.

Bundan başqa, məşqlər və idman zalları valideynlərin üzünə açıq olmalıdır. Bəzi zallarda deyirlər ki, məşqlərə baxmaq olmaz. Niyə olmaz? Onlar məşqlərə baxmalıdırlar. Zalların kənarında uşaqların valideynlərinə və ailə üzvlərinə belə şərait yaradırıq. Təbii ki, məşq prosesinə mane olmamalarını xahiş edirik. Bundan başqa, mümkün olanda kamera sistemi quraşdırılmalıdır. Bu tələb kimi iş adamlarının qarşısına qoyulmalıdır ki, valideynlər zala daxil olmadan belə övladlarının məşq prosesi ilə tanış olsunlar. Bu kameraların sayı çox olmalıdır ki, onlar üçün qaranlıq məqam olmasın. Hətta aidiyyəti qurumlar, şəxslər belə istədikləri zaman daxil olub kameralar vasitəsiylə məşqçiyə, uşaqlara nəzarət edə bilsinlər. Biz mümkün qədər bu proseslərə açıq olmalıyıq”.

Göründüyü kimi bu məsələ çox dərindir. Qaranlıq məqamlar çoxdur. Bu problemlərin həlli üçün ümumi addımlar atılmalı, nəzarət mexanizmi yaradılmalıdır.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm