İdman
Vaqif Sadıqovun ağ yalanı: AFFA İcraiyyə Komitəsinin üzvü kimi aldadır? - FAKTLAR
Nəhayət Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi yola salındı. Uğursuz idarəçiliyi və yekəxana davranışıyla xatırlayacağımız italyan mütəxəssis AFFA İcraiyyət Komitəsinin ötən gün baş tutan fövqəladə iclasında hesabat verdikdən sonra federasiya rəhbərliyinə postunda qalmaq istəmədiyini bildirdi.
İK üzvləri nə əcəbsə, De Byazinin fikrindən döndürməyə çalışmadılar. 1 saatlıq çək-çövürdən sonra 67 yaşlı mütəxəssisə yeni müqavilənin təklif edilməməsiylə bağlı qərar verildi və yeni baş məşqçinin axtarışlarına başlandı.

Bizdə belə adət var, gedəni arxasınca istədikləri kimi danışırlar. İclas bitən kimi İK üzvlərinin mətbuatda boy-boy açıqlamaları görünməyə başladı. Adət üzrə "günah keçisi" tapmışdılar – De Byazi. Onun Azərbaycan dilində bilmədiyini nəzərə alsaq, federasiya funksionerləri üçün istənilən fikri bildirmək asanlaşır. AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov da açıqlamasıyla gündəmə gəlib:
“Getməsinin tərəfdarıydım. Mən heç onun Azərbaycana gəlməsinin də tərəfdarı olmamışam. Bütün müsahibələrimdə ona qarşı olduğumu, millini yerli mütəxəssislərin çalışdırmasını istədiyimi demişəm. Ümumiyyətlə, De Byazinin müqavilə müddəti indiyə qədər artırılmamalıydı”.

Sadıqovun bu açıqlamasından sonra yaddaşımızı təzələmək qərarına gəldik. Axı Vaqif bəyin nə vaxtsa belə açıq danışdığını görməmişdik. Arxivi vərəqlədikcə, gördüklərimiz bizim yanılmadığımızı göstərdi.
17 Noyabr 2021-ci il - AFFA-nın vitse-prezidenti, AFFA məşqçilər Şurasının sədri, AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqovun ölkə mətbuatına müsahibəsindən sitatlar:
“Təkcə baş məşqçini dəyişməklə (red - Canni de Byazini nəzərdə tutur) nəsə düzələrsə, bu, ən rahat yoldur. Hesab edirəm ki, kompleks şəkildə işlər görülməlidir. Təməli gücləndirib, bağlılıq yaratmaqla istəyimizə nail ola bilərik. De Byazi ayın sonuna qədər millimizin baş məşqçisidir. Onun işinə hörmətlə yanaşmaqla vaxtı gözləməliyik. İlk növbədə onun hesabatı dinlənilməlidir. Daha sonra gələcək addımlar barədə düşünməliyik.
Təhlil aparsaq, görərik ki, əvvəlcə 5, daha sonra 7 və Foqtsla 9 xal əldə olundu. Prosineçkinin zamanında isə daha yüksək – 10 xal topladıq. Sonradan enişə məruz qaldıq və qrupda cəmi 1 xala sahib olduq. Bu üzdən çox ciddi müzakirələr aparılmalıdır. İlk növbədə səbəbi araşdırıb tapmaq lazımdır. Hər komandanın yüksəlişi və enişi olur. Ancaq bu, xeyli vaxtdır davam edir. De Byazi və ya onu kim əvəz edərsə, futbolumuza xeyir verməlidir.
Bundan əvvəl düşünə bilərdik ki, İtaliya fubolunun nümayəndəsi bizə nəsə verə bilər? Yaxud xorvatiyalı? Ən vacibi odur ki, kimliyindən asılı olmayaraq, baş məşqçi Azərbaycan futboluna fayda versin. Yəni deməyim odur ki, aşağı səviyyəli komandada çalışan insanlar müzakirə obyektinə çevrilirsə, bu düzgün deyil. Fikrimcə, De Byazinin müqaviləsi bitəndən sonra müzakirələr başlayacaq. Hər şey ölçülüb-biçiləcək”.

Vaqif Sadıqovun bir neçə gün sonra - 2 dekabr 2021-ci ildə verdiyi müsahibədən: “Canni de Byazi ilə bağlı qərarın verilməsi üçün çox gərgin müzakirələr getdi. Nəticədə ona Millətlər Liqasında 6 matçda komandaya baş məşqçilik etmək şansı verildi. Çünki de Byazi son Millətlər Liqasında və DÇ-2022-nin seçmə mərhələsində yığmaya rəhbərlik edib, futbolçuları yaxşı tanıyır. Ondan güclü, mübariz komanda yaratmaq, 2022-ci ildəki Millətlər Liqasında ən yüksək yerlər uğurunda mübarizə aparmaq, pley-offa vəsiqə qazanmaq tələb edilib”.
Bəli, bu, Sadıqovun açıqlamalarıdır. Millidə yerli məşqçilərin çalışmasının, De Byazinin əleyinə olduğunu deyən, amma əslində ağzından belə bir söz çıxmayan rəsmi şəxs. İllərdir Azərbaycan futbolunda bir dəyişiklik baş vermir. Dəyişən sadəcə məşqçilər və futbolçulardır. Ancaq idarə edənlər bir dəfə özlərində günah axtarmırlar.

Əslində, 30 ildə 22 dəfə baş məşqçi dəyişikliyi edən federasiyanın özündə dəyişiklik etmək, bu qərarları verənlərin özlərindən hesabat tələb etmək lazımdır. İcraiyyə Komitəsinin üzvlərinə bir baxın: 13 nəfərin içində neçə futbol adamı görürsünüz? Sizi əziyyətə salmadan adlarını sadalayaq – İsgəndər Cavadov, Kazbek Tuayev və Vaqif Sadıqov. Onların da heç biri də Azərbaycan futbolu üçün can yandırmayıb, pullarını alıb, səfərlərini ediblər.
Bu triodan Kazbek Tuayev və İsgəndər Cavadov illərdir o komitədə sadəcə əl qaldırmaqla məşğuldurlar. Onların ümumiyyətlə subyektiv fikirləri yoxdur. Var, o da kreslo və yüksək maaş! Vaqif Sadıqov da onlardan fərqlənmir. Verdiyi açıqlama da elə bunun göstəricisidir.
Ona görə Vaqif Sadıqovun “heç vaxt De Byazinin baş məşqçi olmasının tərəfdarı olmamışam” deməsi sadəcə ağ yalandır!
-
Nida Xəbər 17:07“Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək...” - Sirlər açılır
-
Dünya15:40Şimali Kiprdə yeni prezident and içdi: Tufan Erhürman kimdir?
-
Magazin113:57"Tamaşaçı da elə bilir ibadət edirəm” - Alim Qasımov
-
Region13:20Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Çox yüksək səviyyədə...
-
Region12:14Moskvadan İrəvana eyham: Tanqo üçün iki nəfər lazımdır
-
İdman11:53Messinin görüşdüyü qadın kimdir? - Həyəcanını gizlədə bilmədi - FOTOLAR
-
İdman10:54Azərbaycanlı futbolçu Rusiyada şou göstərdi: Möhtəşəm qol vurdu - VİDEO
-
Maraq dünyası10:18ABŞ ordusu niyə əfsanəvi "Qara quş"dan imtina etdi? - Maraqlı FAKT



































