AKP rəsmisi: “Azərbaycan gerçək İslamı dünyaya göstərə bilir”
Bizi izləyin

İslamiada

AKP rəsmisi: “Azərbaycan gerçək İslamı dünyaya göstərə bilir”

"Azərbaycan özünün İslam aləmində olan böyük nüfuzunu dünyaya nümayiş etdirdi”.

“Qardaş Azərbaycan dövləti IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə, özünün İslam aləmində olan böyük nüfuzunu dünyaya nümayiş etdirib”.

Bu fikirləri Publika.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş sabiq deputatı, hakim partiyanın komissiya rəhbəri Mustafa Kabaqçı bildirib.

AKP rəsmisi deyib ki, Azərbaycan bu oyunlara ev sahibliyi etməklə həm də İslam dünyasının ayrılmaz və əhəmiyyətli parçası olduğunu sübut edib:

"İdman millətlərin bir-birini tanıması, sevməsi və sülhün təmin olunması üçün həyata keçirilən ən gözəl vasitədir. Bu oyunlarda Azərbaycan, Türkiyə və digər qardaşlarımızın qələbə qazanmasından son dərəcə sevinc hissi keçirdik. Azərbaycandan sonra V İslam Həmrəyliyi Oyunlarının da Türkiyədə keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. İnanıram ki, bu cür tədbirlər dünyada İslama qarşı aparılan kampaniyaların aradan qaldırılmasına səbəb olacaq”.

Türk siyasətçi vurğulayıb ki, Azərbaycan İslam dinini doğru və yüksək səviyyədə təmsil edən müsəlman dövlətlərindən biridir:

“Hər bir inancın dünyaya baxış pəncərəsi var. Dünyaya eyni pəncərədən baxan insanların öz aralarında həmrəylik nümayiş etdirməsi sevindirici haldır. Bu cür addımlara Azərbaycan və Türkiyənin təşəbbüs göstərməsi çox təqdirəlayiqdir.

Hesab edirəm ki, bu gün dünyada İslamı yüksək səviyyədə təmsil edən Türkiyə, Azərbaycan, Qazaxıstan kimi dövlətlər öndə getməli və İslam dinini gözdən salmağa çalışan qüvvələri yox etməlidir. Çünki gerçək İslamı yalnız Türkiyə, Azərbaycan, Qazaxıstan kimi dövlətlər dünyaya göstərə bilir. İdman isə bu addımın atılması üçün bir vasitədir”.

M.Kabaqçı təəssüf hissi ilə qeyd edib ki, indi dünyada İslam dininə qarşı xoşagəlməz kampaniyalar həyata keçirilir:

“Milyonlarla müsəlman əhalisinin sülhə tərəfdar olmasına baxmayaraq, bəzi marginal qüvvələr İslam dini adından sui-istifadə edərək, bu dini gözdən salmağa çalışır. Halbuki, İslam dini təmsil etdiyi coğrafiyada min illərlə sülhü təmin edib. İslam dini sülh dinidir və dünyanın bütün ölkələrində belə qəbul edilməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm