Sumqayıtdan DÇ-2026-ya aparan yol: Prezidentsiz, hökumətsiz, stadionsuz ölkə mundialda - FOTOLAR
Bizi izləyin

İdman

Sumqayıtdan DÇ-2026-ya aparan yol: Prezidentsiz, hökumətsiz, stadionsuz ölkə mundialda - FOTOLAR

2025-ci ilin martın 22-də Azərbaycan millisi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda onlara üç cavabsız topla məğlub olmuşdu. Rəqib Haiti idi. Fernandu Santuşun rəhbərlik etdiyi komanda böyük hesablı məğlubiyyətə görə tənqid edilmişdi. Amma rəqib haqqında xoş fikirlər səslənmirdi. "Bunlar kimdirlər ki, onlara uduzmuşuq", - deyən neçə azarkeş vardı.

Bu sualın cavabı ötən gecə verildi. Şimali Amerika ölkəsi 51 illik həsrətə son qoyaraq dünya çempionatına vəsiqə qazandı.

Haiti ilk və son dəfə 1974-cü ildə Dünya Kubokunda iştirak edib. "Mavi-qırmızılılar" turnirdə oynadıqları üç oyunda 14 qol buraxmış və qrup mərhələsində mübarizəni dayandırmışdılar. O vaxtdan bəri mundialda iştirak etməyən yığmanın həsrəti bu gecə başa çatdı.

CONCACAF (Şimali və Mərkəzi Amerika və Karib Futbol Konfederasiyası) Dünya Kuboku Seçmə mərhələsinin C qrupunda mübarizə aparan yığma, 5 oyundan sonra 8 xal toplayaraq ikinci yerdə idi.

"Mavi-qırmızılılar"ın turnirə birbaşa qatılması üçün Kosta Rikanın Hondurası məğlub etməsi və Haitinin Nikaraqua ilə oyunda ən azı 1 xal qazanması tələb olunurdu. Ən pis halda komandanın pley-offda oynamaq şansı var idi.

Hər şey onların arzuladığı kimi oldu. Kosta Rika Hondurasla qolsuz heç-heçə etdi, Haiti isə Nikaraquanı 2:0 hesabı ilə üstələdi. Beləcə, ölkə futbolunda yeni tarix yazıldı.

Düzdür, Haiti Kurasao kimi ilk dəfə turnirə qatılmır. Lakin onların da nağılvari bir hekayəsi var. 51 illik həsrətə son qoyan bu ölkədə həm də vətəndaş müharibəsi gedir. 2021-ci ildə prezident Jovenel Moysenin öldürülməsindən sonra Haitiə zorakılıq baş alıb gedir. Paytaxt Port-au-Prinsin 85%-i silahlı dəstələr tərəfindən idarə olunur. Ölkənin Milli stadionu 2024-cü ilin martında silahlılar tərəfindən ələ keçirilib, hökumət fəaliyyət göstərə bilmir.

Milli komanda isə ev oyunlarını Kurasaoda keçirməyə məcburdur. 2021-ci ilin iyulundan bəri yığma ev matçına çıxmayıb və görünür ki, bu, bir müddət də davam edəcək. Lakin onların 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək mundialda iştirakına, ölkəni, xalqı təmsil etməsinə heç nə mane ola bilməyəcək.

Bəli, 2025-ci ilə Sumqayıtda Azərbaycan millisini məğlub etməklə başlayan Haiti ilin sonunda dünyanın bir nömrəli futbol yarışına vəsiqə qazandı.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm