“Biskvit baba”nın milyarder oğlu: “Oğluma da köhnə maşın almışam...” - MİLYONÇU
Bizi izləyin

Ekopublika.az

“Biskvit baba”nın milyarder oğlu: “Oğluma da köhnə maşın almışam...” - MİLYONÇU

O Türkiyənin ən varlı şəxsi sayılır. Sərvətinin həcminə görə, az qala Koçlarla yarışır. Məhsulları dünyanın 110 ölkəsinə ixrac olunur. “Forbes”in son dəyərləndirməsinə görə, sərvətinin həcmi 3,7 milyard dollardır. Söhbət “Ülkər” brendinin sahibi Murat Ülkərdən gedir.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində “Biskivit baba”nın oğlu Murat Ülkərin maraqlı müsahibəsini təqdim edir.

Murat Ülkər kimdir?

Murad Ülkər Türkiyədə “Biskivit baba” kimi tanınan Səbri Ülkərin oğludur. Krım, Aluşta əsillidir. Ailəsi "Dövlətlər" adıyla tanınırmış. Babası Hacı İslam Əfəndi Fateh müəllim işləyib. O, Trakyada krımlı mühacirlə evlənib. İslam Əfəndi Tekirdağ Sarayda işlədiyi zaman Balkan qarşıdurması səbəbindən İstanbula, oradan da Krıma qayıdıb. “Yıldız Holding”in yaradıcısı, M.Ülkerin atası Səbri Ülkər də 1920-ci ildə məhz Aluştanın Korbek kəndində doğulub. Ailənin Türkiyəyə gəlişi Krımda Sovet Hökumətinin qurulmasından sonra baş verib. Təzyiqlərdən bezən ailə 1929-cu ildə İstanbula köçüb. 1940-cı ildə Səbri Ülkər və qardaşı Asamın qənnadı sektoruna daxil olub. 1944-cü ildə də istehsal etdikləri məhsula “Ülkər” adını verərək marka kimi bazarda yerlərini tutublar. Onu da bildirək ki, indi 41 min nəfər işçisi olan holdinqin yaradıcısı Səbri Ülkər işə 3 nəfərlə gündəlik 200 kilo biskvit istehsal etməklə başlayıb.

Atasının yolu

Murad Ülkər Səbri Ülkərin üç övladından ən kiçiyidir. Litsey təhsilini İstanbul Erkek Liseyində, ali təhsilini Boğaziçi Universitetində alıb. 1982-ci ildə iş həyatına başlayan Murad əvvəl xaricdə müxtəlif peşə kurslarında oxuyub. İki il müddətinə Orta Şərqdə ixrac sahəsində işləyib. ABŞ və Avropada üç biskvit və şokolad-qida sektoru ilə bağlı 60-a qədər fabrik və müəssisədə araşdırmalar aparıb. Atasının şirkətində ilk işinə idarə koordinatoru kimi başlayıb. 2000-ci ildə “Yıldız Holdinq”in İcra Təşkilatının rəhbəri vəzifəsinə keçən M.Ülkər 2008-ci ildən İdarə heyətinin rəhbəri olub. Hələ də bu vəzifəsində qalır.

Murad Ülkərlə müsahibəni təqdim edirik:

- Şirkətdə sizə “bəy” deyə xitab edilməsini qadağan etmisiniz?

- Doğrudur. İstəyirəm hər kəs bir-birini öz adi ilə çağırsın.

- Səbəb?

- Çünki bir çox mədəniyyətlərdə onsuz da belədir. Bizdə də belə olmaması üçün səbəb yoxdur. Nəticədə hamımız fərdik, insanıq. Digər tərəfdən bizim mədəniyyətimizdə zadəganlıq yoxdur ki, bir-birimizə başqa ünvanla xitab edək.

- Yaxşı deyək ki, şirkətdə işləyən bir çayçı "Murad çayını gətirdim " desə necə olacaq?

- Nə necə olacaq, heç bir şey. "Sağ ol qardaş" deyib çayımı içərəm.

- Bu mədəniyyətin Türkiyədə yayılacağını düşünürsünüz?

- Məsələ də budur. Mətbuatda çıxan reaksiyaları görəndə bunun cəmiyyətə asan oturuşmağacağını anlayıram. Bir çox insan məni tənqid edir. Halbuki adım mənə qoyulan ən gözəl şeydir. Adımın əvvəlinə başqa şey əlavə etmək lazım deyil. Lakin ön mühakiməni parçalamaq, atomu parçalamaqdan daha çətindir! Bunu həddini bilməmək kimi dəyərləndirirlər. Təkcə türklər belə reaksiya vermir. Birlikdə işlədiyimiz amerikalılar da "Murad bəy, biz sənə necə Murad deyəcəyik" deyə sual verirlər.

- Rəsm kolleksiyanızın bir qismi iş yerinizdədir. Və bütün işçilərinizə açıqdır. Yəni kim istəsə götürüb, otağına asa bilər...

- Bəli, bu da təbii deyilmi? Ortada bir gözəllik var və şirkətin hər bir işçisi onu otağına asa bilər. Bu, məni ancaq xoşbəxt edər! Hətta bəzən tövsiyə edirəm. "Bax, sənin otağına yaraşar!" deyirəm. Tablonun və rəssamın xüsusiyyətlərini izah edirəm. Mən gözəl bir sənət əsəri ala bilmişəmsə bunu qapalı məkanda niyə gizlədim ki? Bir əsərə nə qədər tək mən baxacam? Ona görə paylaşmaq istəyirəm.

- Sizin eyni zamanda sosial şəbəkə aludəçiliyiniz də var...

- Bəli. Oğlanlarımdan keçib. Onlarla birlikdə olmaq, onları təqib edə bilmək üçün başladım. Ata kimi heç kim uşaqlarından geri qalmaq istəmir.

- Siz işçi qəbul edərkən "Yuxularını istəyirəm!" deyirsiniz. Bu bir az çox deyilmi?

- Deyil! Xoşuma gəlməyən insan tipləri var. Onlar düşünürlər ki, saat 6 oldu, iş bitdi, gedim əyləncəmə. Səhər işdə yatsam da olar, sonra qəhvə içib, yuxumu dağıdıb işə başlayaram. Mən lazım olanda 24 saat işi düşünən insanlarla işləmək istəyirəm. Hər vaxt deyil, amma bəzən yuxusuna haram qatanlarla işləmək istəyirəm! Bunu niyə söyləyirəm? Çünki mən yuxuda da işlə məşğul oluram.

- Küçəyə çıxanda sizi tanıyırlar?

- Tanımasalar daha yaxşıdır. Media şəklimi çox yaymasa tanımazlar!

- Atanız şirkəti əminizlə qurub və inkişaf etdirib. Amma sizin dövrünüzdə şirkət yüksəlib. Sizcə ən böyük müvəffəqiyyətiniz nə idi?

- Onlar hər şeyi qurub, hazır şəkildə təhvil verdilər. Mən də yelkənləri açılmış həmin gəminin sükanına oturdum, külək də məndən sarı əsincə yola düşdüm.

- “Yıldız Holdinq”i öz sahəsində dünyanın üçüncü böyük holdinqi vəziyyətinə necə gətirdiniz?

-"Təkcə mən etdim, oldu" deyil. Hər kəsin əməyi var, hər kəs işin bir ucundan tutub.

- Qərarları sizmi verirsiniz?

- Mənə bağlı müdirlərin və rəhbərlərin verdikləri qərarları təsdiqləyirəm və ya veto qoyuram. Səhv olanda bu səhvdir deyirəm. Amma düzgün yolu başa salmıram. Çünki doğru yolu özləri tapmalıdırlar...

- Bu qədər müvəffəqiyyətdən sonra necə belə təvazökar ola bilirsiniz? Heç qürurlanmırsınız?

- Lüğətdə “qürurun” sinonimi bilirsiniz nədir? Aldanmaq. Özümü aldatmağa niyə etibar edim?

- Yaxşı, hazırkı var-dövlətinizin xəyalını qurmuşdunuz? Yoxsa siz də bu qədərini gözləmirdiniz?

- Keçən gün atamın bir dostunu ziyarətə getdim. "İşlər necədir" soruşdu. Cavab verdim ki, "yaxşı". Dedi ki, “yaxşı deyirsən, hər kəs yaxşı deyir. Yaxşı nə deməkdir?" Cavab verdim: “Lampadan cin çıxsaydı, nə istəsən verəcəm, aç əlini desəydi belə, bunları istəmək ağılıma belə gəlməzdi!"

- Ortalıqda görünmürsünüz və diqqət çəkməyən həyat sürürsünüz. Niyə özünüzü geri çəkirsiniz?

- Mən “Ülkər” satıram, Murad Ülkər yox!

- Belə başa düşdüm ki, açılışlara, dəvətlərə getməkdən xoşunuz gəlmir.

- Mən öz açılışlarıma belə getməmişəm. Xarakterimə uyğun deyil.

- Ərəbcə də bilirsiniz...

- Bəli. Öyrənməyi çox istədim, öyrəndim də... Amma genişləndirmə imkanım olmur. Çünki ərəblərin hamısı İngiliscə bilir!

- Həqiqətən gündə iki pay pendirli tost yeyə bilərsiniz?

- Çox sevirəm pendirli tostu. Pendirli tostun Amerikada adı Texas Grilled Cheese-dir. Onun da dadı gözəl olur.

- Çox səyahət edirsiniz. Çıxardığınız nəticə nədir? Türklər haqqında nə düşünürlər?

- Bir çoxu tanımır.

- Öz təyyarənizlə səyahət edirsiniz?

- Yox. Şirkətdən kirayə götürürük.

- Təyyarə almaq istəmirsiniz?

- Xeyr. Alsam da köhnəsini alacam.

- Bir milyarder köhnə təyyarə alar?

- Niyə də almasın? Mənim gəmim də ikinci əldir.

- İnsanın bu qədər pulu, zövqü və estetik duyğusu varkən niyə ikinci əl gəmi alsın?

- Mən çox gözəl gəmilər almışam və təmir edib satmışam.

- Uşaqlarınızı necə yetişdirdiniz? Varlı övladları kimi?

- Yox. Amma zəngin uşaqlarıdır! Elə bir problemimiz var təəssüf ki. Çünki ataları varlıdır. Mənim atam mən böyüdüyüm zaman varlandı. Biz yoxluğu da, varlılığı da daddıq. Uşaqlarımsa, ancaq varlı həyat görüblər. Amma bizim evdə müxtəlif qaydalar var. Məsələn, gecə köməkçimiz yoxdur. İndiyə qədər heç olmayib da. Səhər qalxdığımız zaman kimsə olmur evdə. Hər kəs naharını özü hazırlayır. Bəzən mən onlara hazırlayıram. Bundan əlavə məsələn, böyük oğlumun müəyyən bir gəliri var. "Bu dükanın pulunu sən ala bilərsən" deyirəm. Oradan pulunu yığır. Xərcliyini edir.

- Üç uşağınıza vermək istədiyiniz təməl duyğu nədir? Mərhəmətli yoxsa vicdanlı olmaları?

- Məncə Allahın qulu olduqlarını bilsinlər bəsdir! Bazar günləri toplaşırıq hər kəs beynini məşğul edən şeyləri danışır. Sonra bütün ailə oturur həmin mövzuda söhbət edirik.

- Övladlarınız oğlandır yoxsa qız?

- Hamısı oğlan.

- Sizə bir qız övladı da yaraşar!

- Pişiyimiz, dovşanımız da oğlandır. Xoruzumuz var. Bir dənə toyuq aldıq. İndi də dovşana erkək dovşan axtarırıq. Pişiyə gəlincə, o qonşuya özü gedə bilir.

- Evin içində saxlayırsınız?

- Xoruz belə evin içinə girir. Gəlir qapını döyür içəri keçir.

- Nə etsələr uşaqlarınıza əsəbiləşərsiniz?

- Məni əsəbiləşdirən hərəkətlərə yol vermirlər. Amma israfa çox əsəbiləşərəm. Haqqı yeməyə də əsəbiləşirəm.

- Sizə var-dövlətinizi hər kəsin gözünə soxmamağı kim öyrədib?

- Elə bir şey öyrətməyiblər. Zənginliyi hər kəsin gözünə necə soxurlar, bilmirəm...

- Avtomobilinizin markası nədir?

- “Toyota” istifadə edirəm. “Toyota Cip”. Çox səs-küy salmır. Böyük oğluma da ikinci əl bu modeldən almışam.

- Niyə ikinci əl?

- Elə...

- Kişilər bahalı saatlara maraq göstərirlər. Sizin belə maraqlarınız var?

- Telefonlarda saat olduğundan saat istifadə etmirəm. Üzüyüm də düşür deyə onu xanıma vermişəm. Çünki bir neçəsini itirmişəm.

- Heç kimə hiss etdirmədən 5 vaxt namaz necə qılırsınız?

- Hiss etdirmədən etmirəm ki.

- Hiss etdirərək edirsiniz?

- Xeyr. Bağışlayın, tualetə gedəndə hər kəsə elan edirsiniz? Namazımı qılıram və geri qayıdıram. Dünyanın hər yerində ibadətinizə hörmət edirlər. Parisdə otağıma girəndə yatağımın üstündə səccadəni və qiblənaməni görürürəm. Təbii ki, namaz qıldığımı bildikləri üçün belə davranırlar.

- Yaxşı bir müdir kimi soruşuram - namaz iş məhsuldarlığını azaldırmı? Yığıncağın ortasında qalxıb namaza gedənlər var.

- Yığıncağın ortasında tualetə getmək qadağandır? “Otur, getmə", deyəcəyəm? Namaz vaxtı namazımı qıla bilməyəndə çox əsəbi oluram. Hətta yığıncağın səssiz-sədasız keçməsi üçün bu vacibdir. Ona görə də kiməsə etiraz etmirəm

- İqtisadi böhran sizə də təsir edibmi? Yoxsa insanlar stressdən daha çox şirniyyat yeyirlər?

- Əslində insanların biskvit ya da şokolad qəbul etməsinin stresslə bağlı deyil

- Məsələn mən stressdən daha çox yeyirəm.

- “Ülkər” olaraq sizə təşəkkür edirik o zaman!

- Bu qədər məhsul varkən, siz necə eyni kiloda qala bilirsiniz?

- Qala bilmirəm təəssüf ki. Kökəlirəm, sonra arıqlayıram.

- Uşaqlarınız kiçikkən onlara “Ülkər” məhsullarını yemələri ilə bağlı sərhəd qoymuşdunuz?

- Təbii. Biskvit və şokoladları evdə uşaqların bilmədiyi bir şkafa qoyurduq. Davamlı yemələrinə icazə vermirdik. İndi də müxtəlif qaydalarımız var. “Ülkər” Shopdan alırlar və pulunu verirlər. Bəzən pulsuz yeni çıxanlardan gətirirəm. Amma o birilər pulla satırıq...

Sonda onu da bildirək ki, Murad Ülkər tibb doktoru, prof. Asaf Atasevenin qızı Betül Atasevenlə evlidir. Yəhya (1993), Mustafa və Fateh (əkizdirlər, təvəllüdləri 2000-ci il) adlı üç oğulu var. Evliliyinin məhəbbət, yoxsa məntiq üzərində qurulması yönündə suallara iş adamı belə cavab verir: “Həyat yoldaşımla ingilis dili kursunda tanış olmuşuq. Evliliyimizin əsası illər əvvəl qoyulub. 35 ildir evliyik. Biz bir-birimizi sevirik. Eşq fədakarlıqdırsa, bu var”. Etdiyi ən əhəmiyyətli fədakarlığa gəlincə “evlənəndən sonra harasa getməmişik. Yəni bal ayı əvəzinə qaynanaları istirahətə göndərmişik. Çünki çox yorulmuşdular. Həyat yoldaşıma dedim ki, harasa getsək, səs-küy, yol bizi yoracaq. İstanbul qədər gözəl yer yoxdur, qalaq burda, tətilə analarımızı göndərək. Gələcəkdə getdiyimiz hər səyahəti də bal ayı kimi qeyd edərik. Ona görə də indi hara getsək, bizim üçün bal ayıdır" deyə bildirir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm