Baş məşqçi: “Bütün məsuliyyət onun üzərində idi”
Bizi izləyin

İdman

Baş məşqçi: “Bütün məsuliyyət onun üzərində idi”

İyunun 26-da ordu günündə paralimpiyaçı cüdoçularımız hər əyarda medal qazanmaqla Azərbaycan xalqına böyük sevinc bəxş etdi. Yarışın 15-ci günündə tatami üzərinə çıxan olimpiyaçı cüdoçularımızdan fərqli olaraq paralimpiyaçılarımız Avropa Oyunlarında sözün əsl mənasında tüğyan etdi.

Hələ +90 kq çəki dərəcəsində çıxış edən 2 qat paralimpiya, 2 dünya və 5 qat Avropa çempionu əfsanəvi idmançımız İlham Zəkiyevin qələbəsi, himnimizi səsləndirməsi hər bir azərbaycanlının sevincini birə beş artırdı.

Təbii ki, bu cür qələbələr üçün idmançılara göstərilən qayğıdan əlavə yaxşı təlim-məşq və birlik lazımdır. Paralimpiyaçı cüdoçularımızın da yetişməsində komitənin cüdo üzrə baş məşqçisi İbrahim İbrahimovun da yeri danılmazdır. Biz də onun təəssüratlarını öyrənməyə çalışdıq.

İbrahim müəllim Publika.az-ın əməkdaşı ilə söhbəti zamanı bu cür sevinci sözlə ifadə etməyin çətin olduğunu bildirdi. Həmçinin baş məşqçi idmançılardan razı qaldığını, onun verdiyi bütün tapşırıqların öhdəsindən tam şəkildə gəldiklərini dedi:

- 3 paracüdoçumuzun üçünün də medal qazanması təbii ki, gözəl duyğudur. Bir məşqçi olaraq sizin təəssüratlarınızı öyrənmək maraqlı olardı...

- Sevincimi necə sizə çatdıracağımı bilmirəm. Çünki gərək bunu yaşayasan, hiss edəsən. Sözlə ifadə etmək çox çətindir. Bu gün üçün biz çox əziyyət çəkmişdik. Məşqlərimizi daha da gücləndirmişdik. Bu medallar üçün çalışmışdıq. Deyə bilərəm ki, hər 3 idmançımız mənim verdiyim tapşırığı tam yerinə yetirdi.

- Səbinə Abdullayevanın zədəsi vardı?

- Səbinə buradakı görüşdə dizindən zədələndi. Bundan əlavə də əvvəlcədən onun çiynindən zədəsi var idi.

- Səbin Abdullayeva da qızıl qazana bilərdi?

- Bizim yarışa çıxmamışdan öncə Səbinəyə tapşırığımız finala çıxması ilə bağlı idi. O da bu tapşırığı yerinə yetirdi. Finala qədər yüksəldi, gümüş medal qazandı. Elə Zakir Mislimov da üzərinə düşən işi yerinə yetirdi, qələbə qazandı...

- Bəs maraqlıdır, ən çox həyəcanı hansı idmançı tatami üzərində olarkən keçirdiniz?

- Əlbəttə, bir məşqçi kimi hər üçü yarışarkən çox həyəcanlanırdım. Ancaq etiraf edim ki, İlham Zəkiyev tatami üzərinə çıxarkən daha çox həyəcan keçirirdim. Ona görə ki, bütün məsuliyyət İlham Zəkiyevin üzərinə düşürdü.

- Zəkiyev ilk görüşə çıxdığı zaman qızılın gələcəyindən əmin idiz?

- Əmin idim. Mən bunu qaldığımız Olimpiya Kəndində yazmışdım. Qeyd etmişdim ki, İlham qızıl qazanacaq.

- Bir daha bir məşqçi kimi sizi, komandanızı və medal qazanan hər 3 cüdoçumuzu təbrik edirəm.

- Təşəkkür edirəm.

Aygün İlqarqızı

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm