Yer üzündə daş tanrılar gəzişəcək
Bizi izləyin

Köşə

Yer üzündə daş tanrılar gəzişəcək

Leyla Sarabi

Leyla Sarabi

Bu gün futuroloqlar insana sonsuzluq qazandırıb, planeti zərrə-zərrə məhv etmək yolunda cəm olublar. Təəccüblənmədiniz deyilmi? Onlarsız da hər birimiz əli qanlı, ağzı qara Yer qatiliyik. Bu biçarələr sadəcə prosesi tezləşdirirlər. Necə? Bəlkə də cəmi 30 il sonra ətdən, qandan olan canımızı yarı maşın, yarı dəmir ruhsuzluğumuz əvəzləyəcək. İnsan oğlu özünün həm anası, həm atası, həm tanrısı olacaq. Beləcə yer üzündə buztək soyuq daş tanrılar gəzişəcək. Müqəddəs amalı uğrunda mübarizədən qopan transhumanistlər sonsuz həyata uyub, daş heykəl kimi hissiyasızlaşacaq. Planetin hər qarışı Yaponiyanın 800 heykəldən ibarət “dəhşət” parkına çevriləcək. Hələ zülmət gecələrdə göydəki Allah da qorxudan gözlərini, qulağını tutacaq.

Heykəl dedim, daş söylədim, ədalətsiz Qərbin vicdanı Kamyunu xatıladım. Kamyu deyirdi, bu dünyada ən çox heykəltəraşlar diqqətimi çəkir. Çünki onlar daşa nəfəs üfürüb, insana əsalət, laqeydlik bəxş edirlər. Zirvəyə ucalmağın yeganə yolu isə bu keyfiyyətlərdir.

Heykəltəraş dedim, incəsənət söylədim, can verdiyi hər daşa ruhunu hopduran Mikelancelonu xatırladım. Əfsanlərə görə, onun əlindən qopan daş parçaları o qədər gerçək, elə mükəmməl olurdu ki, hətta dizinə bir çəkic vuran kimi dil açıb danışırdılar. “Dəhşətli məhkəmə” freskasında İsanı saqqalsız, cüssəli yaratmışdı. İsa sanki peyğəmbər yox, qədim Elladanın idman tanrısı idi. Səbəbini soruşsanız, çox sadə... Sənətkar tanrı təsəvvürünü beləcə üzə çıxarmışdı. Elə bu Mikelancelo Musa peyğəmbəri də daş heykəldə yenidən var edəndə ona iki buynuz qoyur. Yox arvadı Musaya xəyanət etməmişdi, bütün qəbahət "İncil"in şərhində idi. Müqəddəs kitabda rəvayət edilir ki, Musa dağdan enəndə başının üzərində ya nur şüaları, ya da buynuz vardı. Peyğəmbəri gözləyən camaatın gözünü işıq seli elə tutur ki, buynuz və nur arasında ilişib qalırlar. Odur ki, Mikelanceloda suç axtarmayaq.

İşıq dedim, nur söylədim, dünya incəsənətinin qızıl əsrinin yaradıcısı Rembrandtı xatırladım. İncəsənətin işıq-kölgə Allahı Rembrandt rəssamlıqda öz üçbucağı ilə də məşhurdur. Portreti çəkilənin başı üstündən və sağ tərəfindən üzünə yönəlmiş işıq, burnunun sol kənarında üçbucaq kölgəsi yaradır. Bu ali məqamda üzü alışıb-yanan qəhrəmanın ən böyük bəzəyi həmin bu üçbucaqdır. Xoşbəxtlikdən gözünü üzünə doğru əyib, burnundan uzağı görməz olur.

Başı burun kölgəsinə qarışan dedim, ali məqama uyub, özünü unudanlar söylədim, lap özümüzü xatırladım. Rembrandtın müqəddəs işığı sanki bizim başımızdan heç çəkilmir, şəvə kimi qaranlıq gecələrdə də başımız burnumuzun sol böyründəki üçbucağa qarışır. Ol səbəbdən sənətkarı da, onun dünyasını da görüb, duya bilmirik. İncə sənətin məktəbini oxuyub, zərdən toz üfürən sənətşünasların qərinələr boyu dəyər yükü verməkdə çətinlik çəkdiyi sənət incilərinə göz qırpımında qiymət verib, məsxərəyə qoyuruq.

Müdrik dedim, zər qədri bilən söylədim, əti, qanı da, daşdan canı da sevilməyən elm adamlarını xatırladım. Axı biz fındıq beynimizlə alimi canlı da, heykəl kimi də xoşlamayan biçarələrik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm