Ekopublika.az
Yumurta yeyən Rusiya, kasıblaşan Avropa, 30 milyard qoyub gedən Ferrero – İQTİSADİ HESABAT
Yola saldığımız həftə dünya iqtisadiyyatı üçün gərgin keçdi. Düzdür, neftin qiyməti yenidən yüksəlməyə başladı, rublun məzənnəsi sabitləşdi. Amma nə Avropa, nə Rusiya, nə də Ukrayna iqtisadiyyatlarının göstəriciləri ürək açmadı. Bəlli oldu ki, Almaniyada yoxsulluq artıb, ruslar ərzağın bahalaşması səbəbindən yumurta yemək məcburiyyətində qalıb, ukraynalılar isə dollarla aldıqları əmlak kreditlərini qaytara bilmirlər. Yunanıstana gəlincə, Afina Avropa Birliyi ilə “buynuz döyüşünü” davam etdirir. “Nutella”nın “atası” Ferrero vəfat etdi. Özündən sonra nə az, nə çox 30 milyard dollara yaxın sərvət buraxıb getdi.
Başlayaq son bir ayın gündəminə çevrilən Yunanıstanın borclarından. Həftə ərzində ölkənin borcları müzakirə mövzusu olaraq qaldı. Avropalı tərəfdaşları bir tərəfdən Yunanıstanın kəmər sıxma proqramını uzatmasına, digər tərəfdən də ölkənin Avro Bölgəsindən çıxmasına maneə törətməyə çalışdılar. Rəsmi Afinanın birliyi tərk etmə ehtimalı isə bazarlarda fırtına qopardı. Birjalar çərşənbə axşamını sərt enişlə bağladılar. Həftənin sonuna doğru Avropa Mərkəz Bankı (AMB) Yunanıstan banklarına veriləcək təcili likvid dəstəyinin həcmini 68 milyard avro etdi. Amma bu da işə yaramadı. Çünki bütün hallarda mart ayının sonuna Yunanıstan 10 milyard avro həcmində borc qaytarmalıdır. Hansı ki, bura Beynəlxalq Valyuta Fonduna ödənəcək 1,5 milyard avrodan əlavə vədəsi gələn borclar daxildir.
Ukrayna iqtisadiyyatında da vəziyyət yaxşı deyil. Defolt riskiylə üz-üzə qalan ölkədə pul vahidi olan qrivna rekord sürətdə dəyər itirməkdədir. Beynəlxalq Valyuta Fondunun maliyyə dəstəyinə baxmayaraq, qrivna son bir ildə 75 faiz nisbətində geriləyib. Fevralın 5-də Mərkəz Bankın məzənnəni sərbəst buraxması isə vəziyyəti daha da pisləşdirib. Onu da bildirək ki, ötən il Ukraynada büdcə kəsiri 5 milyard dollar təşkil edib. Bu il də situasiyanın kritik olacağı deyilir.
Məsələnin başqa tərəfi dollarla alınan əmlak kreditlərinin xalqı pis vəziyyətə salmasıdır. Problemin həllinə çarə axtaran Ukraynadakı xarici, özəl banklar, eləcə də Mərkəz Bank artıq razılaşma imzalayıblar. Cəmi 13 bank kreditlərin yenidən qruplaşdırılmasını qəbul edib.
Xatırladaq ki, kreditlərin çoxu 2008-ci ildə alınıb. O zaman 1 dollar 5 qrivnaya bərabər olub. Qısa zamanda 10 qrivnaya qədər yüksələn dollar bir müddət 8 qrivna həcmində sabitləşib. Lakin Rusiya ilə yaşanan böhrandan sonra dolların məzənnəsi 26 qrivnaya çatdı.
Ukrayna qrivnasının sərbəst eniş nümayiş etdirdiyi zamanda rus rublu çətin günlərini geridə qoyub. Vəziyyətin dəyişməsinin səbəbi də Ukrayna ilə atəşkəsə razılıq verilməsi, neftin qiymətinin yüksəlməsidir.
Həftənin bazar ertəsindən rubl avro və dollar qarşısında 2 faizə qədər dəyər qazanıb. Lakin Rusiyaya tətbiq olunan maliyyə sanksiyalarının bir müddət davam edəcəyi gözləndiyindən, rublun hələlik davamlı yüksəliş nümayiş etdirməsi gözlənilmir.
Bu arada Rusiyada əhalinin 20 faizi daha ucuz qidaları almağa başlayıb. 23 faizi isə bəzi ərzaqları almaqdan ümumiyyətlə imtina edib. Hazırda Rusiyada əhalinin 24 faizi yaxınlarından borc alaraq yaşayır. 22 faizi banklara müraciət edib. 11 faizi isə sərəncamında olan daşınar, daşınmaz əmlakı, şəxsi əşyalarını satıb. 13 faizi isə valyuta ilə yığımı ilə məşğuldur.
Rusların sözlərinə görə, son bir neçə ayda göyərti, meyvə, qənd, ət bahalaşıb. Məlum olub ki, son bir neçə ayda əhali daha çox yumurta alıb. Bu da sözügedən məhsulun qiymətinin daha ucuz olması ilə bağlıdır.
İngiltərədə inflyasiya azalmaqda davam edir. Ölkədə istehlak qiymətlərinin artımı son 55 ilin ən aşağı səviyyəsinə düşüb. Seçkilərə 3 ay vaxt qaldığı zamanda inflyasiya rəqəmlərinin proqnozlardan aşağı olması David Cameron hökumətini sevindirib.
Avropa Birliyinin ən böyük iqtisadiyyatı Almaniyada isə yoxsulluq dərin problemə çevrilməkdədir. Ölkə 1990-cı ildə iki Almaniyanın birləşdirilməsindən bəri ən kasıb günlərini yaşayır. Son hesabatlara əsasən 2012-ci ildə 15 faiz olan yoxsulluq nisbəti 2013-cü ildə 15,5 faizə yüksəlib. Bu nisbət Almaniyanın şərqində daha yüksəkdir. Bölgə əhalinin 23,6 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Berlində yoxsulluq 21,4, Bavyerada 11,3 faiz təşkil edir. Ölkədə xalqın 15,5 faizi 892 avro müəyyən edilən yoxsulluq sərhədinin altında qazanca sahibdir. Yoxsulluğun ən çox vurduğu kateqoriya isə gənc ailələr, təqaüdçülər, mədən işçiləridir.
Acınacaqlısı isə odur ki, alman iqtisadiyyatındakı iqtisadi artım da bu vəziyyətə çarə deyil.
Fransaya gəlincə, istehlak indeksi 1,1 faiz geriləyib. İllik əsasda inflyasiya 0.4 faiz təyin olunub. Neftin qiymətindəki eniş enerji sektorundakı qiymətlərə 7.1 faiz nisbətində təsir edib. Statistika İnstitutunun məlumatına görə, bu geriləməyə ölkə daxilindəki endirimlərin də təsiri olub.
İş dünyası
Yola saldığımız həftə iş dünyası daha bir milyarderi itirdi. Belə ki, “Nutella”nın “atası” Mişele Ferrero dünyasını dəyişdi. Onun vəfatı arxasında qoyduğu nəhəng şirkətlər qrupunun gələcəyini gündəmə gətirdi. Məlumat üçün bildirək ki, Ferrero 50-ci illərdə atasının ona vəsiyyət etdiyi şirniyyat evini inkişaf etdirərək bazarlara şokoladlı fındıq əzməsi olan “Nutella”nı təqdim edib. Bu gün onun şirkəti İtaliyada maliyyə böhranından ən az zərər görən barmaqla sayılacaq şirkətlərdən biridir. Ölkədə 11 fabriki olan qrupun illik dövriyyəsi 8,4 milyard avrodur. Bu vəsaitin 1,7 milyard avrosu “Nutella”dan əldə edilən qazancdır.
Məşhur “Forbes” jurnalına görə Ferrero ailəsinin sərvəti 20 milyard avro ətrafındadır. İtalyanın ən zəngin ailəsi dünya milyarderlərinin siyahısında 30-cu sırada yer alır.
Ötən dəfə bəhs etmişdik ki, dünyanın ikinci böyük bankı olan “HSBC” vergi qaçaqmalçılığına günahlandırılır. Vergidən yayınma və pul gizləmə qalmaqalına artıq İsveçrə prokurorluğu da qarışıb. Bankın şöbələrində aparılan axtarışlar nəticəsində bir çox sənədlərə, kompüterlərə həbs qoyulub.
İddialara görə, “HSBC” bankı müştərilərinin milyonlarla dollar vergidən yayınmasına vasitəçilik edib. Əldə edilən sənədlər nəticəsində həmin müştərilərin 3105 nəfərinin “HSBC”-nin Türkiyədə tərəfdaş olduğu banka 3.5 milyard dollar yatırtdığı ortaya çıxıb.
Nəhayət xoş xəbər. Avropada avtomobil bazarı 2015-ci ilə sürətli başlayıb. İtaliya və İspaniyada satışlar rekord qırıb. İspaniyada avtomobil satışları 27,5 faiz, İtaliyada 11 faiz artıb.
Avropalı avtomobil istehsalçıları arasında Almaniyanın “Wolkswagen” markası 25,5 faiz bazar payı ilə liderliyini davam etdirir. İkinci sırada Fransa istehsalçısı “PSA Citroen” gəlir. İstehsalçının bazar payı 10,8 faizdir. “Renault” 9,5 faiz payla üçüncü sıradadır.
Nəhayət, Azərbaycan. Makroiqtisadi göstəricilərimiz yenə “cəh-cəh” vurur. Azərbaycanda istehlak bazarı 10%-ə yaxın artıb, yanvarda ictimai iaşə dövriyyəsinin həcmi 15%-ə yaxın çoxalıb, xarici ticarət əməliyyatlarının həcmi 2 milyard dollara çatıb. Ötən il ərzində ölkənin xarici öhdəlikləri 6,9 faiz artıb.
Həftənin ən şad xəbəri təqaüdçüllərə verildi. Artıq onlar pensiyalarını başqa bankların bankomatlarından da götürə biləcəklər. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin dediyinə görə, əvvəllər pensiyalar götürülən zaman bankomatların qarşısında növbələr müşahidə olunurdu. Onun sözlərinə görə, bu hal pensiyaların maliyyələşdirilməsində problem kimi qiymətləndirilməməlidir: “Bu, vətəndaşların maliyyələşmə günündə, yəni bir gündə bankomatdan öz vəsaitlərini nağd çıxarılması səbəbindən baş verir. Bu məsələnin tənzimlənməsi üçün DSMF müvafiq qurumlarla birgə iş aparır. Bu iş iki istiqamətdə aparılır. İlk növbədə, problemin yumşaldılmasını nəzərdən keçiririk və plastik kart sahiblərinə müxtəlif bankların bankomatlarından istifadə etmək imkanının yaradılması barədə düşünürük. Banklar arasında interfeys əlaqəsinin gücləndirilməsi hesabına pensiyaçılarımız plastik kartdan müxtəlif bankların bankomatları vasitəsilə pensiyalarını əldə edə biləcəklər. İkincisi yol isə nağdsız ödəniş şəbəkəsinin genişləndirilməsi və pensiyaçılar arasında bu sahədə təşviqatın aparılmasıdır”.
Həftə ərzində quşçuluq müəssisələrinin sahibləri də boş dayanmadılar. Yığışıb mətbuat konfransı keçirərək istehsal olunan quş ətinə maye vurularaq çəkisinin artırılması barədə mətbuatda yer alam məlumatları təkzib etdilər. Ətlərinin təmiz olduğunu söylədilər. Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev dedi ki, quşçuluq təsərrüfatlarının yaradılmasına və müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasına verilən 110 milyon manat güzəştli kredit quşçuluğun inkişafını təmin edir: “Nəticə olaraq sənaye quşçuluğunun illik istehsal gücü 100 min tonu ötüb, quş əti istehsalı 2010-cu ilə nisbətən 1,5 dəfə artaraq 2014-cü ildə 99,4 min tona, o cümlədən sənaye üsulu ilə 3 dəfə artaraq 64,1 min tona çatıb. Bu dövrdə yumurta istehsalı 1,3 dəfə artaraq 2014-cü ildə 1,6 milyard ədəd təşkil edib. Yüksək keyfiyyəti ilə seçilən yerli quşçuluq məhsulları daxili bazara yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunur”.
Məndən bu qədər.
Leyla Əliyeva
-
Region15:35
Erməni əsgərə hədiyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
-
Rəsmi xronika15:07
Prezidentdən Azərbaycanla bağlı mühüm mesaj: Daha böyük coğrafiyada...
-
Sosial15:05
Yeni qanun: Azərbaycanda bu şəxslərə ilk dəfə işə girəndə 6 min manat veriləcək
-
Rəsmi xronika14:47
İlham Əliyev Cəbrayılda açılışda iştirak etdi - Yeniləndi
-
Qoroskop14:00
Ən təhlükəli 4 bürc - Özünüzü onlardan qoruyun
-
İdman12:36
Baləli "Qarabağ"ı tənqid etdi: Belə davam edə bilməz - MÜSAHİBƏ
-
Dünya11:28
MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?
-
Nida Xəbər 10:58
Ziya Məmmədovun oğlu ziyana düşdü: 1,4 milyon manat...