“Mançester Siti”də Qvardiola dövrünün sürətli futbolu itir: Komanda böhrana sürüklənir
Bizi izləyin

İdman

“Mançester Siti”də Qvardiola dövrünün sürətli futbolu itir: Komanda böhrana sürüklənir

“Mançester Siti”də Qvardiola dövrünün sürətli futbolu itir: Komanda böhrana sürüklənir

“Mançester Siti”nin son illərdə rəqiblərini çətin vəziyyətə salan sürətli ötürmələrə və hücum futboluna əsaslanan oyun üslubu əvvəlki effektivliyini itirir. Enzo Mareskanın rəhbərliyi altında mövsümə uğurlu başlayan komanda son həftələrdə gözlənilən nəticələri qazana bilmir.

Publika.az xəbər verir ki, bu barədə “BBC Sport”un “Mançester Siti” üzrə müxbiri Şamun Hafiz yazıb.

“Şəhərlilər” Çempionlar Liqasının Liqa mərhələsində “Napoli” ilə ev oyununda 2:2 hesablı heç-heçə ediblər. Rasmus Höylund və Noa Lanqın qolları ilə iki dəfə hesabda önə keçən İtaliya təmsilçisinə qarşı Mançester klubu yalnız matçın sonlarında Rayan Şerkinin qolu sayəsində məğlubiyyətdən qaça bilib.

Mareskanın komandası topa 62,7 faiz sahib olub və 665 ötürmə edib. Lakin bu göstəricilər hücumlarda lazımi kəskinliklə müşayiət olunmayıb. Ötürmələrin 303-ü rəqibin cərimə meydançasına yaxın ərazidə edilsə də, “Siti” real təhlükəli vəziyyətlər yaratmaqda çətinlik çəkib.

Komanda bütün turnirlərdə son yeddi oyunun yalnız birində əsas vaxtda qələbə qazana bilib. Müdafiədəki problemlər də davam edir: “Mançester Siti” ardıcıl 10 matçdır qol buraxır, bu görüşlərin yeddisində isə ilk qolu rəqib vurub.

Şotlandiyanın sabiq futbolçusu Pet Nevin komandanın oyununu tənqid edərək bildirib ki, “Siti” ilk hissədə olduqca darıxdırıcı və proqnozlaşdırıla bilən təsir bağışlayıb. Onun fikrincə, komandanın ləng ötürmələri rəqib müdafiəçilərinə rahat şəkildə mövqe tutmağa imkan verir.

Erling Haalandın oyunu da diqqət çəkib. Mövsüm ərzində klub və milli komandada 20 qol vuran norveçli hücumçu “Fulhem” və “Napoli” ilə son iki qarşılaşmada fərqlənə bilməyib. “Napoli”yə qarşı matçda kapitan sarğısı ilə meydana çıxan forvard cəmi 14 dəfə topa toxunub. Bu, start heyətindəki futbolçular arasında ən aşağı göstərici olub.

Haaland isə qol imkanlarının çatışmadığını düşünmür: “Hesab edirəm ki, qol vurmaq üçün kifayət qədər şans əldə edirəm. Sonda qələbə üçün irəli atıldıq, amma bunu bacarmadıq. Bu, kifayət qədər yaxşı deyildi”.

“Mançester Siti” Çempionlar Liqasının turnir cədvəlində altıncı pillədə qərarlaşıb. Premyer Liqada isə komanda ardıcıl dörd oyundur qələbə qazana bilmir. “Şəhərlilər” növbəti turda səfərdə lider “Arsenal”la qarşılaşacaqlar. Haaland bu matçı mövsümün ən çətin səfər oyunu kimi dəyərləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm