İdman
Etiraf gəldi, bu klubun haqqı yeyilib: AFFA-da istefalar olacaq?
Azərbaycan kubokunun yarımfinal mərhələsində baş tutan son oyunlar futbol ictimaiyyətində ciddi müzakirələr doğurub. Xüsusilə “Turan Tovuz” – “Zirə” matçında referi Əliyar Ağayevin qərarları böyük narazılıq yaradıb. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov artıq həmin epizodlarda səhvlərin olduğunu etiraf edib və qeyd olunub ki, “Turan Tovuz”un lehinə olan iki penaltini təyin etməmək nəticələrə ciddi təsir göstərib.
Bu açıqlamalar nəyi dəyişir? Oyun təzədən keçirilməlidir, yoxsa səhvlər yalnız statistikaya yazılır? Niyə səhvlər etiraf olunur, amma nəticələr dəyişmir? Hakimlər belə hallarda uzaqlaşdırılmalı və ya cəzalandırılmalıdır? Bundan sonra Azərbaycan kubokunda ədalət necə təmin ediləcək?
Eyni zamanda, futbol ictimaiyyəti “Turan Tovuz” klubunun niyə sıxışdırıldığı sualını da qaldırır. Bir klubun illərlə qazandığı zəhmət və nəticələr, hakim səhvləri üzündən niyə geri alınır? Bu qərarlar yalnız turnirin imicinə deyil, həm də azarkeşlər və komandalar arasında inama ciddi zərbə vurur.
Qarşıdakı günlərdə hansı addımlar atılacaq və “Turan Tovuz”un haqları necə qorunacaq?
Bu suallar futbolsevərlərin və ekspertlərin diqqət mərkəzindədir.
İdman yazarı Natiq Muxtarlı Musavat.com-a yaranan çoxsaylı suallarla bağlı bunları dedi: “Turan Tovuz” – “Zirə” oyununda hakim səhvlərinin AFFA tərəfindən etirafı heç nəyi dəyişməyəcək. Bu sadəcə etirafdır. İki kobud hakim səhvi olub, özü də nəticəyə birbaşa təsir edən səhvlərdir. Amma bu etiraf heç nəyi dəyişməyəcək. Çünki oyunun təkrar keçirilməsi üçün heç bir qayda yoxdur. Qaydalar bunu istisna edir.
Ancaq bu etiraf bir həqiqəti də ortaya çıxardı: AFFA futbola nəzarəti tamamilə itirib. Xaos yaşanır, Azərbaycan çempionatında. Bunun da günahkarı birbaşa AFFA rəhbərliyidir. Cəzasızlıq hökm sürür bu qurumda.
Bir oyunda iki kobud hakim səhvi baş verib. Deyək ki, hakim səhv edib, bəs VAR hara baxır? Deməli, hakim də, VAR da bu məqsədə xidmət ediblər: “Turan Tovuz” məğlub olmalıdır.
Aşkar görünür ki, hakimlər sifarişlə hərəkət ediblər. Bəs bu sifarişi onlara kim verib? Bu məsələ araşdırılmalıdır. Həm meydanda olan baş hakim, həm də VAR hakimləri ciddi cəzalandırılmalıdır. Onları futboldan birdəfəlik uzaqlaşdırmaq da olar. Çünki belə aşkar səhvlər ilk dəfə deyil. Elə “Turan Tovuz”un haqqını yeyən Əliyar Ağayev dəfələrlə belə kobud səhvlərə yol verib.
Mən buna “səhv” deyirəm, amma ola bilsin ki, səhv yox, qərəzdir.
Hakimlər Komitəsinin sədri Rəhim Həsənov “hakim səhv edib” etirafı ilə özünü qorumağa cəhd edir.
Belə olmamalıdır, Rəhim Həsənov dərhal istefa verməlidir.
Azərbaycan futbolunda xaos yaşanır, hər tur hakimlərin kobud, nəticəyə təsir edən səhvlərinə və ya qərəzinə şahidlik edirik. Belə durumda Rəhim Həsənov çıxıb “hakim səhv edib” deməklə özünün qoruya bilməz. O, peşəkardırsa, mütləq istefa verməlidir.
AFFA ciddi araşdırma aparmalıdır, təbii ki, əgər maraqlıdırsa. Araşdırma aparmalıdır ki, bu qədər səhvlər nədən qaynaqlanır, Azərbaycan futbolunu qarışdıran, hakimlərə sifariş verən kimlərdir?”.
N.Muxtarlı türk futbolu ilə müqayisə da apardı: “Bir müddətdən sonra Azərbaycanda da Türkiyədə olduğu kimi futbolçuların, klub rəhbərlərinin, hakimlərin kütləvi həbsi yaşansa, qətiyyən təəccüblənmərəm. Bu səhvlərdən həm də “qumar iyi” gəlir.
Türkiyə futbolunda da belə aşkar səhvlər edilirdi. Sonradan məlum oldu ki, hakimlərin gizli videoları var, futbolçular, klub rəhbərləri bu çirkabın içindədirlər.
Eyni səhvlər, aşkar hakim səhvləri Azərbaycan futbolunda da yaşanır. Meydandakı hakim də səhv edir, VAR-da oturanlar da. Yox, belə olmaz, burada şübhəli məqamlar var.
İndi ictimaiyyət günahkarların cəzalanmasını gözləyir: Rəhim Həsənov istefa verməlidir, Əliyar Ağayev ciddi cəzalandırılmalıdır, AFFA hüquq-mühafizə orqanlarına müraciət etməli, birgə araşdırma aparılmasını istəməlidir.
Bütün bunlar olacaq? Olmayacaqsa, deməli, yaşananlara görə elə AFFA rəhbərliyindən şübhələnmək üçün əsaslar olacaq”.
-
ABŞ00:45Bizə cəmi 4 saat vaxt lazım olacaq - Trampdan İran açıqlaması
-
Region6 Aprel 23:55İranın 10 bəndlik sülh təklifində nələr var?
-
ABŞ6 Aprel 21:51Cəsur döyüşçülərimizi evə qaytarmaq üçün... - Tramp əmr verdi
-
ABŞ6 Aprel 19:50Tramp İran üçün son tarixi açıqladı
-
Elm və təhsil6 Aprel 18:30Bakıda dərslər dayandırıldı? - Universitetlərdən açıqlama
-
Dünya6 Aprel 18:20İsrail İranın ən böyük neft-kimya müəssisəsinə hücum etdi - Yeniləndi
-
Cənubi Qafqaz6 Aprel 16:30Erməni deputat “Bakıda hər şeyi bilirlər” deyib hərbi sirri yaydı - Detallar
-
Dünya6 Aprel 13:46Müharibədən bəri ilk - Dünyanın gözü bu iki gəmidədir








.webp)























