“Növbəti dopinq qalmaqalının karyeramın sonunu gətirəcəyini hiss etmişdim”
Bizi izləyin

İdman

“Növbəti dopinq qalmaqalının karyeramın sonunu gətirəcəyini hiss etmişdim”

Zülfüqar Süleymanov ağırlıqqaldırma idman növündə öz sözünü deyən idmançılarımızdandır. Onun qazandığı nailiyyətlərə nəzər saldıqda medal kolleksiyasının zəngin olduğunu görmək mümkündür. Amma idmanda üzləşdiyi haqsızlıqlar onun karyerasını bitirməsinə səbəb oldu. İkinci dəfə dopinqdə “ilişdirilən” atlet hər şeydən “küsdü”. Ondan medalları qaytarmaq tələb olunanda isə əziyyəti hesabına qazandığı titullardan vaz keçmədi və medalları federasiyaya təhvil vermədi.

Xatırladaq ki, ilk dopinq qalmaqalı 2010-cu ildə Bolqarıstanda yaşandı. Uzun müddət cəzasını çəkdikdən (4 illik cəzanın 2 il 6 ayını çəkdi) sonra böyük idmana qaytarılan Z.Süleymanov iki ay sonra Prezident Kubokunda bürünc medal qazandı.

Bundan sonra o, yenidən beynəlxalq turnirlərdə medallar qazanmağa başladı.

“Özümdə də inam yaranmışdı ki, baş məşqçimiz mənim haqqımda belə fikirdədir. Buna görə də mənimlə bağlı növbəti dopinq iftirasının olacağını gözləmirdim. Yenidən məşqə qayıtdığım zaman da məşqçiyə demişdim ki, əgər az da olsa şübhə varsa, yarışdan öncə qan testi verməyim və yarışa qatılmayım. Çünki növbəti dopinq qalmaqalının karyeramın sonunu gətirəcəyini hiss etmişdim. Bunu istəmirdim. Gələcəklə bağlı daha böyük planlarım vardı. Hətta Olimpiada arzularım var idi. Özümü orada gömək istəyirdim. Amma məşqçimiz Zlatan Vanev mənə narahat olmaq üçün əsas olmadığını dedi. Qalmaqal ortaya çıxanda o da çox məyus olmuşdu” - Bu sözlərin müəllifi Zülfüqar Süleymanov yenidən Publika.az-a müsahibə verib. O, bu dəfə hazırkı işlərindən və tələbələrindən danışıb.

- İndi nə işlə məşğulsuz?

- Hal-hazırda "Zirvə" idman klubunda məşqçi kimi fəaliyyət göstərirəm.

- Bir vaxtlar məşqçiliklə bağlı gözləməyinizi məsləhət görmüşdülər. Bir xəbər çıxmadı?

- O məsələ olduğu kimi unuduldu. Sanki verilməmiş söz kimi... Düzü, o sözü verənlər özləri indi haradadırlar, Allah bilir. Çətin vəziyyətdə qalmışdılar və sonradan yoxa çıxdılar.

- Həmin qalmaqaldan sonra federasiya rəhbərliyindən kiminləsə görüşmüsünüz?

- Səmimi deyim ki, heç kimlə görüşmədim. Çünki qəbul edən olmadı. Amma qeyd edim ki, idmandan ayrılmaq istəmirəm. Heç olmasa, karyeramı məşqçi kimi davam etdirim. Niyyətim federasiyaya kömək etmək, məşqçi kimi fəaliyyət göstərməkdir.

- Klubda işləriniz necə gedir? Tələbələrinizlə istədiyiniz kimi məşğul ola bilirsinizmi?

- Tofiq Heydərova ömür boyu minnətdar olacam. Mənim idmana qayıtmağıma səbəb olub. Qayıtdım, söz verdiyim kimi özümü doğrultdum. Bilirsiz ki, ikinci dəfə dopinq məsələsində “vuruldum” və karyeramı idmançı kimi bitirməli oldum. Amma yenə də Tofiq müəllim məni dəstəklədi, məşqçi kimi fəaliyyət göstərməyimə şərait yaratdı.

- Bəs məşqçilikdə problemlə üzləşdinizmi?

- Hələ ki, bu sahədə körpə uşaq kimiyəm. Əlbəttə, böyüdükcə çətinliklər də olacaq. Ümid edirdim ki, yığmada məndən məşqçi kimi istifadə edərlər.

- Haqsızlıqlara baxmayaraq, Zülfüqar Süleymanovu uğurlu bir idmançı kimi tanıdıq. Bəs o ugurları məşqçilikdə nə vaxt, hansı zaman müddətinə təkrarlaya bilərsiz? Məşqçi kimi özünüzü necə qiymətləndirirsiz?

- Məşqçi özünü doğrultmaq üçün lazımi idmançını kəşf etməlidir. Məşqçi bu tapıntıya nə qədər qısa zamanda rast gələrsə, o andan etibarən minimum 3 il sonra artıq meydana atılıb bizdə varıq deyə bilər. Bilirsiniz ki, idmanla məşğul olan çox olur, onların arasından biri seçilir. Məşqçi təcrübəsi sayəsində o seçilmiş idmançıdan nəticə əldə etmək üçün istifadə edir.

- Hazırda neçə tələbəniz var?

- 3 tələbə - 2 oğlan, 1 xanım.

- Bu idmana maraq necədir? Tərəqqi var, ya yox?

- Maraq, demək olar ki, əhatə dairəmizdən kənarda deyil.

- Necə ki?

- Tanıdığımız, bildiyimiz birini ancaq cəlb edə bilirik. Hardansa təsadüfən kimsə bu növü seçmir. Təəssüf ki, səbəb valideynlərin yanlış məlumatlandırılmasıdır. Düşünürlər ki, boyu bəstə qalır. Buna görə də hamı bu idmandan uzaqlaşır. Bu belə deyil. Doğru tədris edilməlidir. Bu idman əsl kişi işidir. Dastanlarda oxumuşuq, igid ərənlərimiz pəhləvan olmaları ilə öyünüblər. Daş qaldırıblar. Biz də vaxtında uşağı idmana cəlb etsək, ağır çəkilərin öhdəsindən gəldikdə onda gələcəkdə inam da artar, güvən də... Normal insan maksimum 20 kq qaldırar. Bu növdə 265-270 kq qaldıranlar var.

- Bəs xanım idmançının ailəsini necə razı sala bilmisiz?

- Xanım tələbəm əvvəllər də idmanla məşğul olub. Karate üzrə Avropa çempionudur. Orada karyera qura bilməyib. Mən də təklif etdim ki, bu növdə sınayaq. Çox düşündükdən sonra qəbul etdi. İndi ilk yarışına çıxacaq. Azərbaycan çempionatında iştirak edəcək.

- Bu növlə məşğul olması üçün təklif etdiyiniz zaman nə cavab verdi? Bacarmaram deyə tərəddüdü oldumu?

- Təbii ki, ilk təklif etdiyim zaman xanım kimi qorxurdu. Tərəddüd də o səbəbdən idi.

- Tələbələrinizdən nə gözləyirsiniz? İstəniləni verə biləcəklərmi?

- Əlbəttə ki, hər məşqçi yetirmələrindən yüksək nailiyyətlər istəyir və gözləyir, bu, təbii haldır. Amma mən reallığı seçirəm. Zaman ən yaxşı cavabı verəcək.

- Maraqlıdır, bir neçə dəqiqədir tələbələriniz haqqında danışırıq. Amma heç adlarını çəkmədiz. Yoxsa Zülfüqar Süleymanov o idmançıları bütün idmansevərlərə sürpriz edəcək?

- Mənim üçün də sürpriz olmasını gözləyirəm. Ad çəkmək asandır. Qoy özləri idmançı kimi adlarını duyurmağa çalışsınlar.

- Tələbələrinizi seçərkən onlarda ilk öncə nəyə diqqət edib, önəm verirsiz?

- Ürəkli olsun. Girdiyi ağırlığın altında ürəkli olmalıdırlar ki, uğur əldə edə bilsinlər. Qorxsa, onsuz da onun altına girməyəcək. İnşallah, qismət olsa, axtardığımı taparam. Əsas idmançıda məqsəd olsun, məsuliyyət olsun.

Bunlar olmasa, nəticə əldə etmək haqqında düşünməyə dəyməz. Mən şəxsən bu idmana gələndə inanın Allaha ki, 2008-ci ilin olimpiya oyunlarında iştirak etməyi qarşıma məqsəd qoymuşdum. Və öz-özlüyümdə nail oldum. Vahid Nəzərov olmasaydı, real olaraq nail olacaqdım. Tələbələrimə də bunu aşılayıram. Yaxın real yarışı göstərib onu hədəf seçməsini təklif edirəm.

- Məşqçi psixoloq funksiyasını da yerinə yetirməlidir. Siz bu barədə nə düşünürsüz?

- Razıyam. Çünki məşqçi doğru cümlələrlə tələbədə özünə inam yaratmalıdır ki, işin öhdəsindən gələ bilsin.

- Bu funksiyanı nə dərəcədə yerinə yetirirsiz?

- O suala tələbələrim tam yetişdikdən sonra onlardan doğru cavab ala bilərsiz.

- Hafiz Süleymanovun məşqçiliyi ilə bağlı nə düşünürsüz?

- Müəllimimdir. Məni Hafiz müəllim yenidən yaratdı. 2008-ci ildə ağır atletika olimpiadada fiaskoya uğradı. Mən də “bu idman bitdi” dedim. O zaman Hafiz müəllim Rusiyada idi. Mənimlə şəxsən məşğul olmağa başladı. Düzgün məşq kursu keçdik. 6 ay sonra ilk medalı - Avropa ikinciliyini əldə etdik. Daha 4 ay sonra toplanış zamanı qeyri-rəsmi şəkildə dünya rekordu müəyyənləşdirdim. 62 kq-da 325 kq nəticə əldə etdim. Çox təəssüf ki, bunu davam etdirə bilmədim. Xatırlayırsınızsa, müsahibəmdə bu barədə demişdim (http://publika.az/p/31719, http://publika.az/p/33016).

- Bunu qardaşı olaraq yox, bir peşəkar olaraq qiymətləndirmənizi istəyəcəm. Onun məşqçi kimi hansı çatışmayan cəhətlərini görürsüz?

- Bu sahədə yetərincə təcrübəyə malikdir. Onun qədər (staj baxımından) ikinci təcrübəli məşqçi Azərbaycanda yoxdur. 3 ölkənin milli yığma komandasının üzvü olan şəxsdir. Təcrübəli məşqçilərlə işləyib. Heç kəs burda onun kursunda çatışmazlıq tapa bilməz. Az müddətdir qadınlardan ibarət yığma komandayla işləyir. Nəticə göz qabağındadır. Qardaşı olaraq demirəm. Bir idmançı kimi təsvir edirəm.

- Bəs kişilərdən ibarət milli komadanın hazırkı durumu ilə bağlı nə düşünürsüz? Millimizi istənilən səviyyəyə - yəni uğurlu nəticə verən komanda halına gətirmək üçün nə etmək lazımdır?

- Onları doğru insanlar idarə etməlidir, ustalıqla işi bilən. Əsas hədəf maddiyyat olmamalıdır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm