"Bayquş" sindromu və ya Freydin çılpaq yuxu tərifi
Bizi izləyin

Köşə

"Bayquş" sindromu və ya Freydin çılpaq yuxu tərifi

Leyla Sarabi

Doğulandan yuxu dərdi çəkirəm. Aramızda gözdən iraq eşq ətri var. Mən onu gecələr çağırıram, o, özünü səhərlərə çatdırır. Biz boz səmada küləyin zorla bir yatağa atdığı yad buludlar kimiyik. Bir-birimizə isnişməyə başlayan kimi yaş olub axırıq.

Sevişmək dedim, Freydi xatırladım. Mən yuxunu ilk dəfə Freydin kitabında lüt görmüşəm. Ziqmund deyir, insanın bütün psixi prosesləri həzz prinsipinə tabedir. Çünki bir işə əl qoyanda, hər şeydən əvvəl ondan alacağı zövqün xəyalını qurur. Əksi ilə qarşılaşanda da mənfi emosiyalarda boğulur.

Bilirsiniz də, insan həzzinin ən üst qatı cinsi istəklərdir. Bu istəkləri ovutmağın ən münbit şəraiti yuxudur. Freyd nəfəsindən süd tökülən uşaqlar arasında araşdırma aparır. Aman Tanrım, doğulandan cinsimizin fərqindəymişik. Ana südündən doymayıb sinəsi üstündə yatmağımız isə allahdan əvvəl Erosa tapınmağımızın sübutudur. İndi sizə nədən danışım? 5 yaşlı oğlanın anası ilə bağlı gördüyü seksual yuxularındanmı, yoxsa ilk eşqin həzzindən məhrum qoyub anasının qatilinə dönən kabuslardanmı? Yaşmaqlanmayın, bu şüursuz duyğu hamınızla əkiz doğulub. Böyüdükcə gündəlik fikirlərimizin qırışını da yuxular ütüləyir.

Əlim vicdanımın üstündə çürüsün ki, heç vaxt yuxularımda fantastika aramırdım. Bir tanış gecə yatdı, səhər vergili oyandı. Yuxusuna qurban olduqlarım girmişdi. Hərdən ona qibtə eləyirəm. Bu fəzadan ilişib qalmağa bəhanəsi var. Ondan damla dilənənlərin məsumiyyətinə ikiqat ibadət edirəm. Lap hərdən də olsa, o rahat nəfəsdən udmaq istərdim. Amma gerçəklərdən agah olmam da məni vergilərdən azad etmir. Doğrudur, şüur sandığımda gizlətdiyim kirli paltarları yuxuda yuyub qurutduğuma əminəm. Amma kir sümürən bitlərim hər gün balalayır.

Ömrünün 3-cü baharında özünə ər tapmış baki qarının toy sabahı ölən ərinə bənzər yuxularımdan hər oyananda, Freydə məktub yazıram. Çöz düyünümü, qanımı içən bitlərimi bir-bir öldür. Mən özümü tanıya bilmirəm, sən bizi tanış elə. Eh Maestro, yuxu ilə gerçək arasında bir an var: nə tam yuxuda, nə də oyaq olduğun bir göz qırpımı. Onu hiss etmək üçün gərək sinirlərin solsun. Bilirsən, o an məndə çoxalıb. Hər dəfə də bir kişi qulağıma dərdlərimi pıçıldayır, ürəyim beynimdə çırpınır. Əminəm, o müəmma çox çəksə, insan ölər, amma mən hər dəfə sağ qalıram.

Artıq anamı da müqəvva kimi qaranlıq otağımda saxlamıram. Sevgisini havadan udmağı bacaran ağıllı yetimə dönmüşəm. Amma yenə fikirlərimi qucağıma basa bilmirəm. Mənə sükut ver.

Səndən yaxşısı olmasın, olmadı, olmayacaq, amma finli kolleqam qulağıma dedi ki, ən ağır psixozu yuxuda yaşayırıq. Yaxşı ki, o məqamda oyaq olmuruq. Yoxsa dəlilərə şəhərlər tikilər. Əmin deyiləm, Freyd, bəlkə də əsl yuxunu oyaq ikən görürük.

Nə qəribə dünyadır, insan yuxusunda allahlıq sevdasına düşür. İstəyəndə dünyanı ağ-qara görür, gözü alışmayanda hər yanı yeni rənglərə boyayır. Bəlkə də bu dünyada olmayan, ayıq gözlə görə bilməyəcəyimiz rənglər səpir ətrafına. Yeni dillər yaradır. Ətiri eşidə, dadı görə, musiqini qoxlaya bilir. Yəqin yuxu ölüm adlı ləziz filmin anonsudur. Sən o filmi görəndə hissələrin buxarlanıb kainata yayılır. Dönüb Tanrı olursan. Öz dünyanı istəyinə uyğun qurub, bu gün yerdən göyə yağış yağdırırsan, sabah aydan günəş doğurursan. İstəklərin, arzuların tükənəndə parçalarını bir-bir yığıb, bu dünyaya qayıtmağa can atırsan. Cəmi bir parçanı tapıb tam ola bilmirsən. Çırpınsan da, yorulsan da sən bugündən tanrısan ki, tanrısan.

Ziq, şəksiz, indi tanrısan. Elə sənin də kitabların göydən düşən müqəddəs qardaşları kimi bir işə yaramadı. Ümidim havada rəqs edən zərrələrinədir. Gücün çatsa, məni ”bayquş” sindromundan xilas et.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm