İslamiadanın bağlanış mərasimi başa çatdı - CANLI YAYIM (YENİLƏNDİ) - - FOTOLAR
Bizi izləyin

İslamiada

İslamiadanın bağlanış mərasimi başa çatdı - CANLI YAYIM (YENİLƏNDİ) - - FOTOLAR

Hazırda Bakı Olimpiya Stadionunda böyük tamaşaçı izdihamı yaşanır.

İslamiadanın bağlanış mərasimi başa çatıb.

Publika.az xəbər verir ki, beş müğənni - Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar əsas və yan səhnələrdə ifa ediblər.

Müğənni Tünzalə Ağayeva yan səhnədə “Sürət – 2017 Azərbaycan Qran Pri” mahnısını ifa etdiyi zaman, 30 səhnə iştirakçısı Bakı Şəhər Halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs ediblər. Sonra, o, əsas səhnədə iki mahnı -“Salam Bakı” – “Bakı 2017” könüllülərin himni və “Mən Azərbaycanlıyam” mahnıları ilə “Birlik” konsertini başa çatdırıb. Konsert stadion üzərində atəşfəşanlıqla başa çatıb.

Bağlanış mərasimində bütövlükdə 15000 pirotexnik qurğudan istifadə edilib.

***

Hazırda mərasim tanınmış musiqiçilərin ifaları ilə davam edir. Konsert təqribən saat 23:30-da yekunlaşacaq.

***

Daha sonra çıxış edən İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdüləziz Al Nasser vurğulayıb ki, bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycanın Birinci vitse-prezidenti və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün olub.
Faisal Abdüləziz Al Nasser İslam Həmrəyliyi İdman Federasiyası adından idmançılara Oyunlarda iştirak etdiklərinə, könüllülərə “Bakı-2017”yə verdikləri töhfəyə və Azərbaycan xalqına göstərdiyi fədakarlığa, çox böyük qonaqpərvərliyə görə təşəkkürünü bildirib:
“Dörd ildən sonra “İstanbul-2021” Oyunlarını qeyd etmək üçün bir daha bizə qoşulmağınızı səmimiyyətlə arzulayıram. Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!”.
Sonra Monitorlarda 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərindən görüntülərin, idman qurğularının əks olunduğu videoçarx nümayiş etdirilib.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri İslam Həmrəyliyi İdman Federasiyasının bayrağını endiriblər.
İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser bayrağı Türkiyənin gənclər və idman nazirinin müavini, “İstanbul-2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edib.
Daha sonra Türkiyənin dövlət himni – “İstiqlal marşı” səsləndirilib və Azərbaycan bayrağının yanında qardaş ölkənin bayrağı qaldırılıb.
Tədbiri rəsmi hissəsi yekunlaşdıqdan sonra bağlanış mərasimi “Birlik” konserti ilə davam etdirilib.

Vasif Həsənli

***

Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış üçün səhnəyə dəvət olunub.
Müstəqil Azərbaycanın növbəti beynəlxalq qələbəsi – IV İslam Həmrəyliyi Oyunlarının başa çatması münasibətilə hamını təbrik edən və təşəkkürünü bildirən Mehriban Əliyeva deyib ki, son 10 gün ərzində İslam aləminin idmançıları idman, dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəliblər:
“Onların mübarizliyi və fədakarlığı həqiqətən valehedici oldu. Onların çıxışlarını seyr etmək böyük hisslər yaratdı”.
İdmançıları nailiyyətləri münasibətilə təbrik edən və İslam aləminin tamaşaçılarına verdiyi sevincə görə onlara təşəkkürünü çatdıran Təşkilat Komitəsinin sədri ümidvar olduğunu bildirib ki, atletlər Bakıdan bütün həyatları boyu unutmayacaqları ən xoş xatirələrlə ayrılacaqlar.
Azərbaycan komandasının ümumilikdə 162, o cümlədən 75 qızıl medal qazanaraq, medallar cədvəlində birinci yer tutaraq, xalqımızı bir daha fərəhləndirdiyini vurğulayan Mehriban Əliyeva idmançılarımıza müraciətlə deyib ki, onların fədakarlığı və ustalığı həmvətənlərimizi ilhamlandırır və gələcək nəslə ən parlaq nümunə kimi xidmət edəcək:
“Son 10 gün ərzində burada, Bakıda bizim üçün və hamı üçün əsl qələbə bu Oyunlarda gördüyümüz İslam aləminin həmrəyliyi oldu. Olduqca fərəhləndiricidir ki, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Biz hamımız gələcəkdə bu ülvi missiyanın davam etdirilməsi üçün yorulmadan çalışmalıyıq”.
Oyunların uğurlu olmasında könüllülərin böyük rolunu qeyd edən Mehriban Əliyeva onları İslamiadanın geniş qəlbi adlandırıb və gördükləri işlərə görə hər birinə minnətdarlığını ifadə edib:
“Mən məmnuniyyətlə elan edirəm ki, növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. Biz türk qardaş və bacılarımıza böyük müvəffəqiyyətlər arzulayırıq”.
Daha sonra Mehriban Əliyeva dördüncü Bakı İslam Həmrəyliyi Oyunlarını bağlı elan edib.

Vasif Həsənli

***

Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi bağlanış mərasimi başlayıb.

Publika.az xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin və digər rəsmi şəxslər iştirak edir.

Mərasim Azərbaycanın üç rəngli dövlət bayrağının stadionda dalğalandırılması və Dövlət Himninin səsləndirilməsi ilə start götürüb. Daha sonra stadiona yarışda iştirak etmiş ölkələrin komanda üzvləri təşrif buyurub.

İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlər öz ölkələrinin milli bayraqları ilə stadiona daxil olurlar. Bağlanış mərasimində Azərbaycanın bayraqdarı İslam Həmrəyliyi Oyunlarının cüdo üzrə qızıl medalçısı Elxan Məmmədovdur.

Paradı ev sahibi olan Azərbaycan atletləri tamamlayıb. Tamaşaçılar Oyunlarda möhtəşəm qələbə qazanmış idmançılarımızı ayaq üstə, sürəkli alqışlarla salamlayıblar. Bu mərasim “Amarok” qrupunun ifasında “Naxçıvan halayı” ilə müşayiət olunub. İdmançıların paradı zamanı Tünzalə Ağayeva, Samirə Allahverdi, Samirə Əfəndi, Hafex & Sahil Umud, Nigar Camal, Aygün Kazımova, Rilaya, Diana Miro populyar Azərbaycan mahnılarını səsləndiriblər.

Xatırladaq ki, yarışlarda Əfqanıstan, Albaniya, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adalar, Kot d’İvuar, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qayana, İndoneziya, İran, İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Maldiv, Mali, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Sierra-Leone, Somali, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən və Azərbaycan idmançıları iştirak ediblər.

Onu da bildirək ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul olunub.
2015-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb. Ötən müddətdə Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara geniş hazırlıq görülüb. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata keçirilib. Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edib. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.
İdmanın 24 növ üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edib. Türkiyə 345 idmançı ilə birinci, İran isə 300 atlet üçüncü yeri tutur. Qaliblərə ümumilikdə 1600 medal təqdim edilib.
Oyunların proqramına daxil edilmiş 165 idman yarışı üçün 500 mindən çox bilet satışa çıxarılıb.
Açılış və bağlanış mərasimlərinin təşkilində 31 müxtəlif ölkədən 5 mindən çox əməkdaş fəaliyyət göstərib. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə olunub.
“Bakı-2017”nin 24 beynəlxalq və 17 yerli səfiri, 8 yerli və 5 beynəlxalq sponsoru var. Rəsmi talismanlar - “İncə” və “Cəsur” Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının rəmzləridir.
IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan su səyahətinə aprelin 5-də Prezident İlham Əliyevin iştirakı ilə start verilib. Xəzərdən başlayan və Azərbaycanın 15 regionunu əhatə edən su səyahəti mayın 5-də Bakıda başa çatıb.
Dörd əsas dəyər - “Birlik”, “Sülh”, “Hörmət”, “Mükəmməllik” dəyərləri üzərində qurulan Oyunlar “Gücümüz həmrəylikdədir” devizi altında keçirilib.

Stadiondakı ekranlarda 10 günün unudulmaz anları, idman yarışlarından epizodlar nümayiş etdirilib.
Yarış epizodlarının nümayişi zamanı Azərbaycanın “Eurovision-2015” beynəlxalq mahnı müsabiqəsinə təqdim etdiyi “Hour of the Wolf” mahnısı səsləndirilib.
Səhnədə quraşdırılmış “Həyat ağacı”na su verilir və o, rişə atmağa başlayır. Ağacın ümumi uzunluğu 80 metr olan kökləri səhnənin kənarından çıxır.
Aktyorlar qrupu üç rəngdə - yaşıl, qəhvəyi və göy rəngdə 60 ipək zolaqla səhnəyə çıxırlar. Quşlar onların başları üzərində uçur və bu zaman ipək zolaqlar birləşərək gözəl mənzərə yaradır. Yaşıl rəng - meşələri, qəhvəyi - dağları, göy isə çayları təcəssüm etdirir.
İpək zolaqlar sonda Azərbaycan bayrağının formasını alır.
Mindən çox ağ hava şarı buludlara çevrilir və aktyorlar onları ip vasitəsilə hərəkətə gətirirlər. İpək zolaqlar Azərbaycanın yerdən çıxan əbədi odlarını əks etdirir.
Səhnə üzərində qanadlarının uzunluğu 3,4 metr olan 50 süni quş uçur.
“Şərəfli ölkə” adlanan bu səhnənin nümayişi zamanı Azərbaycan musiqi qrupu “Amarok” “İncilər” mahnısını səsləndirir.

Vasif Həsənli

***

Mayın 12-də Azərbaycanın ev sahibliyi ilə başlayan IV İslam Həmrəyliyi Oyunlarının bu gün axşam 68 min nəfərlik tamaşaçı tutan Bakı Olimpiya Stadionunda möhtəşəm bağlanış mərasimi öncəsi 40 dəqiqəlik konsert proqramı başlayıb.

Publika.az xəbər verir ki, konsertin aparıcıları tanınmış teleaparıcı Hüsniyyə Məhərrəmova və şoumen Murad Dadaşovdur.

Konsert musiqi və rəqs ifaları ilə davam edir.

Hazırda Bakı Olimpiya Stadionunda böyük tamaşaçı izdihamı yaşanır.

Qeyd edək ki, bir neçə dəqiqədən sonra IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başlayacaq.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin və digər rəsmi şəxslər iştirak edəcək.

Vasif Həsənli

Foto: Nurlan Gülməmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm