Dünya çempionatının tarixi: İlk addım, boykot və siyasi intriqalar - DÇ-1930 və DÇ-1934
Bizi izləyin

İdman

Dünya çempionatının tarixi: İlk addım, boykot və siyasi intriqalar - DÇ-1930 və DÇ-1934

Dünya çempionatının tarixi: İlk addım, boykot və siyasi intriqalar - DÇ-1930 və DÇ-1934

Müasir dövrdə insaların ekran qarşısına kilidləndiyi, nəhəng büdcələrin dövr etdiyi dünya çempionatı bu günlərə asan gəlib çatmayıb. Hazırda onlarla ölkənin ev sahibliyi etmək üçün mübarizə apardığı, iştirakçı sayının getdikcə artdığı bu qlobal turnirin ilk illəri fədakarlıqlar, qəribə boykotlar və hətta siyasi diktaturaların kölgəsində keçib.

Tarixin ilk iki mundialı - 1930-cu il Uruqvay və 1934-cü il İtaliya çempionatları özündə bu gün bizə fantastik görünə biləcək onlarla heyrətamiz detal gizlədir.

DÇ-1930: Uruqvayın cəsarəti və cəmi 13 iştirakçı

FİFA-nın öz turnirini yaratmaq ideyası 1928-ci ildə rəsmiləşdi. Bəs niyə məhz Uruqvay? Səbəb sadəcə onların 1924 və 1928-ci illərdəki Olimpiya çempionluqları və ya 1930-cu ildə müstəqilliklərinin 100 illiyini qeyd etmələri deyildi. Əsas məsələ Uruqvayın FİFA-ya rədd edilməsi mümkünsüz olan təklif idi. Ölkə iştirakçı komandaların bütün yol və qalmaq xərclərini öz üzərinə götürür, üstəlik, xüsusi olaraq turnir üçün paytaxt Montevideoda yeni “Sentenario” stadionunu inşa etməyə söz verirdi.

Buna baxmayaraq, ilk mundiala komanda tapmaq heç də asan olmadı. Cəmi 13 ölkə turnirə qatıldı. İtaliya, İspaniya, İngiltərə və Almaniya kimi Avropa nəhəngləri həm iqtisadi çətinlikləri, həm də uzaq məsafəni bəhanə edərək Cənubi Amerikaya getməkdən imtina etdilər. Qitəni cəmi 4 komanda - Belçika, Fransa, Rumıniya və Yuqoslaviya təmsil edirdi.

13 komanda 4 qrupa bölünmüşdü (üç qrupda 3, bir qrupda isə 4 komanda). Yalnız qrup liderləri birbaşa yarımfinala vəsiqə qazanırdı. Turnirin ən maraqlı məqamlarına nəzər salsaq, açılış matçı 13 iyul 1930-cu ildə Fransa və Meksika (4:1) arasında baş tutdu. Mundialların tarixinin ilk qolun müəllifi isə fransız hücumçu Lüsien Loran oldu. Gözlənildiyi kimi, finalda iki Cənubi Amerika nəhəngi üz-üzə gəldi. 93 min tamaşaçının izlədiyi həlledici matçda Uruqvay ilk hissədə məğlub duruma düşsə də, yekunda Argentinaya 4:2 hesabı ilə qalib gələrək futbol tarixinin ilk dünya çempionu adını qazandı.

DÇ-1934: Mussolininin "təbliğat maşını" və "çirkli" qələbə

Əgər ilk turnir romantik bir fədakarlıq idisə, cəmi 4 il sonra İtaliyada keçirilən ikinci mundial birbaşa siyasətin və diktaturanın alətinə çevrilmişdi. Turnir Benito Mussolininin faşist rejiminin gücünü dünyaya nümayiş etdirmək üçün istifadə olunurdu. FİFA ev sahibliyini İsveçə yox, təşkilatçılığa böyük pullar xərcləməyə hazır olan İtaliyaya verdi.

İlk turnirdən fərqli olaraq, artıq iştirak etmək istəyənlərin sayı çox idi və futbol tarixində ilk dəfə seçmə mərhələ keçirildi. 29 ölkə 16 bilet uğrunda mübarizə apardı.

DÇ-1934 boykotlar və qəribəliklər turniri adlandırılır. Uruqvay millisi 1930-cu ildə onlara hörmətsizlik edərək turnirə gəlməyən Avropa ölkələrinə acıq edərək İtaliyaya getməkdən imtina etdi. Bu, dünya çempionatları tarixində sonuncu çempionun öz titulunu qorumaq üçün növbəti turnirə qatılmadığı ilk və yeganə hadisədir. FİFA ilə fikir ayrılığı yaşayan və özlərini hamıdan üstün sayan İngiltərə də turniri boykot etdi. Onlar ilk dəfə yalnız 1950-ci ildə mundiala qatılacaqdılar.

Çox qəribədir ki, ev sahibi İtaliya belə seçmə mərhələdə iştirak etməli oldu. Yunanıstanı 4:0 udduqdan sonra yunanlar cavab oyunundan imtina etdilər. Bunun rüşvət qarşılığında baş verdiyinə dair güclü şayiələr var idi.

Başqa bir təəccüblü məqam isə qrup mərhələsinin ləğvi idi. Turnir birbaşa 1/8 finaldan, yəni pley-off sistemi ilə başladı. Təsadüfi deyil ki, Afrika qitəsinin ilk təmsilçisi olan Misir də daxil olmaqla, qeyri-Avropa ölkələri elə ilk mərhələdən evə döndülər.

İtaliya millisi güclü idi, lakin Mussolininin tələbi qəti idi: "İtaliya çempion olmalıdır!" Bunun üçün bütün vasitələrdən istifadə edildi. Ən böyük silah isə birbaşa diktator tərəfindən seçilən və idarə olunan hakimlər idi.

İtaliya yığmasının sükanı arxasında gənc yaşlarından məşqçiliyə başlayan 48 yaşlı dahi taktik Vittorio Pozzo dayanırdı. Onun icad etdiyi "Metodo" (2-3-2-3) taktikası komandanın hücum potensialını inanılmaz artırmışdı. Pozzonun ən böyük gedişlərindən biri isə Argentina millisinin üç aparıcı oyunçusunu 0 Luis Monti, Raymundo Orsi və Enrike Quaitanı milliləşdirməsi oldu. Qaydalara görə bu, mümkün idi. Bununla Luis Monti həm 1930-da (Argentina ilə), həm də 1934-də (İtaliya ilə) Dünya Çempionatının finalında oynamış yeganə futbolçu kimi tarixə düşdü.

Hakim haqsızlıqları turnirin əsas mövzusu idi. 1/4 finalda İspaniya ilə oyun əsl qırğına çevrildi. İtaliyaliların kobud oyununa göz yuman hakimlər sayəsində ispanların 7 oyunçusu ağır zədələndi. Əfsanəvi ispan qapıçı Rikardo Samora qabırğa qırıqları və beyin sarsıntısı ilə oyunu tamamladı. İlk oyun 1:1 bitdi. Təkrar matçda isə isveçrəli hakim aşkar qayda pozuntusu ilə vurulan İtaliya qolunu saydı, ispanların iki qolunu isə ləğv etdi. Sonradan İsveçrə Futbol Federasiyası bu hakimi ömürlük futboldan uzaqlaşdırdı.

Yarımfinalda Avstriyanın əfsanəvi "Vunderteam"ına (Möcüzəvi komanda) qarşı oyunda da ssenari dəyişmədi. Güclü yağışın bərbad hala saldığı meydanda isveçli hakim Ekşlundun köməyi və ofsayddan vurulan qolla İtaliya finala çıxdı. Hətta Ekşlund finaldan öncə Mussolininin lojasına gedərək "xeyir-dua" da almışdı.

Finalda Çexoslovakiya ilə qarşılaşan İtaliya 81-ci dəqiqəyə qədər 0:1 geridə olsa da, əvvəlcə Orsinin qolu ilə hesabı bərabərləşdirdi, əlavə vaxtda (95-ci dəqiqədə) isə Skavyonun qolu ilə dünya çempionu oldu.

1930 və 1934-cü illər futbolun böyük səhnəyə çıxış dövrü idi. İlk mundial cəsarət və xalis idman ruhu üzərində qurulmuşdusa, ikinci turnir idmanın siyasətdən kənarda qala bilməyəcəyinin ilk acı sübutu oldu. Buna rəğmən, bu iki çempionat bugünkü qlobal futbol bayramının əsas və sarsılmaz özülləri olaraq tarixdəki yerini əbədi qoruyur.

Dünya çempionatlarının tarixinə növbəti yazılarda da səyahət etməyə davam edəcəyik.

Müəllif: Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm