Azərbaycanın bu rayonunda tapılan istedad: Qurban Qurbanov onu nəzarətə götürüb
Bizi izləyin

İdman

Azərbaycanın bu rayonunda tapılan istedad: Qurban Qurbanov onu nəzarətə götürüb

Azərbaycanın futbol coğrafiyası son zamanlarda genişlənməyə, əvvəlki miqyasına qayıtmağa başlayıb. Cari mövsümdən liqaların və komandaların sayında artım var. Bu prosesin davam edəcəyi gözlənilir.

Bəzi bölgələr böyük futbola qayıdış ediblər. Amma elə şəhər və rayonlarımız var ki, peşəkar liqalarda çıxış edən komandalar olmasa belə, orada futbol həmişə var olub. Masallı belə rayonlardan biridir. Cənub bölgəsinin dilbər guşəsi uzun illərdir böyük futboldan uzaq düşsə də, Azərbaycan futboluna yetirmələriylə töfhə verməyə davam edir.

Masallıda uşaq futbolu həmişə olub, elə bu gün də var. Çətinliklərə rəğmən, burada çox sayda uşaq futbolla məşğul olur və bu idman növblərinin sirlərini öyrənir. Uşaq Gənclər İdman Məktəbinin (red – bundan sonra UGİM) aşağı yaş qrupları üzrə komandaları AFFA-nın təşkil etdiyi U-14 liqasında mübarizə aparırlar. Ancaq onlar bunu çətinliklər bahasına edirlər. Buna Masallı futbolunun zəhmətkeşlərində olan Rövşən Süleymanovla söhbətdə əmin olduq. Masallı rayonu UGİM baş futbol müəllimi vəzifəsində çalışan sabiq futbolçu çox ciddi problemlərlə mübarizə apardıqlarını söyləyir:

“Masallıda futbolunun vəziyyəti hər kəsə bəllidir. Uşaqlar futbolla, təbii ki, məşğul olurlar. Cənub bölgəsi futbol diyarıdır. Bildiyiniz kimi, burada “Viləş”, “Xəzər Lənkəran” kimi ölkədə sözünü demiş komandalar olub. İndi vəziyyət əvvəlki kimi deyil. Şəraitimiz yaxşı, ürəkaçan səviyyədən uzaqdır. Stadionlarla bağlı problemlərimiz var. Cənub bölgəsi "dumanlı albion"dur. Bura yağış yağmağa başlayanda 4-5 gün dayanmır. Buna görə payız-qış aylarında məşq etməyimiz çətinləşir. Meydançalarımız bərbad hala düşür. Valideynlərin əksəri haqlı olaraq narazılıq edir. Məşq meydanlarının ot örtüyü aşağı səviyyədədir. Masallı yeganə rayondur ki, idman məktəblərinin süni örtüklü məşq meydançası yoxdur. Futbolun inkişafı təkcə topun olmasından ibarət deyil. Futbolun inkişafı müəllimin məktəbdən maaş alması ilə həll edilən məsələ də deyil. Çox qlobal problem var. Dövlət səviyyəsində həll edilməli olan çətinliklər var. Məşq meydançaları düzəldilməli, inventarlar olmalıdır. Bu barədə çox danışmaq olar. Qısaca deyim ki, şəraitimiz heç də yaxşı deyil. Çətinliklərə baxmayaraq, bacardığımız qədər bu zonadan yetişən futbolçuları ölkənin aparıcı klublarına göndərə bilirik. Ən azından bu sarıdan resurslar, imkanlar var. Bu, bizə təsəllidir ki, ən azından istedadlı uşaqları klublara göndərə bilirik”.

Masallının xeyli kəndi var ki, dağlıq zonada yerləşir. Buna görə də kəndlərdə yaşayan uşaqların futbolla məşğul olmasında çətinliklər ola bilər. Süleymanov bu məsələni necə həll etdiklərindən də danışdı:

“Bu problemlər var, bacardığımız qədər qarşısını almağa çalışırıq. Masallının Alvadı kəndi var, biz orada UGİM-in məntəqəsini qurmuşuq. Bildiyiniz kimi, müəllimlərin həmin məktəblərin məşq meydançasından istifadə etmək hüququ var. Biz istedadlı uşaqların bir yerə toplaşdığı məntəqə açmışıq. O da Alvadı kəndində, yolun üstündədir. Ora 6-7 kəndin istedadları gəlib çıxa bilir. Bütün kəndlərdə istedadlı uşaqlar var. Çalışırıq onlar da məşqlərdən kənar qalmasın. Biz bununla bağlı şərait yaratmışıq. UGİM-də 10 futbol müəllimi var ki, onların 5-6-sı kəndlərdə dərs deyir. Onlar Masallıya gələ bilməyən, kəndlərdə yaşayan uşaqlara məşq keçirlər. Biz mütəmadi olaraq həmin müəllimlərlə əlaqədə oluruq, iclaslar keçirik və yoldaşlıq görüşləri təşkil edirik. Oradakı ən istedadlı uşaqları götürüb AFFA-nın bayrağı altında Cəllibadda və Lənkəranda keçirilən turnirlərdə mübarizə aparan komandaların heyətinə daxil edirik. Onlar da orada istedadlarını açırlar. Masallının Şıxlar və Miyankü kəndləri var. Mərkəzdən 25-30 km məsafədə yerləşirlər. Miyanküdən bir istedadlı uşaq var idi. Biz orda olanda onu gördük. Maddi çətinlikləri var idi. Sonra öz maliyyəmiz hesabına şərait yaratdıq ki, rayona gələ bilsin. İndi “Qarabağ”ın əvəzedici komandasının üzvüdür. İstedadı var. Qurban Qurbanov onu məşqlərdə diqqətdə saxlayır.

Təbii ki, biz bu məsələlərə diqqət yetiririk. İstedadlar bata bilməz. Maliyyə məsələsi necə olur-olsun, 50 km məsafədə istedad varsa, onu götürüb gətirəcəyik. Biz bu işlə evimizə pul aparırıq, qarşılığın vermək bizim mənəvi borcumuzdur. Bəlkə də hansısa ucqar kənddə Azərbaycanın Messisi bizim gözümüzdən yayınıb, itib-bata bilər. Bunun günahın götürə bilmərəm. Nə qədər bu işin başındayam, bu məsələlərə diqqət yetirəcəm. Bu, mənim mənəvi borcumdur. Düzdür, çətinlik var. Hazırda bizim futbol bölmələrimizdə 350-ə yaxın uşaq bu idman növüylə məşğul olurlar. Hətta, “Masallı”, “Ərkivan”, “Qala” klublarında da aşağı yaş qrupları üzrə komandalar var. Ümumilikdə təqribən 750-800 uşaq futbolla məşğul olur. Bu da rayonlar arasında yaxşı göstəricidir”.

Uşaq futbolunun işlək vəziyyətdə olması üçün maliyyə vacib məqamdır. Çünki əksər uşaqlar maddi çətinliklərə görə, bu idman növündən uzaq düşüblər. Bəs Masallıda bu problemlə necə məşğul olurlar?

“Müəyyən xərclərimiz var. Nüfuzumuzdan istifadə edərək qardaşa-dosta müraciətlər edirik ki, istedadlı uşaqlar var, onların yol xərclərini qarşılamaq lazımdır. Amma mümkün qədər çalışırıq ki, belə problem olmasın. Çünki kəndlərdə də məşqlər keçirik. Uşaqların yol xərclərinin çıxmamasına çalışırıq.

“Vətən” futbol məktəbi ilə əməkdaşlıq edirik. Onların bizə dəstəyi var. Ən yaxşı futbolçuları ora göndəririk. Çox sayda yetirmələrimiz bunun sayəsində klublarda çıxış etmək imkanı qazanırlar. “Vətən” futbol məktəbi bizi ləvazimatlarla, formalarla, topla təmin edir. Biz də ən yaxşı istedadları onlara veririk. Ümumiyyətlə uşaqlarımızı üzə çıxarmaqda problemimiz yoxdur. Başqa əlaqələrimiz də var. Klublarla və bəzi şəxslərlə birbaşa ünsiyyət qura bilirik. Bunun sayəsində seleksiyaçılar futbolçularımızı izləyib, onları öz klublarına apara bilirlər”.

Uşaq futbolunda çəkilən əziyyətin bəhrəsini Masallı böyük futbolda görə bilmir. Düzdür, bu bölgənin yetirmələri çox sayda klubun üzvü olaraq meydan çıxırlar. Ancaq bu rayonu peşəkar futbolda təmsil edəcək klub yoxdur:

“Masallıların arzusudur ki, böyük futbolda klubumuz olsun. Mən özüm də 13 il yüksək dəstədə çıxış etmişəm. “Qarabağ”ın, “Kəpəz” və doğma “Viləş”in formasını geyinmişəm. Hər dəfə stadiona gedəndə kədərli hisslər yaşayıram. Vaxt var idi “Neftçi” ilə qarşılanda ora 5-7-10 min azarkeş gəlirdi. İnsan əlindən tərpənmək olmurdu. Həmin anlardan əsər-əlamət yoxdur. Bu məsələ ilə bağlı nikbin deyiləm. İnana da bilmirərm ki, “Viləş” nə vaxtsa bərpa oluna bilər. Amma gözləyək... Biz də o zamanı gözləyirik ki, hansısa iş adamı və ya sponsor “Viləş”in bərpa olunması üçün addımlar atacaq. Amma bu gün reallıq budur ki, Birinci Liqada və ya Premyer Liqa oynayacaq komandamızın olması çətindir. Region Liqasında 2 komandamız var - “Ərkivan” və “Masallı”. Peşəkar klubun olması üçün yaxşı stadionumuz və sponsorumuz olmalıdır ki, böyük futbol Masallıya qayıtsın. Mənə inandırcı gəlmir ki, yaxın gələcəkdə bir şey baş versin. Olarsa, xoşbəxt olarıq. Masallının sayılıb seçilən iş adamları var, saytınız vasitəsi ilə müraciət edirik ki, futbola dəstək olsunlar, istedadlı uşaqlar itib batmasınlar. Ölkəmiz və prezidentimiz gənclərin pis vərdişlərə qurşanmaması üçün idmanla məşğul olmalarına çalışır. Bizim idman siyasətimiz budur. Cənab Prezident də futbol sevir. İnşallah yaxın gələcəkdə Masallıda futbol bərpa olar”.

Heybət Məmmədov

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm