Nida Təhlil
ABŞ-İran sazişi - Və “qorxulu Tehran”da müəmmalar
ABŞ və İran arasında razılaşmanın əldə edildiyinə dair yayılan məlumatlar qeyri-müəyyən olaraq qalır. Tramp və Rubio danışıqların son mərhələdə olduğunu, anlaşma imkanının yaxınlığını qeyd edirlər, İran tərəfi həmişə olduğu kimi, yenə də müəmmalı mövqe sərgiləyir. Dünya isə məlumatları qeyri-rəsmi mənbələrdən öyrənir.
Publika.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Hindistan səfəri zamanı İranla razılaşmanın yaxın olduğunu bəyan etdi. Qeyd etdi ki, potensial anlaşma ABŞ-ın Hörmüz boğazı ilə bağlı narahatlığı əsasında olacaq və İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq.
İran tərəfindən rəsmi olaraq, prezident Məsud Pezeşkian çıxış edib. Pezeşkian bildirib ki, “Ali Təhlükəsizlik Şurası çərçivəsindən kənarda və ali liderin koordinasiya və icazəsi olmadan heç bir qərar qəbul edilməyəcək”. Tehranda Vaşinqtonun anlaşma niyyətinə dair ciddi şübhələr qalmaqdadır.
“Axios” nəşri isə ABŞ rəsmilərinə istinadən anlaşma memorandumunun detallarını yayıb.
- 60 günlük atəşkəs olacaq və tərəflər razılaşma ilə bunu uzada bilər;
- Saziş qüvvəyə mindikdən etibarən 60 gün ərzində Hörmüz boğazı gəmilərdən heç bir rüsum alınmadan açılacaq və İran boğazı minalardan təmizləməyi öhdəsinə götürəcək;
- ABŞ limanların blokadasını qaldıracaq və bu müddət ərzində İran neftinin satışına icazə veriləcək;
- İran “heç vaxt nüvə silahı yaratmağa çalışmamaq” və zənginləşdirilmiş proqramın dayandırılması, eləcə də zənginləşdirilmiş uran ehtiyatının çıxarılması barədə danışıqlar aparmaq öhdəliyi götürəcək;
Məsələ ilə tanış olan iki mənbə nəşrə bildirib ki, İran zənginləşdirmənin dayandırılması və nüvə materialı ehtiyatlarının təhvil verilməsi ilə bağlı hazır olduğu güzəştləri şifahi şəkildə çatdırıb. ABŞ da 60 günlük atəşkəs dövründə sanksiyaların qaldırılması, dondurulmuş İran aktivlərinin sərbəst buraxılması barədə danışıqlar aparmağa razılaşıb. İran tərəfi sanksiyaların birdəfəlik qaldırılmasını, aktivlərin dərhal azad edilməsini tələb etsə də, ABŞ bunu yalnız Tehranın “güzəştlərlə bağlı praktiki addımları” halında mümkün olacağını deyib. Razılaşmaya görə, son aylarda bölgəyə yerləşdirilən Amerika qüvvələri 60 gün ərzində orada qalacaq, anlaşma yekunlaşdıqdan sonra geri çəkiləcək.
Memorandum layihəsində Livanda İsrail və Hizbullah arasındakı müharibənin də başa çatacağı qeyd olunur.
İsrail hələlik rəsmi şəkildə məsələyə münasibət bildirməyib. Hərçənd, “Axios” İsrail rəsmisinə istinadən Netanyahunun Trampla telefon danışığında razılaşmanın Livan müharibəsinə aid edilməsindən narahatlığını dilə gətirdiyini deyib. Amerikalı rəsmi əlavə edib ki, Livandakı atəşkəs birtərəfli olmayacaq, Hizbullah silahlanmaq və ya hücum etmək addımları atacağı təqdirdə, razılaşma pozulacaq.
İran tərəfinin mövqeyi isə rejimə yaxın media resurslarında müşahidə olunur. Təhlükəsizlik və hərbi dairələrə yaxın olan “Tasnim” və “Fars” xəbər agentliklərinin yaydıqları xəbərlər bu kontekstdə diqqət çəkir. Hər iki agentlik “Axios”un məlumatlarına bənzər xəbərlər yayıblar, lakin mümkün razılaşmaya ehtiyatlı yanaşmaya dair fikirlər də əlavə olunub.
“Fars” agentliyi yazıb: “Danışıqların ilkin razılaşmaya doğru irəlilədiyi vaxt məlumatlı mənbələr ABŞ-ın əvvəlki təcrübəsinə qayıtması və anlaşmadakı bəndlərdən birini pozması ehtimalını istisna etmir. Bu, Vaşinqtonun ilkin razılaşmaya zidd hərəkət etdiyi ikinci haldır”.
Agentlik İranın danışıqlar qrupunun üzvlərinə istinadən yazıb ki, “Amerikaya etibarımız yoxdur və bu etibarsızlıq hazırda ən pis vəziyyətdədir”.
“Tasnim” ABŞ-ın İran aktivlərinin azad edilməsi vədi ilə bağlı Tehranın narahatlığından yazıb.
“Dinləmələr göstərir ki, son həftələrdə ABŞ aktivlərin azad edilməsini nüvə məsələsi üzrə mümkün yekun razılaşma ilə əlaqələndirməyə çalışsa da, İran ən azı bir hissəsinin anlaşmanın elan edilməsinin əvvəlində buraxılmasını istəyir. Bundan əlavə, aktivlərin qalan hissəsinin azad edilməsi mexanizmi də danışıqlar zamanı aydın olmalıdır. Amerikalılar aktivləri yenidən dondurmaq istəsələr, İran gələcək danışıqları nəzərdən keçirə bilər”, - agentlik qeyd edib.
Onu da əlavə edib ki, İran və ABŞ arasında mümkün anlaşma memorandumunun bir və ya iki bəndi ilə bağlı fikir ayrılığı davam edir: “ABŞ-ın maneələrinə görə məsələ hələ də yekunlaşmayıb. Pakistan vasitəçisinə aktivlərin azad edilməsi də daxil olmaqla bu məsələlər həll olunmayacağı təqdirdə, razılaşmanın əldə edilməyəcəyi bildirilib”.
İran mediasında xüsusilə vurğulanan məsələlərdən biri nüvə danışıqlarının ilkin razılaşmadan sonraya qədər təxirə salınmasıdır.
“Fars” agentliyi İran rəsmilərinə istinadən məlumat yayıb ki, mümkün razılaşma layihəsində nüvə öhdəlikləri ilə bağlı heç bir bənd yoxdur və nüvə proqramı ilə bağlı bütün məsələlərin razılaşma imzalandıqdan 60 gün sonra müzakirəsi gündəmdədir Agentlik onu da qeyd edir ki, “nüvə ehtiyatlarını təhvil vermək, avadanlıqları geri çəkmək, obyektləri bağlamaq və ya hətta nüvə bombası yaratmamaq öhdəliyi yoxdur”.
“Tasnim” yazır ki, İran Hörmüz boğazı üzərində suverenliyini həyata keçirməkdə israr edir və boğazdan gəmilərin keçid rejimini müharibədən əvvəlki vəziyyətə qaytarmaq razılaşması belə su yolunun statusunun əvvəlki dövrə qayıdacağı demək deyil.
“Memorandumun mümkün imzalanması əlamətlərinə baxmayaraq, İran danışıqların uğursuzluğa düçar olacağı ssenarisinə hazırdır. Hərbi rəhbərlik bəyan edir ki, “amerikalılar bir daha səhv hesablama apararaq, İrana qarşı addım atarlarsa, bu dəfə veriləcək cavab əvvəlki iki müharibədəki strategiya, taktika, eləcə də məqsəd və istifadə olunan hərbi texnika baxımından fərqlənəcək”, - agentlik qeyd edib.
İranın rəsmi agentlikləri vasitəsilə danışıqlara dair yayılan müəmmalı mövqe iki səbəbdən də qaynaqlana bilər.
Birincisi, diplomatik kanaldan fərqli olaraq, ölkəyə nəzarət edən faktiki rejimin – dini rəhbər və SEPAH-ın real yanaşmasını təqdim etmək, ABŞ-a “istənilən şübhədə danışıqlardan imtina” mesajını çatdırmaq: Tehran bununla həm də masada əlini gücləndirməyə çalışır;
İkincisi, İran daxilində mümkün anlaşmaya qarşı çıxanları sakitləşdirmək, ictimai rəyə “müharibədə olduğu kimi, masada da qalibik” fikrini ötürmək;
Hörmüz boğazının açılması ilə bağlı daha öncəki “mümkün razılaşma”da olduğu kimi, bu dəfə də İran daxilində sərt xəttin davamçıları etiraz edir. Baş verənlər, xüsusilə anlaşmaya qarşı çıxanların səsləndirdiyi fikirlər, sərt xəttə yaxın medianın yazdıqları İranda danışıqlarla bağlı fikir ayrılığını ortaya çıxarır. Məlumatlara görə, din və siyasi xadimlərin yer aldığı bir qrup Tehran küçələrində mümkün anlaşma memorandumu ilə bağlı “Bu, müharibənin son qumarıdır” şüarını səsləndirib. Onlar ABŞ-a etibar etməyin bağışlanmaz səhv olduğunu hesab edirlər.
“Fars” agentliyi “Danışıqlar niyə qadağandır? Təkrarlanan xəyanət, davamlı ləyaqət”sərlövhəli məqləsində keçmiş dini lider Əli Xameneinin ABŞ-la qarşıdurmanın davam etdirilməsi strategiyasının ən doğru seçim olduğu qeyd olunur. Bildirilir ki, İranın müasir tarixində Əlcəzair müqaviləsindən tutmuş nüvə sazişinə qədər bütün anlaşmalar xəyanətlərlə doludur. Bu müqavilələrin əsas məqsədinin ABŞ-ın İrana “hökmranlıq etmək” olduğu iddia edilir. Əlavə edilir ki, “aktiv müqavimət” və daxili imkanlara inam güc balansını İranın xeyrinə dəyişdirməyin yeganə praktiki və şərəfli yoludur.
Qatı anti-Amerika mövqeyi ilə tanınan “Keyhan” qəzeti Vaşinqtonla danışqlar aparan diplomatik qrupa hücum edib. Qəzet Hörmüz boğazı ilə bağlı mümkün anlaşmanı “nüvə sazişinin zərərli təcrübəsi” adlandırıb.
“Hörmüz boğazı İranın ən böyük təsir rıçağı və “düşmənin Axilles dabanıdır”. Trampın kredit vədləri müqabilində bu güclü rıçağın hərraca çıxarılması qəbuledilməzdir”, - qəzet yazır.
Media ilə yanaşı, parlamentdə və siyasi cameədə yer alan sərt xəttin tərəfdarları da ABŞ-la anlaşmaya qarşı çıxırlar.
Asif Nərimanlı
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...













.jpg)























